AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş faleristik və filatelistik materiallar
Mar 14, 2025 | 11:00 Mühüm hadisələr

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin Sərəncamına əsasən 2025-ci ilin sentyabr ayında Azərbaycan bəstəkarı, Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq və pedaqoq, tanınmış ictimai xadim, Xalq artisti, Dövlət mükafatları laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin 140 illiyi tamam olur.

Təqdim etdiyimiz qısa məlumatda Azərbaycan bəstəkarlıq məktəbinin banisi, fədakar ziyalı Üzeyir Hacıbəylinin xatirəsinə həsr edilmiş materiallar (stolüstü medal, döş nişanları, zərf və markalar) işıqlandırılıb. Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fonduna (MATM KTFMF) aid belə materiallar XX əsr faleristikası və filatelistikasını təmsil edir.

Muzeyin ikinci mərtəbəsindəki ekspozisiyada Üzeyir Hacıbəylinin anadan olmasının 80 illiyi münasibətilə zərb edilmiş stolüstü medal nümayiş edilir. Köməkçi Tarixi Fənn Materialları Fondunda qeydiyyatda olan bu medal (KTFM 809) 1966-cı ildə 531 ədəd tirajla Moskvada tompakdan zərb edilmişdir (diametri – 60 mm, çəkisi – 93,75 q). Medalın müəllifi P.A.Xryunovdur.

Medalın aversinin kənarlarına kiril əlifbası ilə: “Üzeyir Hacıbəyov 1895-1945”, mərkəzdə Üzeyir bəyin sola yönəlmiş büstü, reversə isə bəstəkarın məşhur “Koroğlu” operasından səhnə həkk edilib.

Üzeyir Hacıbəyliyə həsr edilmiş döş nişanları fondun faleristik materialları sırasındadır. “Üzeyir Hacıbəyli adına Azərbaycan SSR Dövlət mükafatı laureatı” döş nişanı (dairəvi formalı, KTFMF 655; şəkil 2), “Üzeyir Hacıbəyli adına simfonik orkestr. 60 il” döş nişanı (dairəvi formalı, KTFMF 655, şəkil 3) və dördbucaqlı formalı döş nişanında (kiril əlifbası ilə: “Ü.Hacıbəyov” yazısı ilə, KTFMF 1286, şəkil 4) bəstəkarın büstü təsvir edilmişdir. Azərbaycanlı dirijor və bəstəkar Niyazi Zülfüqar bəy oğlu Tağızadə (Hacıbəyov) bu təltiflərə layiq görülmüşdü.

Ötən əsrin filateliyasını təmsil edən materiallardan biri də Bakı poçtamtının xətti ilə çap edilmiş “Üzeyir Hacıbəyov” zərfi və markasıdır.

1995-ci ildə ağ rəngli kağızdan hazırlanmış zərfin sol tərəfində bəstəkarın büstü, Bakı poçtamtı“, “Üzeyir Hacıbəyov”, zərfin sağ tərəfində isə gümüşü rəngli (nominal: 250 m) markanın yuxarı hissəsində: “Üzeyir Hacıbəyov 1895-1945, 250 m”, mərkəzində bəstəkarın büstü və musiqi notları, ondan aşağıda: “1995”, “Azərbaycan poçtu” sözləri yazılmışdır. Zərfdə Bakı poçtamtının möhürü vardır.

2014-cü ildə Azərmarka şirkətinin xətti ilə “Qarabağın görkəmli xadimləri” silsiləsindən markalar çap edilmişdir. Belə markalardan biri də Ü.Hacıbəyliyə həsr edilmişdir. Markada bəstəkarın büstü, markanın nəşr ili (2014), nominalı (0,5 m), “Azərbaycan”, “Üzeyir Hacıbəyov 1895-1945” sözləri vardır.

2021-ci ildə akademik Nailə Vəlixanlı və Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və xatirə əşyaları Fondunun müdiri Rəna Səfərovanın tərtib etdiyi “Üzeyir Hacıbəyli” adlı kataloqda (Azərb.dil.) muzeyin fondlarında mühafizə olunan Üzeyir Hacıbəyli ilə əlaqədar 284 ədəd eksponat haqqında müfəssəl məlumat verilmişdir.

2022-ci ildə t.ü.f.d., dosent Sənubər Qasımovanın tərtib etdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri xatirə medallarında” adlı kataloqda (elmi redaktor: F.Cabbarov, Azərb. dil.) bəstəkara həsr edilmiş stolüstü medalın fotosu və məlumat çap edilmişdir.                

Bir əsrdən artıq yaşa malik olan Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında və fondlarındakı müxtəlif tarixi dövrlərə aid çoxsaylı materiallar Azərbaycan tarixi, mədəniyyəti, numizmatikası və d. elm sahələrini tədqiqində vacib əhəmiyyət kəsb edir.

Sənubər QASIMOVA, Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi Tarixi Fənn Materialları Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent

Aygün MƏMMƏDOVA, Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023