Dec 02, 2024 | 11:11 Mühüm hadisələr
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 25 yanvar 2024-cü il tarixli Sərəncamından irəli gələn tədbirlər planına müvafiq olaraq, Gəncə Dövlət Universitetində “Füzuli-530” adlı tədbir keçirilib.
Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud məruzə ilə çıxış edib. Filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud “Füzulinin kamil aşiqi - Məcnun” adlı məruzəsində Muhyiddin İbn əl-Ərəbi, Əbdülkərim əl-Cili, Mahmud Şəbüstəri kimi Şərqin böyük filosoflarının əsərlərində özünü göstərən kamil insan konsepsiyasının Məhəmməd Füzulinin yaradıcılığında kamil aşiq obrazına gətirib çıxarmasını vurğulayıb. Məruzəçi qeyd edib ki, Füzuli kamil aşiq obrazını yüksək sənətkarlıqla yaradıb.
Tədbirdə sözügedən universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Səba Namazova “XIX əsr Azərbaycan poeziyasında Füzuli ənənələri”, həmin kafedranın əməkdaşları – Afaq Yusifli “Füzuli irsi və çağdaş poeziya”, Yeganə Hüseynova “Füzuli yaradıcılığına Bəxtiyar Vahabzadə gözü ilə”, Vüsal İsgəndərov “Sabir Əliyevin elmi-nəzəri görüşləri” adlı məruzə ilə çıxış ediblər.
Tədbirdə Azərbaycanın tanınmış alimləri - Mir Cəlal, Həmid Araslı, Mirzağa Quluzadə, Sabir Əliyev, Vəcihə Feyzullazadə, Nizami Cəfərov, Teymur Kərimli, Gülşən Əliyeva-Kəngərlinin Füzuli yaradıcılığı ilə əlaqədar tədqiqatları barədə tələbələrin təqdimatı olub, tələbələrin ifasında Məhəmməd Füzulinin qəzəllərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
www.science.gov.az