Oct 22, 2024 | 17:05 Konfranslar, iclaslar
2024-cü ilin 10 dekabr tarixində Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatı laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayev) anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 09 sentyabr 2024-cü il tarixində “Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalamışdır.
Ölkə Prezidentinin Sərəncamının əhəmiyyətini nəzərə alaraq və tanınmış Azərbaycan şairi Nəbi Xəzrinin 100 illiyinin layiqincə qeyd olunması məqsədilə Humanitar Elmlər Bölməsini Elmi şurasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərlinin təqdimatında “Nəbi Xəzrinin fərdi üslubunun bəzi xüsusiyyətlərinə dair” adlı elmi məruzə dinlənilib.
Alim qeyd edib ki, mövzu, ideya və məzmununa görə Nəbi Xəzrinin obrazları, əsasən, təbiət predmetləri olub: çinar, dağ, dəniz, göl, çay, durna və s. Peyzajlar, etüdlər... Lirik “Mən”, lirik qəhrəman, müxtəlif səviyyəli insan surətləri... Onun münasibətli, müdaxiləli bədii obyektini isə Azərbaycan: təbiət, xalqın taleyi, torpaq, vətən, əmək, zəhmət, folklor, muğam, tarix, müharibə (yaddaş), 20 yanvar, Qarabağ ağrıları, azadlıq, istiqlal, ekologiya, məhəbbət, din və irfan motivləri təşkil edib.
Lirika, lirik tərənnüm, lirik pafos, lirik təsvir və təhkiyəyə görə Nəbi Xəzri poeziyasının lirik “Mən”i daha işıqlıdır. Bu “Mən”dən – tərənnüm və pafosdan Azərbaycanın, akademik Budaq Budaqov demişkən, bütöv coğrafiyası keçir: Mili, Muğanı, Qarabağı, fəsilləri, oykonimləri, oronimləri, hidronimləri, etnonimləri, bir sözlə, ölkənin hər cür varlığı, reallığı, realiləri... Şairin lirikası üçün daha artıq birinci şəxsin təkinə aid olan təhkiyə – subyektiv “Mən” xasdır. Yəni lirik “Mən”in I şəxsinin təkinə aid olan mətn təhkiyəsi.
Nəbi Xəzrinin məqsəd-intonasiyaya görə bədii sintaksisi, əsasən, nəqletmə təhkiyəsinə aiddir. Bununla belə, emfatik (əmr, nida, xitab sintaqmları) və məntiqi (vurgular) intonasiyanın çalarları da çeşidlidir... Bu təhkiyənin ortaq baçlanğıcı obyektiv və subyektiv amillər, mənəvi məfhumlar və maddi predmetlərdir.
Nəbi Xəzri poeziyasında üçüncü şəxsə aid olan təhkiyə də fəaldır. Yəni “o” – üçüncü şəxsin təkinə aid olan mətn təhkiyəsi. Nəbi Xəzrinin poeziyasında I və III şəxslərin təkinə aid olan daha hissi-emosional ifadə üsulu vardır. Onun bədii təhkiyəsində lirik-psixoloji, lirik-epik çalarlar üstünlük təşkil edir. Poemaları da belədir. Nəbi Xəzrinin mətn, lirik “Mən” təhkiyəsinin bütün şəxslərə ünvanlanan ifadə məziyyəti, ideya-məzmun və forma xüsusiyyəti də vardır. Bu baxımdan şairin poeziyasının ifadə üsulu üçün hissi idrakın duyğu, qavrayış, təsəvvür və passiv təxəyyül bolluğu səciyyəvidir. Nəbi Xəzri həm də ovqat şairidir. Onun səmimi, munis poeziyasına təfəkkür və idrakın hissi pilləsi aiddir.
Bəs Nəbi Xəzri poeziyasının ifadə üsulu üçün məntiqi idrakın əlamətləri xarakterik deyilmi? Fikrimizcə, sənətkarın lirik poeziyasında məntiqi idrakın anlayış, mühakimə, əqli nəticə, başqa sozlə, mühakiməli-analitik məntiqin bədii qanunauyğunluqları, dialektik-tarixi qanunların, kateqoriyaların poetik təzahürü üzdə və içdə deyil, yəni şairin fərdi poetik üslubunun belə bir mövqe üstünlüyü yox kimidir. Yox, məsuliyyətlə deyirik ki, Nəbi Xəzri bədii-fəlsəfi fikir və düşüncə şairi deyil, lirik-psixoloji, mənəvi-əxlaqi və estetika, gözəllik şairidir. Lirika, tərənnüm, pafos və emosiya şairidir. Onun şeirləri epik mənbəyi, qaynağı, dayaqları olan hissi şeirlərdir.
Nəbi Xəzri poeziyası ənənəvidir. Yəni onun əlvan, çeşidli poeziyasının mənbə və qaynaqlarının mənbəyi zəngin xalq dilindən qidalanıb. Onun bədii mətnlərindəki heca vəzni, ahəng və intonasiyası xalq dili, xalq şeirindən, xalq yaradıcılığından, folklorundan qüvvət alıb. O, yeni bədii problemlərə, mövzu və motivlərə yeni ritmlə, sürət və enerji ilə, yeni temp və tembrlə cavab verib.
Sevilən şair milli folklorumuzdan, klassik irsimizdən bəhrələnib. Bəşəri poeziyadan faydalanması da istisna deyil. Çünki bəşəri sənətkarlardan da poetik tərcümələri olub, bu da təbii ki, təsirsiz ötüşməyib. Milli poetik dilimizin sünilikdən, ritorikadan təmizlənməsində (40-50-ci illərdən başlayaraq), saf ana dilimizin ab-havasının poeziyamıza əsməsində, xəzri və gilavarın yayılmasında Nəbi Xəzrinin də özəl xidmətləri vardır. O, daha çox Səməd Vurğun ovqatını yeni iqlimdə, yeni mehdə, yeni mehvərdə şeirinə və şeirimizə gətirib.
Şairin poeziyası “ritorik qəhrəman”dan, süni epiklikdən, təsvirçilikdən xilas olub. Məhz bu bədii nəsnələrdən uzaqlığı çağdaşlarına da diqtə edib, bəhrəli bədii vasitələri şeirimizə gətirənlərdən, öyrədənlərdən olub.
Nəbi Xəzrinin lirik “Mən”i – Vətən, Torpaq, Tarix və Zaman boyunca,– yəni tarixilik və çağdaşlıq boyunca olub, Şərq, Avropa və Qərbə doğru yönəlib. Şairin lirik “Mən”i dünya xalqlarını: millilik və bəçəriliyi əhatə edib. Onun səsi və poetik sözü Asiya, Avropa və ABŞ qitələrindən gəlib. Fəqət Nəbi Xəzri bütün vücuduyla ana torpaga bağlı sənətkardır.
Görkəmli şairin lirik, epik, dramatik növ və janrlarda yazıb-yaradıb. Şeir vəzni hecadır. Əruzu, sərbəsti, habelə, anaklaza (mətnin müxtəlif, qarışıq hecada olması), hipostasa (mətnin qarışıq vəzndə olması, yəni bir parçanın hecada, digər parçanın sərbəst və ya əruzda olması) formalı şeirləri yoxdur. Məqsəddən asılı olaraq misra və bəndləri sındırmaqla süni sərbəstlik formaları yaratmaq halları isə istisna deyil. Bu isə sərbəst şeir deyil, fərdi, şəxsi ölçülü sərbəstlikdir.
Nəbi Xəzri şeirinin 4 hecadan 16 hecaya qədər bədii mətnləri vardır. Bənd və qafiyələri - 2-lik, 3-lük, 4-lük, 5-lik, 6-lıq, 7-lik, 8-lik, 10-luq, 12-lik bəndləri (misraları) mövcuddur. Qafiyələri əksərən çarpazdır, yarımçarpazları, dövrəvi, qurşaqlı olanları da istisna deyil. Şairin yaradıcılığında qafiyənin yeri və çeşidliyi önəm kəsb etməyib. Hamısı xəlqi, ənənəvi, mövcud bədii təcrübəmizdən gələndir. Şair qafiyələrində yaradıcı, törədici təşəbbüsdə deyil, sabit mövqedədir.
Nəbi Xəzri poeziyasının janrları da əsasən ənənəvidir: əfsanə, rəvayət, qoşma, gəraylı, mürəbbe, müxəmməs, müsəddəs, müsəmməm və s. Bunlar klassik ruhda deyil, təbii ki, çağdaşdır, zahiri forma effektindədir. Yaradıcılığında ənənəvilik güclü olsa da, şair təsvir və ifadə vasitələrinin yeniliyinə meyilli olub, sünilikdən, ritorikadan qaçıb, poetik genişliyə çalışıb. Lakin poeziyasında poetizmlik baxımından münkəsirlik, mürəkkəblik demək olar ki, yoxdur, sadə təsvir və ifadə vasitələridir.
Nəbi Xəzri 1950-ci illərdən başlayaraq epik növdə, nəsr və publisistikada özünü sınayıb. Tütək dindi”,”Qız qalası, dalğa qızı”, “Qanadlı qonaq”, “Büllur haşiyəli eynək”, “Bəhrəsiz iydə”, “Muğamat”; “O uzaq gecə”, “Sərhədin o tayında” hekayələri, “Missispi axan yerdə”, “Dünyanın şimal qütbündə”, “Heykəlsiz abidə”, “Miras”, “Səssiz fəryadlar” və s. adlı bir neçə povesti nəşr olunub. Onun pyesləri daha çox ailə-məişət, sosial-psixoloji, tarixi və ideoloji plandadır. “Peyğəmbər” tarixi dramını, “Heykəlsiz abidə” povesti əsasında “Mirzə Şəfi Vazeh” səhnə əsərini yazıb... Şair Orhon-Yenisey abidələri, “Kitabi-Dədə Qorqud”un motivləri əsasında “Torpağa sancılan qılınc”, “Burlaxatun” pyeslərini qələmə alıb, kökümüzü: türkçülüyümüzü, dinçiliyimizi təbliğ edib, bizi-bizə göstərib.
Görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyev Nəbi Xəzri poeziyasına yüksək qiymət verib, “Azərbaycan” şeirini, mahnısını uca tutaraq qeyd edib: ”Vaxtilə Müslüm Maqomayev bu mahnının mənə ithaf olunduğunu demişdi... Mən bu mahnını sevirəm. O, məni çox həyəcanlandırır. Çünki mahnıda deyilir ki, Azərbaycan həyatımın mənasıdır. Azərbaycan, həqiqətən, mənim həyatımın mənasıdır. Ona görə də bu mahnını qəbul edirəm”.
Nəbi Xəzrinin poeziyası Məmməd Arif, Mehdi Hüseyn, Mirzə İbrahimov, Bəkir Nəbiyev və başqaları tərəfindən yüksək qiymətləndirilib, haqqında məqalələr yazılıb. Onun yaradıcılığına həsr olunmuş “Dədə Qorqud dünyası, müdriklik dünyası” (Qənirə Bəyzadə), “Nəbi Xəzrinin poetik dili” (Aqil Cəfərov), “Nəbi Xəzrinin sənətkarlığı” (Fəridə Səfiyeva), “Romanın genişlənən üfiqləri” (Rüstəm Əzizov), “Nəbi Xəzrinin yaradıcılıq yolu” (Əflatun Baxşəliyev) kitabları nəşr olunub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Əlaqələndirmə şurasında şairin 100 illiyi nəzərə alınmaqla elmi tədqiqat işinin yerinə yetirilməsi haqqında qərar qəbul edilib.
Filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxışının sonunda qeyd edib ki, oktyabr, noyabr bayramlar ayıdır. 18 oktyabr Dövlət müstəqilliyimizin bərpası günüdür. Xəlil Rza Ulutürk yazıb:
Biz türkləriz, Vətənimiz başdan-başa Yer kürəsi,
Bayrağımız al günəşdir, çadırımız göy qübbəsi.
Məmməd Araz yazıb:
Vətən nəğmələri olmasa bir an,
Ürəkdə gül açıb yaz ola bilməz,
Nəğməsi olmayan, şeri olmayan
Bir xalqın tarixi yazıla bilməz.
9 noyabr Dövlət Bayrağı günü...
Bəxtiyar Vahabzadə yazıb:
Bayraq mənliyimdir, bayraq kimliyim!
Bayraq öz yurduma, öz hakimliyim!
Nəriman Həsənzadə yazıb:
Sən ey mənim xalqım, ən qədim Bayraq,
Qismətimə düşən ata sərvətim!
Sənin hüzurunda keşikdə durmaq
Dünyada ən böyük vəzifəm mənim!
8 noyabr Tarixi Zəfər günü...
Ulu Öndər, görkəmli dövlət xadimi Heydər Əliyevin monumental ruhu şad olsun!
Yaşasın Qəlbin, Zəkanın və Ruhun birliyi, Dəmir Yumruğun timsalı, Azərbaycan və türk dünyasının Qurucusu və şəksiz Lideri, cənab İlham Heydər oğlu Əliyev!
28 Mayın – Zəfərdən doğulmuş Göytürkün balası 18 oktyabr – Qurdbaşlı gen və qan Yaddaşımızın simvolizəsi bu ünlü şairlərimizin ruhsal sətirlərini də yadımıza gətirir. Tribuna Məmməd Arazındır:
Azərbaycan qayalarda bitən bir çiçək,
Azərbaycan çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı vəsf eyləyərək
Azərbaycan dünyasından baxar dünyaya!
Azərbaycan – mayası nur, qayəsi nur ki,
Hər daşından alov dilli ox ola bilər!
Azərbaycan deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər!
Ana yurdun ürəyinə toxuna bilər!
İndi Dünyamız yuxusuzluq, rahatsızlıq içindədir. Azərbaycan da qayğılı Zaman və Tarix yaşayır. 44 günlük Zəfər Tariximizi bizə – dövlətimizə, xalqımıza, millətimizə yaşadan şanlı, müzəffər Ordumuz var olsun! Qazilərimiz var olsun! Cavan Ömürlərini çadırı göy qübbəsi, bayrağı al günəş olan Vətənimizə, Torpağımıza qurban vermiş Qəhrəman şəhidlərimizin yeri-yurdu behiştlik olsun, cənnətlik olsun!
Söz indi də Nəbi Xəzrinindir:
Torpağım nə doğma, nə mehribandır!
O, ilk həqiqətim, haqqımdır mənim!
Bir ulu arxam var, Azərbaycandır!
O haqqım, o baxtım xalqımdır mənim!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan
Azərbaycan!
www.science.gov.az