Dec 11, 2024 | 09:52 Mühüm hadisələr
Dekabrın 10-da AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.
Əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan institutun ümumi işlər üzrə direktor müavini kulturologiya ü.f.d., dosent Namiq Abbasov dərin zəkaya malik olan Ulu Öndər Heydər Əliyevlə xalqın birliyinin dövlətin inkişafı, siyasi mədəniyyətin və demokratiyanın güclənməsində önəmli rol oynadığını bildirib.
İnstitutun elmi işlər üzrə direktor müavini sənətşünaslıq ü.f.d., dosent Xəzər Zeynalov “Heydər Əliyevin Azərbaycan rəssamları ilə görüşü” adlı məruzə ilə çıxış edib. Məruzədə müstəqil Azərbaycanın quruculuğunda mühüm rolu olan, güclü siyasətçi olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə malik Heydər Əliyevin Azərbaycan incəsənətinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. Alim qeyd edib ki, Ulu Öndər tanınmış Azərbaycan rəssamı Səttar Bəhlulzadənin yaradıclığına böyük qiymət vermişdir. O dövrün Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndələri Tahir Salahov, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya, Oqtay Sadıqzadə, Maral Rəhmanzadə və digər rəssamlarla görüşmüş və onlar haqqında dəyərli fikirlər söyləmişdir.
Daha sonra Şəhərsalma şöbəsinin müdiri memarlıq ü.f.d., dosent Samirə Abdullayeva “Azərbaycan memarlığının inkişafında Heydər Əliyevin rolu” adlı məruzəni təqdim edib. Dos. S.Abdullayeva Azərbaycanın memarlıq tarixində Heydər Əliyevin hakimiyyət illərinin mühüm mərhələ olduğunu söyləyib. Qeyd edilib ki, bu dövrdə iqtisadi inkişaf və siyasi sabitlik sayəsində Bakı və Azərbaycanın digər bölgələrində memarlıq sahəsində böyük dəyişikliklər baş verib. Geniş quruculuq və bərpa işlərini əhatə edən irimiqyaslı layihələr həyata keçirilib, müasir standartlara uyğun yeni yaşayış və ictimai binaların tikintisi ölkəmizdə geniş vüsət almışdır.
Sonda institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu və inkişafı istiqamətindəki xidmətlərindən ətraflı bəhs edib. Müdrikliyi, uzaqgörənliyi, qətiyyəti, mükəmməl bilik və bacarığı ilə Heydər Əliyevin mədəniyyət və incəsənət sahəsində də dərin və silinməz izlər qoyduğunu vurğulayıb.
O, Azərbaycan mədəniyyətini dünyaya tanıdan Ümummilli Liderin Azərbaycan memarlıq mədəniyyətinin ən parlaq şəxsiyyəti olduğunu bildirib. Hələ gənc yaşlarından memarlıq sənətini sevən, bu sənətlə məşğul olmaq istəyən Heydər Əliyevin hər zaman memarlığa olan məhəbbəti qəlbində yaşadaraq memarlıq sahəsində çalışan tanınmış memarlara öz tövsiyələrini əsirgəmədiyini qeyd edib.
www.science.gov.az