
May 30, 2025 | 11:34 Mühüm hadisələr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Tünzalə Seyfullayeva Bakı Avrasiya Universitetində (BAAU) keçirilmiş “Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək” adlı tədbirdə çıxış edib.
Ölkəmizin elm və ictimai xadimlərinin, millət vəkillərinin, aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə Tünzalə Seyfullayeva təmsil etdiyi institutun Türk dünyasıyla bağlı apardığı araşdırmalarından bəhs edib, bir alim kimi gənclərin inkişafına hər zaman xüsusi diqqət və qayğı ilə yanaşdığını, onlara elmi və ictimai fəaliyyətlərində dəstək olduğunu vurğulayıb. Bildirib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafının və dünya arenasına çıxışının təminatçısıdır.
Tədbirdə, həmçinin BAAU-nun Filologiya fakültəsinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, professor Elmira Məmmədova-Kekeçin, həmin kafedranın dosenti Seyfəddin Altaylının, “Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri, BDU-nun müəllimi, siyasi şərhçi Mübariz Göyüşlünün, Millət Vəkili Ceyhun Məmmədovun, “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Elman Cəfərlinin və BDU-nun dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimovun çıxışları dinlənilib, verilən suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Bakı Avrasiya Universitetinin (BAAU) tərəfdaşlığı və Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Müasir İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilib.
www.science.gov.az