AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçirilib
Nov 01, 2024 | 10:43 Konfranslar, iclaslar

Oktyabrın 24-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Məhəmməd Füzuli poeziyasının dili və üslubu” mövzusunda respublika konfransı keçirilib.

AMEA-nın Əsas binasında baş tutan tədbiri giriş nitqi ilə Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açıb. O, Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan konfransın elmi əhəmiyyətini vurğulayıb.

Füzulinin anadilli poeziyamızın başında duranlardan biri olduğunu söyləyən akademik Teymur Kərimli onun Türk xalqının dilinə yeni nəfəs gətirdiyini, Azərbaycan ədəbi dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltdiyini vurğulayıb. Bildirib ki, Məhəmməd Füzuli poeziyasının dili və üslubu öz zənginliyini, istiqamətini, inkişaf xəttini, orjinallığını xalq dilinə bağlılığı ilə əldə etmişdir. Ədibin poeziyası ədəbi mədəniyyətin ən mükəmməl nümunəsidir.

O, böyük mütəfəkkirin dilimiz qarşısındakı tarixi xidmətlərindən bəhs edərək vurğulayıb ki, Füzuli bu gün də bizim müasirimizdir və şairin irsi xüsusən müstəqil dövlətçiliyimizdə yeni məna kəsb edir.

Akademik Teymur Kərimli qeyd edib ki, əbədiyaşar söz sənətkarının dili həm də müasir Azərbaycan dilinə və Azərbaycan dilində yazan klassik şairlərin dilinə çox yaxındır. Füzuli  öz anadilli əsərləri ilə Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi adını tarixə əbədilik həkk etmişdir.

Çıxışının sonunda akademik Teymur Kərimli dahi Füzulinin yaradıcılığının həmişə diqqətdə olduğunu və şairin irsi ilə bağlı geniş tədqiqatların aparıldığını söyləyib, konfransın işinə uğurlar arzulayıb.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli çıxış edərək Məhəmməd Füzulinin eşq fəlsəfəsindən və onun əsas mahiyyətindən danışıb.

Bildirib ki, türkdilli ədəbiyyatın görkəmli şairlərindən olan Füzuli yaradıcılığı ümumilikdə bir eşq poeziyasıdır. Sənətkarın bədii irsinin mühüm qismini məhəbbət mövzulu əsərlər təşkil edir.

Professor Nadir Məmmədli Füzuli irsinin Azərbaycan хalqının əvəzоlunmaz mənəvi sərvəti olduğunu söyləyərək, şairin həcmcə ən böyük əsəri olan “Hədiqətüs-süəda”dan (“Хоşbəхtlər bağçası”) bəhs edib. O, “Hədiqətüs-süəda”nın ədibin dini düşüncə, iman və əqidə duyğularının bədii əksi kimi səciyyəvi əsər olduğunu bildirib.

“Füzuli azərbaycanlıdır, Azərbaycan köklüdür. Şairin yaradıcılığı Azərbaycan ədəbiyyatı və mədəniyyətinin bəhrəsidir”, - deyən professor Nadir Məmmədli ədibin varisliyinə, kökünə və dilinə bağlı sənətkar olduğunu vurğulayıb. Qeyd edib ki, XVI əsr Azərbaycan ədəbi dilinin qoruyucusu olan Füzulinin poeziyası onu Azərbaycan klassik poeziyasının zirvəsi, Azərbaycan xalq dilinin yüksək səviyyədə qoruyucusu, təkrarsız bir ədibi etmişdir.

Ulu Öndər Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlərdən danışan alim dahi liderin İraqda böyük bir heyətlə birgə Füzulinin qəbrini ziyarət etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Ulu Öndər 1996-cı il noyabrın 8-də Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı Məhəmməd Füzulinin əsərlərinin çox hissəsini türk dilində, bugünkü Azərbaycan dilində yazdığını və bunun Füzulini ondan əvvəl və sonra yaşamış, yaratmış və xalqımıza məxsus olan bir sıra şairlərdən, alimlərdən fərqləndirən amil olduğunu söyləyib.

Professor Nadir Məmmədli, həmçinin dil tarixçilərinin Füzuli yaradıcılığı ilə bağlı müxtəlif fikirlər yazdığını deyərək, dilçi alim Dəmirçizadənin əbədiyaşar söz sənətkarı haqqında fikirlərini xatırladıb. Bildirib ki, Dəmirçizadə Məhəmməd Füzulini güclü söz hissi, söz duyumu olan həssas şair kimi xarakterizə edib.

Daha sonra professor Sayalı Sadıqovanın “Məhəmməd Füzuli əsərlərinin terminoloji leksikası” adlı məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazmaqla və bu dillərdən bəhrələnməklə Azərbaycan ədəbi dilinin inkişafında Məhəmməd Füzulinin böyük rolu olmuşdur. Dahi sənətkar elmi fikirlərin inkişaf etdirilməsində, anlayışların ifadəsində dövrün elmi-fəlsəfi məktəblərinin ənənələrindən məharətlə istifadə etmişdir.

Professor Sayalı Sadıqova vurğulayıb ki, Füzuli bütün zamanlarda nə qədər tədqiq olunsa da, dərinliyi heç zaman açılmayacaq dahi sənətkardır. Onun əsərlərində insan həyatında dilin əvəzsiz bir nemət olduğu tərənnüm edilir, söz gözəlliyinin şeirdə xüsusi məna kəsb etdiyi qeyd olunur. Ədibin Azərbaycan ədəbiyyatında və tarixində ən böyük rolu Azərbaycan ədəbi dilini formalaşdırmasıdır.

Məruzəçinin sözlərinə görə, şairin yaradıcılığında müxtəlif elm sahələri, o cümlədən ədəbiyyatla bağlı yüzlərlə termin işlənmişdir və həmin terminlərin müəyyən qismi sematik zənginliyi ilə diqqəti cəlb edir. Füzuli öz dövrünün ümumxalq Azərbaycan dilindən məharətlə istifadə etmişdir.

Tədbirdə filologiya elmləri doktoru Zemfira Əliyeva “Məhəmməd Füzuli yaradıcılığında konsept problemi”, filologiya elmləri doktoru Nərgiz Hacıyeva “Məhəmməd Füzulinin anadilli qəzəllərinin dili”, filologiya üzrə fəlsəfə doktoru Elçin İsmayılov “Məhəmməd Füzuli yaradıcılığında bədii ifadə vasitələri”, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmudova “Məhəmməd Füzulinin yaradıcılığında başlıqların semantik, funksional və üslubi xüsusiyyətləri” və Sevinc Ağayevanın “Məhəmməd Füzulinin yaradıcılığında təbiət leksikası” adlı məruzələrlə çıxış ediblər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023