AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimatı olub
Dec 11, 2024 | 11:31 Mühüm hadisələr

Dekabrın 9-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının təqdimat mərasimi keçirilib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunan kitabın müəllifi Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı bölməsinin rəhbəri professor Əli Qafqasyalıdır. Kitabın ilk səhifələri AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Nazim Hikmət sənətinin hikməti” adlı “Ön söz”ü ilə başlayır. Kitaba həmçinin Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım “Ön söz” yazıb.

Təqdimat mərasimində dövlət rəsmiləri, Türkiyədən gəlmiş qonaqlar, elm və mədəniyyət xadimləri, tanınmış ədəbiyyatşünas alimlər, ictimaiyyət nümayəndələri və KİV mənsubları iştirak ediblər.

Mərasimi giriş nitqi ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq ölkə başçısının Türk dünyası ilə əlaqələrin gücləndirilməsini prioritet istiqamət kimi müəyyənləşdirdiyini qeyd edib. O, dövlət başçımızın andiçmə mərasimindəki çıxışı zamanı “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur!”, - ifadəsi ilə ölkəmizin Türk dünyasına olan baxışını, bu istiqamətdəki siyasətini açıq şəkildə elan etdiyini bildirib. Bugünkü tədbirin Türk dünyası birliyinin daha bir nümunəsi olduğunu söyləyən akademik İsa Həbibbəyli AMEA-da türkologiyanın inkişaf etdiyini, Türk dünyası ilə bağlı önəmli tədqiqatların aparıldığını, AMEA-nın bir sıra elmi müəssisələrində bu istiqamətdə yeni şöbələrin yaradıldığını, eləcə də Akademiyada Türk dünyasının elmi qurumları ilə əlaqələrin daha da genişləndirildiyini vurğulayıb.

Akademik İsa Həbibbəyli ötən həftə AMEA-da Türk dünyası ölkələrinin nümayəndələrinin iştirakı ilə III Beynəlxalq Türkoloji Konqresin keçirildiyini xatırladıb, sözügedən tədbirin Türk dünyasının bütövlüyünün, tamlığının və daha da möhkəmlənməsinin ən mühüm nəticələrindən biri kimi mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

AMEA rəhbəri XX əsr dünya ədəbiyyatının böyük simalarından olan Nazim Hikmətin zəngin irsindən bəhs edərək, şairin həyat və  yaradıcılıq yolunun Azərbaycanla bağlı məqamlarına diqqət yetirib. Bildirib ki, şairin 1928-ci ildə ikinci Vətəni saydığı Azərbaycanda ilk kitabı – “Günəşi içənlərin türküsü” nəşr olunub. Şairə həsr olunmuş ilk məqaləni də Bakıda dövrün görkəmli tənqidçisi Əli Nazim yazıb. Məqalə “Günəşi içirik... günəşlənirik” adlanırdı. Əli Nazim böyük türk şairinin çağdaş Azərbaycan şeirinə göstərdiyi təsiri xüsusi vurğulayıb.

Sovet İttifaqında mühacirətdə yaşamış məşhur türk şairi Nazim Hikmət haqda düşüncələrini bölüşən akademik İsa Həbibbəyli onun bir çox şeirlərinin dünya ədəbiyyatında təkrarsız olduğunu vurğulayıb. Alimin sözlərinə görə, Nazim Hikmət təkcə türk xalqının deyil, bütün Şərq xalqlarının poeziyasına təsir göstərmiş, şeirdə yeni yollar açmış novator sənətkardır. O, romantik ruhlu, dərin məzmunlu əsərləri ilə müasir türk ədəbiyyatının inkişafına böyük təkan verib. 

AMEA prezidenti bildirib ki, ölkəmizdə Nazim Hikmət haqqında ciddi araşdırmalar aparılıb, çoxsaylı kitablar, monoqrafiyalar, əsərlər, dissertasiyalar yazılıb. Şairin irsinin ən böyük tədqiqatçılarının da azərbaycanlılar olduğunu söyləyən akademik İsa Həbibbəyli türkoloq-alim Əkbər Babayev, professor Tofiq Məlikli və digərləri tərəfindən ədibin yaradıcılığının dərindən öyrənildiyini qeyd edib. O, akademik Fəraməz Maqsudovun Nazim Hikmət yaradıcılığının heyranı olduğunu, şairin şeirlərini əzbər bildiyini və səsləndirdiyini diqqətə çatdırıb. Akademik İsa Həbibbəyli, həmçinin Moskvada Nazim Hikmətin məzarını və Türkiyədə Gülhanə Parkını ziyarət etdiyini söyləyib.

“Nazim Hikmət dünya sərbəst şeirinin babasıdır”, - deyən AMEA prezidenti ədibin yaradıcılığının daha dərindən öyrənilməsinin zəruriliyini qeyd edib. O, ictimaiyyətə təqdim olunan “Böyük türk şairi Nazim Hikmət və Türk dünyası” kitabının Türkiyə-Azərbaycanın müştərək işi kimi böyük əhəmiyyət kəsb etdiyini bildirib, nəşrin Türkiyədə də yayılmasının vacibliyini vurğulayıb.

Sonra nəşrin müəllifi Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Ədəbiyyat fakültəsi və Türk dili və ədəbiyyatı bölümünün rəhbəri professor Əli Qafqasyalı çıxış edərək kitabın məziyyətlərindən danışıb, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Professor Əli Qafqasyalı Azərbaycan-Türkiyə birliyi və qardaşlığının əbədi və sarsılmaz olduğunu söyləyib, Türk dünyasının ortaq ədəbiyyatının hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin Sosial Elmlər İnstitutunun direktoru Necdet Tozlu, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Məti Osmanoğlu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayev, tənqidçi-ədəbiyyatşünas, filologiya elmlər doktoru, Milli Məclisin deputatı Elnarə Akimova, Ədəbiyyat İnstitutunun Dünya ədəbiyyatı və komparativistika şöbəsinin müdiri professor Gülər Abdullabəyova və digərləri çıxış edərək ədibin Azərbaycan ədəbiyyatına, o cümlədən Sovet ədəbiyyatına ciddi təsir göstərdiyini qeyd ediblər. Çıxışlarda Nazim Hikmətin Azərbaycan, Türkiyə və dünya ədəbiyyatı tarixində hər zaman xatırlanan söz dünyasının nəhənglərindən olduğu vurğulanıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023