
May 30, 2025 | 14:02 Yeni nəşrlər
Vüsalə Nəsibovanın “Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri” adlı monoqrafiyası Azərbaycan folklorunun zəngin qolu olan Qarabağ folklorunun semantik aspektdən təhlilinə həsr olunmuşdur.
Kitabda Qarabağ bölgəsinə aid folklor nümunələri - bayatı, mif, əfsanə, inanclar və s. bədii nümunələr təhlil olunmuş, bədii-semantik, mifoloji xüsusiyyətləri araşdırılmışdır. Monoqrafiyada tədqiqata cəlb olunmuş xalq yaradıcılığı nümunələri təkcə bədii mətn səviyyəsində deyil, eyni zamanda dərin tarixi-kontekstual xüsusiyyətləri nəzərə alınaraq öyrənilmişdir. Müəllif Qarabağ folklor nümunələrini xalqın milli kimliyinin simvolu, mənəvi dünyagörüşü və xalq yaddaşı nümunələri kimi təqdim etmişdir.
Qarabağ folkloru yalnız poetik nümunələr deyil, eyni zamanda, bu qədim və tarixi torpaqlarda yaşayan xalqın mənəvi dünyası, bədii dünyagörüşü və milli mənəviyyatıdır. Kitab bu nöqteyi-nəzərdən Qarabağ folklorunun semantik xüsusiyyətlərini əks etdirərək xalqın ideoloji, psixoloji, sosial düşüncə və daxili dünyasındakı çalarları izah edir.
Monoqrafiyada Qarabağ bayatıları xalqın mənəvi kimliyinin simvolu kimi təqdim olunur. Bayatı təkcə folklor nümunəsi olmayıb, həm də xalqın poetik düşüncə sisteminin mənasıdır, quruluş baxımından sabit, məna baxımından zamanın bütün dəyişimlərini, dinamikasını özündə əks etdirən dördlük sistemdir, bir poetik janr kimi xalq etnopoetik düşüncəsinin ilk qaynaqlarındandır.
Hər bir xalqın mifologiyası onun milli kimliyinin əsasında durur, milli mentalitetin əsaslarını formalaşdırır. Kitabda Qarabağ bölgəsindən toplanmış mifoloji mətnlər əsasında Qarabağ folklorunda mifik kimliyin etik-mənəvi konseptləri müəyyənləşdirilmiş, mif mətnlərində təbiətə, onu təşkil edən ünsürlərin hər birinə “ekoloji baxış” təqdim olunmuşdur.
Qədim tarixə malik Qarabağ folklor mühiti pirlər, ocaqlar və ziyarətgahlarla zəngindir. Kitabda bu məkanlar haqqındakı materiallar öyrənilməklə onların hamısının bu və ya digər şəkildə “qurbanvermə” mərasimi ilə sıx bağlı olduğu göstərilir, bu ziyarətgahların qurbanvermənin ilkin ritual-mifoloji əlamətlərini bu gün də qoruyub saxlaya bilməsi diqqətə çatdırılır.
Qarabağ folklor mühiti Azərbaycan folklorunun bütün janr sistemini özündə inikas edir. Bu cəhətdən Qarabağda aşıq sənəti, xalq poeziyası ənənələri güclü şəkildə inkişaf etmiş, bu bölgədə həm görkəmli ifaçı və yaradıcı aşıqlar, həm də el şairləri fəaliyyət göstərmişdir. Kitabda bölgənin xalq yaradıcılığı ilə bağlı sənətkarlarından bəhs olunaraq “aşıq” və “el şairi” terminlərinin məna dairəsi müəyyən edilir, bölgə üçün xarakterik olan funksional -semantik xüsusiyyətlərinə diqqət yetirilir.
Novruz bayramı Azərbaycan xalqının ən qədim, ən zəngin və bu gün də böyük təntənələrlə qeyd edilən ümumxalq bayramıdır. Novruz bayramının ən mühüm xüsusiyyətlərindən biri onun bölgədən-bölgəyə rəngarənglik, müəyyən qədər fərqlilik kəsb etməsidir. Bu cəhətdən, zəngin təbiətə və mənəvi aləmə malik olan Qarabağ folklor mühitində keçirilən Novruz bayramları da özünəməxsus keyfiyyətlərə malikdir. Kitabda Qarabağ bölgəsinə məxsus mətnlər əsasında “padşah seçmə”, “şah bəzəmə”, axır çərşənbə ilə bağlı inanclar, falabaxma, “Yelləncək” oyunu və s adətlər tədqiqata cəlb olunmuş, bu bölgədə qeyd olunan Novruz adətləri ümumxalq bayramının, bütövlükdə Novruz mərasim kompleksinin tərkib hissəsi kimi araşdırılmışdır.
Monoqrafiyanın elmi redaktoru fil.e.d., prof. Seyfeddin Rzasoy, rəyçi fil.e.d.. dos. Qalib Sayılovdur. 262 səhifəli monoqrafiya “Elm və təhsil” nəşriyyatında çap olunmuşdur.
www.science.gov.az