AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
COP29-un yaşıl sivilizasiya anonsu
Nov 18, 2024 | 12:03 Mühüm hadisələr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindəki “ölkə göstəricilərinin qiymətləndirilməsində… Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil” - mesajı COP29-un ən mükəmməl aforizmidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “Yaşıl dünya naminə həmrəylik ili” ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası mahiyyəti və hədəfləri etibarilə bir-birini tamamlayan baxışlardan ibarətdir. “Yaşıl dünya naminə həmrəylik ili”nin ölkəmizdə yaratdığı yaşıl hərəkat COP29-un irəli sürdüyü iqlim dəyişiklərinin yarada biləcəyi fəlakətlərdən xilas olmaq üçün yaşıl enerjinin ön mövqeyə çəkilməsi nəticə olaraq ölkələri və dünyanı qorumağa, yaşatmağa və inkişaf etdirməyə xidmət edən qlobal hadisələrdir. Yaşıl Dünya naminə hərəkat sahəsində həyata keçirilən tədbirlər Azərbaycan Respublikasının COP29 kimi dünyanın bir nömrəli beynəlxalq tədbirinə ev sahibliyi etməsinə haqq qazandırır. Həm də müstəqil Azərbaycan Respublikasının hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlər də COP29-u ən yüksək səviyyədə keçirməyə geniş imkan yaratmışdır. Heç şübhəsiz ki, COP29-un estafetini qəbul etmək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünya liderləri sırasındakı yüksək nüfuzunun da real təzahürüdür. Azərbaycan Prezidenti İlham Əliyevin açılış iclasındakı parlaq çıxışı COP29 hərəkatının manifestidir. Bu dərinməzmunlu nitqdə COP29-un əsas reallıqları və perspektivləri öz əksini tapmışdır. Cənab Prezidentin çıxışı COP29 üzrə Azərbaycan reallıqlarının gerçək təqdimatı, dünya gedişatının obyektiv qiymətləndirilməsi, yaxın-uzaq gələcəyin praqmatik paroludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqindəki “ölkə göstəricilərinin qiymətləndirilməsində… Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil” - mesajı COP29-un ən mükəmməl aforizmidir. Əks halda, dünya ölkələri “Tanrının bəxş etdiyi real təbii sərvətlər”dən tam imtina edib, “yaşıl keçid” axtarışı ilə yeni yaşıl imkanlar əldə edənə qədər böhran təhlükəsi ilə üzləşə bilərlər. Azərbaycan Prezidentinin sərrast aforizm kimi səslənən fikirləri dünyanın tarazlığını pozmaq həddinə çatmamaq şərti ilə bütün təbii sərvətlərdən yerində və qədərində istifadə etməyin mümkünlüyünə realist baxışın ifadəsidir. Bu, “Tanrının bəxş etdiyi təbii sərvətlər”lə yaşıl texnologiyalardan əldə olunacaq gəlirlərin düzgün balansının tapılmasının zəruriliyini nəzərə çatdıran praqmatik çağırışdır.

Bu gün dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda “Tanrının bəxş etdiyi təbii sərvətlər” COP29-un hədəflərinin həyata keçirilməsi üçün dayanıqlı donor funksiyasını yerinə yetirir. Fikrimizcə, o ölkələr “yaşıl keçidə” daha səmərəli şəkildə nail ola biləcəklər ki, onların yaşıl texnologiyalar əldə etmək üçün real təbii sərvətlərdən gələn dayanıqlı gəlirləri vardır. Beləliklə, Tanrının bəxş etdiyi təbii sərvətlər mövcud dayanıqlı inkişafla yaşıl keçid arasında yaşıl transformasiya funksiyasını yerinə yetirir. Azərbaycanın mövcud neft-qaz gəlirləri bu gün yaşıl iqtisadi zona kimi elan olunmuş Naxçıvan Muxtar Respublikasında, Qarabağda və Şərqi Zəngəzurda, həmçinin Böyük Qayıdış hərəkatında “yaşıl keçid” mərhələsinə uğurla keçidin hərəkətverici qüvvəsidir. Şübhəsiz, həm “Tanrının bəxş etdiyi təbii sərvətlərə” malik olan və həm də yaşıl enerji əsasında XXI əsrin yaşıl iqtisadiyyatını qura bilən və inkişaf etdirən ölkələr yaxın gələcəyin lider dövlətləri sırasına çıxmaq imkanı qazanacaqdır. Bu cəhətdən Azərbaycan dünyanın ən şanslı ölkələrindən biridir. Çünki Azərbaycan ərazisi məşhur Mendeleyev cədvəlindəki əksər yeraltı və yerüstü təbii sərvətlərlə zəngin olan ölkədir. Bununla yanaşı, Azərbaycanda həm də artıq bir neçə ildir ki, Prezident İlham Əliyevin irəli sürdüyü neftdən asılı olmayan iqtisadiyyat modelinin yaradılması üçün düşünülmüş dövlət siyasəti həyata keçirilir. Artıq Azərbaycan Respublikasının dövlət büdcəsində neftdən asılılığı aradan qaldırmağa xidmət edən aqrar sektordan, turizmdən, nəqliyyat sferasından, iaşə xidmətindən əldə edilən gəlirlər kifayət qədər əhəmiyyətli əmsala malikdir. Yaşıl dünya naminə həmrəylik ili və COP29-un çağırışları neftdən asılı olmayan gəlirlərin siyahısına yaşıl iqtisadiyyatdan və alternativ yaşıl enerji mənbələrindən əldə olunacaq maliyyə imkanları da əlavə olunacaqdır.

Hazırda Azərbaycan Respublikasında yaşıl iqtisadiyyaın qurulması istiqamətində genişmiqyaslı işlər aparılmaqdadır. Bundan başqa, ölkəmizdə mövcud təbii sərvətlərin istismarının, emalının, bazara çıxarılmasının yaşıl texnologiyalar əsasında yenidən qurulması prosesləri də genişlənməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29-un açılış mərasimindəki nitqində ölkəmizdə yaşıl iqtisadiyyat infrasturukturunun formalaşdırılması, bərpa olunan alternativ yaşıl enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən dövlət proqramlarının və nəzərdə tutulan yeni layihələrin aydın mənzərəsi verilmişdir. Ölkəmizdə aparılan məqsədyönlü müasir siyasi-iqtisadi siyasət dünya reallıqlarına uyğun olaraq, mövcud təbii sərvətlərdən yaşıl texnologiyalar əsasında istifadə etməklə atmosferin sağlamlaşdırılmasına töhfə verməyə, yaşıl enerji əsasında yeni dövrün yaşıl iqtisadiyyatının qurulmasına və meydanının daha da genişləndirilməsinə yaşıl işıq yandırmağa uğurla xidmət edir. Fikrimizcə, yaşıl iqtisadiyyatın Azərbaycan modeli dünya ölkələri üçün də əhəmiyyətli təcrübə ola bilər. Bu mənada Azərbaycan Respublikası Prezidentinin COP29-un Bakı Olimpiya Stadionundakı açılış mərasimindəki nitqində səslənən aşağıdakı fikirləri yaşıl iqtisadiyyat anlayışına müasir dövrün realist baxışın ifadəsidir: “Ölkələr onların (Tanrının bəxş etdiyi təbii sərvətlərin – İ.H.) olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə süçlanmalı deyillər”.

Bu, yaşıl enerjiyə keçidə münasibətdə eyforiyaya qapılmamağa, yaxud bu qlobal problemə birtərəfli qaydada baxmamağa, məsələyə kompleks yanaşmağa çağırışın konseptual şərhi və aydın ifadəsidir.

“Yaşıl dünya naminə həmrəylik ili”nin və COP29-un ölkəmizə və dünyaya bəxş etdiyi daha bir “yaşıl sərvət” də bu istiqamətdə dialoqun miqyasının genişləndirilməsindən və məzmunca yaşıl ideyalarla və əməli addımlarla zənginləşdirilməsindən ibarətdir. Azərbaycanın paytaxtı Bakı şəhərində COP29 miqyasında yüksək səviyyədə təşkil olunan dialoq platforması mədəniyyətlərin dialoquna, ən yeni yaşıl texnologiyaların mübadiləsinə, yaşıl transformasiyaların müzakirəsinə yaşıl işıq yandırmışdır.

Bu gün Bakı Olimpiya Stadionunda yaradılmış COP29 şəhərciyi çoxvektorlu dünya dialoq mədəniyyətinin baş kəndinə çevrilmişdir. Ölkələri əyani şəkildə təqdim edən paviliyonlarda sərgilənən iqtisadi-texniki yeniliklərlə konfrans salonlarında səslənən yaşıl elmi-praktik ideyalar bir yerdə dünyanın yaxın və uzaq yaşıl gələcyi haqqında tam yeni təsəvvürlərin formalaşdırılmasına imkan yaradır. Əslində Bakı Olimpiya Stadionundakı COP29 Baş Kəndində aparılan müzakirələr dünyanın yeni yaşıl mənzərəsinin dərslərindən ibarətdir.

Son illərdə Azərbaycanda və dünyada yaşıl iqtisadiyyat, yaşıl enerji, yaşıl kimya, biomüxtəliflik, ekomədəniyyət, yaşıl transformasiyalar, rəqəmsal dünya, süni intellekt, elektronəqliyyat, ekolinqvistika, ağıllı kənd və sair kimi yeni anlayışlar yaşıl terminologiyanın formalaşdırılmasını şərtləndirmişdir. Və yaşıl terminologiya müasir dövrün yaşıl dünyasının, yaşıl texnologiyasının danışan dili funksiyasını həyata keçirir. Ekolinqvistika anlayışı da yaşıl terminologiyanın sinonimi kimi prosesin daha da genişləndirilməsinə yol açır. Bunlar isə öz növbəsində dünyanın yeni bir inkişaf səviyyəsinə - yaşıl sivilizasiyaya keçidin xüsusiyyətlərini özündə əks etdirir. XVIII əsrdən etibarən sonrakı inkişaf mərhələlərində dünyada buxar maşınının, elektrik enerjisinin, kosmosun fəthinin, internetin kəşfinin, ağıllı texnologiyaların meydana çıxmasının fərqli sivilizasiyaları və sənaye inqilablarını yaratdığı kimi yaşıl enerji, süni intellekt və rəqəmsal inkişaf da bəşəriyyəti yeni bir inkişaf mərhələsinə doğru aparmaqdadır.

Beləliklə, Bakı Olimpiya Stadionundakı COP29 şəhərciyi yaşıl sivilizasiya problemlərini dünyanın yaşıl gündəliyinin baş mövzusuna çevirmişdir. Hazırda ən müasir yaşıl texnologiyalar əsasında salınmış COP29 şəhərciyi dünyanın yaşıl svilizasiya müzakirələrinin möhtəşəm xitabət kürsüsüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin COP29 xitabət kürsüsündən səsləndirdiyi bəyanatlar və mesajlar dünyanın müasir gedişatının yeni yaşıl inkişaf mərhələsinin anonsudur.

Bakı COP29 sessiyası Birləşmiş Millətlər Təşkilatının yaşıl dünya hərəkatı mövzusunda keçirilən ümumdünya konfransıdır. Planetimizin 196 ölkəsini təmsil edən 72 mindən çox insanın çoxcəhətli səmərəli fəaliyyətini, təhlükəsizliyini, transferini, hətta asudə vaxtını yüksək səviyyədə vahid bir ailə kimi təşkil edən Azərbaycan COP29 adlı çoxmillətli bir qitə yaratmağın nümunəsini göstərir. Bu mənada Bakı Olimpiya Stadionu Yer kürəsi, COP29-un Mavi Zonası okeanları, dənizləri, çayları və səmanı, Yaşıl Zona isə landşaftı, təbiəti simvolizə edir. Mifologiyada mavi rəngin genişlik, yaşıl rəngin isə dəyişiklik mənalarını daşıdığını nəzərə alsaq, COP29 qitəsinin müasir mənzərəsinin XXI əsrin inkişaf tendensiyalarını əks etdirdiyi qənaətinə gəlmək mümkündür. Sülh, qarşılıqlı əməkdaşlıq, ədalətli yaşıl cəmiyyət, yalnız rifaha və inkişafa xidmət edən yaşıl texnologiyalar Azərbaycan ölkəsinin yaratdığı möhtəşəm platformadan COP29 qitəsinin səsləndirdiyi yaşıl sivilizasiya çağırışlarıdır…

Azərbaycanın tarixi Qarabağ Zəfərini, Böyük Qayıdış hərəkatını, ən yüksək səviyyədə təşkil olunmuş COP29 yaşıl inkişaf platformasını qəbul edə, həzm edə bilməyən xarici ölkə dairələri öz qapılarını al günəşə qapadıqlarının fərqində olmayan bədbəxtlərdir. Azərbaycanda isə Prezident İlham Əliyevin COP29-un mötəbər xitabət kürsüsündən bütün dünya qarşısında bəyan etdiyi kimi günəşli günlərin sayı ən azı 250-dən çoxdur. Paytaxt Bakının isə bir adı da küləklər şəhəridir. Azərbaycan günəşli coğrafiyası, yaşıl enerjisi, yaşıl iqtisadiyyatı və ağıllı rəqəmsal inkişafı ilə yaşıl sivilizasiyanın astanasındadır.

14 noyabr 2024-cü il

İsa HƏBİBBƏYLİ

AMEA-nın prezidenti,

Akademik

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023