AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçi alim elmi-praktiki təlimdə məruzə edib
Dec 16, 2024 | 14:48 Mühüm hadisələr

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi ilə bağlı elmi-praktiki təlim keçirilib.

Təlimdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü “Dövlət qurumlarında Azərbaycan dilinin tətbiqi” mövzusunda çıxış edib.

Təranə Şükürlü Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd etmiş, bu sahədə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarını xatırlatmışdır. Dövlət başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır.

Dilçi alim vurğulayıb ki, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” müvafiq qurumlar qarşısında mühüm tələblər qoymuşdur.

Qeyd edilib ki, hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir. Bugünkü tədbirin Dilçilik İnstitutu ilə keçirilməsinin də məqsədi dövlət qulluqçularını dildən düzgün istifadə qaydaları, normalara əməl edilməsi, dilimizə yeni daxil olmuş sözlərin istifadə formaları barədə maarifləndirməkdir.

Təranə Şükürlü çıxışında rəsmi–işgüzar sənədlərdə ədəbi dilin normalarının qorunması, durğu işarələrindən istifadə, orfoqrafiya və orfoepiya normalarındakı yeniliklər ətrafında məlumat vermiş, nümunələrlə fikrini izah etmişdir.

Sonda mövzu ətrafında müzakirə aparılıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023