AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Heykəltaraşlıq sənətinin canlı əfsanəsi
Oct 22, 2024 | 14:38 Mühüm hadisələr

Azərbaycan Respublikasının Xalq rəssamı, akademik Ömər Eldarov (1927) heykəl yaratmaq işinə kompozisiyalı heykəltaraşlıqla başlamış və bu sahə onun bütün fəaliyyəti boyu yaradıcılıqla davam etdirilmişdir. İ.Repin adına Leninqrad Rəssamlıq Akademiyasının tələbəsinin diplom işi kimi yaradılmış "Gənc qvardiyaçılar" barelyefi (1951) ideoloji istiqamətindən asılı olmayaraq, sənət baxımından orijinal portretlər qalereyasıdır. Bu kompozisiya eyni yaşda olan və vahid amala xidmət edən səkkiz nəfər gənc qvardiyaçının bir-birini təkrar etməyən obrazlarının tuncdan tökülmüş təqdimatıdır. Bu, Ömər Eldarovun tunc üzərində canlandırılan portretlər yaratmaq istedadının ilk real təzahürüdür. Və ya "Gənc qvardiyaçılar" heykəltaraşlıq kompozisiyası dövrünə görə aktual olan həmin mövzuda yazılmış bir romanın fəlsəfəsini tunc təsvirlərlə əks etdirir. Ömər Eldarovun "Güllələnmə" kompozisiyası da (1977) süjetli Azərbaycan heykəltaraşlığının nadir nümunəsidir. Bu, repressiya faciəsinin sərt dramatizminin orijinal heykəltaraşlıq həllindən ibarət olan təsirli sənət hadisəsidir. "Güllələnmə" kompozisiyası Ömər Eldarovun repressiya mövzusunda məharətlə yaratdığı heykəltaraşlıq epopeyasıdır. Son ölüm hökmü anında ayrı-ayrı insanların keçirdikləri fərqli hisslər bu kompozisiyada biri digərini qətiyyən təkrar etməyən düşünülmüş detallar vasitəsilə ifadə olunmuşdur. Beləliklə, Ömər Eldarov "Gənc qvardiyaçılar" və "Güllələnmə" heykəltaraşlıq kompozisiyalarında böyük məharətlə oxşar taleli insanların fərqli xarakterlərini böyük məharətlə tişə ilə canlandırmağı bacarmışdır.

Xalq rəssamı Ömər Eldarovun "Azərbaycan diviziyası”, "Dəniz neftçiləri", "İlin dörd fəsli" və "Bacılar" kimi heykəlləri də süjetli heykəltaraşlıq nümunələridir. "İlin dörd fəsli" heykəl kompozisiyasındakı dörd qadın obrazlarından hər biri fəsillərə uyğun geyimi və bədən hərəkətləri ilə həqiqətən də il ərzindəki iqlim dəyişikliklərini real surətdə əks etdirir. Lakin bu, "İlin dörd fəsli" kompozisiyasının ilk baxışda görünən tərəfidir. Əslində Ömər Eldarov "İlin dörd fəsli" kompozisiyasında insanın təbiətlə əlaqələrini deyil, geniş mənada insan və zaman münasibətlərini mənalandırmışdır. Obrazların hər birinin zahiri və daxili gərginlikləri, əl hərəkətləri, hətta saç düzümü ilə də Ömər Eldarov narahat dünyanın obrazını yaratmağa nail ola bilmişdir. Buna görədir ki, Ömər Eldarovun "İlin dörd fəsli" kompozisiyası həm də "Zamanın dörd zəngi" də adlandırılır. Ömər Eldarov 1973-cü ildə, dünyanın kapitalizm və sosializm kimi iki qütbə böldüyü mürəkkəb bir dövrdə yaratdığı "İlin dörd fəsli" kompozisiyası ilə həqiqətən də narahat zamanın və nigaran dünyanın təzadlarını tamaşaçının diqqətinə çatdırmışdır. Bununla o, zaman haqqında kulislərdə danışılan sərt realizm (surovıy realizm) üslubunda həyəcanlı dünyanın tuncdan tökülmüş heykəlini yaratmışdır.

Ömər Eldarovun heykəlləri incəsənətin bir çox sahələrini özündə kompleks şəkildə təcəssüm etdirən fərqli sənət əsərləridir. Qranitdən, tuncdan, misdən, şüşədən, ağacdan istifadə etməklə o, müraciət etdiyi mövzunu və canlandırmaq istədiyi obrazı daxili dünyası, səciyyəvi hərəkətləri və xidmətləri ilə bir yerdə görə və göstərə bilmişdir. Bu qəbildən olan ağacdan yonulmuş "Dəniz neftçiləri" kompozisiyasında (1964) insanın dözümü və iradəsi heykəltaraşlıq dili ilə mənalı bir şəkildə ifadə olunmuşdur. Bu cəhətdən heykəltaraş Ömər Eldarovla Xalq rəssamı Tahir Salahovun əsərləri ideya-sənətkarlıq, xüsusən də mövzunun bədii həlli baxımından bir-birinə çox yaxındır. Əslində həmin yaxınlıq bu qüdrətli sənətkarların hər ikisinin sənətdə əsaslandığı əsas prinsipin - sərt realizm yaradıcılıq metodunun daxili məntiqindən irəli gəlmişdir. Sovet hakimiyyəti illərində sosialist realizmi yaradıcılıq metodunun tələb etdiyi nikbin əhvali-ruhiyyənin əksinə olaraq, Tahir Salahov və Ömər Eldarov rəsmlərində və heykəllərində həyatın, insan talelərinin gerçəkliklərini və gərginliklərini böyük məharətlə sərt realizm üslubunda diqqət mərkəzinə çəkmişlər. Bu məqamda görkəmli sənətkarlar olan Tahir Salahovu "Dəniz neftçiləri" və ya "Təmirçilər" kompozisiyasında, Ömər Eldarovu isə "Gənc qvardiya" barelyefində və Sevastopol şəhərində ucaldılmış "Azərbaycan diviziyası" heykəl-kompleksində yalnız mövzunun sovet dövrü üçün aktual olması xilas etmişdir. Əslində isə mövzusunun aktuallığı baxımından sosialist realizmi yaradıcılıq metodu ilə səsləşən belə kompozisiyalı heykəllərində Ömər Eldarov mahiyyət etibarilə sosializm cəmiyyətindəki çətinliklərlə üz-üzə qalan, dərin sarsıntılar keçirən, mərd, dözümlü insanların ən çətin anlarda da ümidlərini itirmədiklərini böyük ustalıqla, məharətlə ifadə edə bilmişdir. Bu mənada, xarici mətbuatda işlədilən "sərt realizm" təyinatı sosialist realizminin təzahür formalarından biri kimi yozularaq, müəllifinin cəmiyyətin irəliyə doğru inkişafındakı maneələri göstərərək sabaha ümidlə baxması ampluasında mənalandırılmışdır. Əsl həqiqətdə isə Xalq rəssamı Tahir Salahovun həyatın təzadlarını əks etdirən rəsmlərində olduğu kimi, Ömər Eldarov da süjetli heykəltaraşlıq əsərləri ilə Azərbaycan xalqının keçdiyi gərgin məsuliyyətli və şərəfli yolların epopeyasını yaratmışdır.

Beləliklə, Ömər Eldarovun sənətində heykəl yalnız şəxsiyyətin deyil, geniş mənada Zamanın abidəsi statusunu yerinə yetirir. Bu mümkün olmadığı hallarda isə Ömər Eldarov Tokay Məmmədovla birlikdə ucaltdıqları Məhəmməd Füzuli heykəlində olduğu kimi, düşündüyü süjeti abidənin pyedestalında və ya Hüseyn Cavid heykəl-kompleksindəki kimi ətraf sütunlarda əks etdirməyi bacarmışdır.

Ömər Eldarov Azərbaycan monumental heykəltaraşlığının tarixinə həm də görkəmli barokkoçu rəssam kimi daxil olur. Süjetli heykəlləri Ömər Eldarovun mahir rəssam-heykəltaraş olduğunu nümayiş etdirir. Fərq ondadır ki, rəssamların boya, yaxud qələmlə çəkdiklərini Ömər Eldarov tişə ilə, daşdan yonaraq ifadə etmək istedadına malikdir...

Düşünən heykəltaraşlıq məktəbi

Xalq rəssamı Ömər Eldarovun yaradıcılığı Azərbaycan monumental heykəltaraşlıq sənətində görkəmli siyasi və ədəbi şəxsiyyətlərin özünəməxsus heykəllərini yaratması ilə səciyyələnir. Düşüncə Ömər Eldarovun şəxsiyyət heykəllərinin xarakter xüsusiyyətini müəyyən edir. Onun heykəlləri düşünən, mütəfəkkir baxışlarına malik olan heykəllərdir. Məlum olduğu kimi, Azərbaycan heykəltaraşlığında dinamik (əl hərəkəti qabarıq olan), statik (pasport şəkli kimi) və monumental (əzəmətli) obrazlar yaratmaq ənənəsi geniş yer tutur. Milli heykəltaraşlıq sənətində düşünən heykəltaraşlıq üslubunun xüsusi bir istiqamət səviyyəsinə çatdırılması məhz Ömər Eldarovun adı ilə əlaqədardır. Ömər Eldarovun ilk heykəllərindən olan əsərini "Şairə Xurşidbanu Natəvanın portreti" adlandırması (1955) onun müraciət etdiyi obrazı xarakterik portret cizgiləri ilə birlikdə ifadə etmək qayəsinin ifadəsidir. İstedadlı heykəltaraş Xurşidbanu Natəvanın əlindəki qələmi kompozisiyaya daxil etməklə onun şairəlik istedadından gələn lirizmi diqqət mərkəzinə çəkmişdir. Şairənin gözlərində və sifətində rəssam dəqiqliyi ilə çəkilmiş dərin kədər onun cavan yaşlarında oğlunu itirməsindən doğan hüznü geyimindəki gümüş kəmər və saçaqlı yaylıq bəy-xan nəslinə mənsub olduğunu xatırladır.

Məsələnin bu cəhəti xüsusilə maraq doğurur, çünki sovet hakimiyyəti illərində şairə Natəvana həsr edilmiş elmi və bədii əsərlər, rəsm əsərləri yaratmaq mümkün olsa da, Qarabağ xanının qızının portretini çəkmək, heykəlini ucaltmaq ağla sığacaq iş deyildi. Heykəlin dövrün ictimai-siyasi mühiti və elmi-mədəni dairələri tərəfindən normal qarşılanması isə ilk növbədə abidənin Bakı şəhərində ucaldığı 1960-cı ildə bütövlükdə Sovetlər İttifaqında, o cümlədən də, Azərbaycanda İosif Stalinin vəfatından sonra baş vermiş "Xruşov mülayimləşməsi" hadisəsi ilə əlaqədar idi. İkincisi, Xurşidbanu Natəvanın heykəlinin Azərbaycan SSR Ali Sovetinin sədri, görkəmli xadim, Xalq yazıçısı Mirzə İbrahimov tərəfindən sifariş edilməsi də ehtimal olunan maneələrin ondan yan keçməsinə sırf səbəb olmuşdur. Üçüncüsü isə Ömər Eldarov Xurşidbanu Natəvanın heykəlində yerləşdirdiyi zinət əşyalarını kompozisiyada Azərbaycan qadınına aid detallar kimi elə yerli-yerində işləmişdir ki, nəinki tamaşaçı, hətta senzura onların bəy-xan nəslinə aid olmasından çox, xalqımızın tarixi keçmişini əks etdirən reallıqlar kimi qəbul etmişdir. Bütün bunlara görə Ömər Eldarovun yaratdığı Xurşidbanu Natəvanın heykəli Bakı şəhərinin ən seçilmiş mərkəzi yerlərindən birində ucaldılmışdır. Bu, cavan heykəltaraş Ömər Eldarovun çox mahir yaradıcılıq uğuru idi. Xurşidbanu Natəvanın heykəli Ömər Eldarovun düşünən heykəllər serialının uğurlu başlanğıcıdır.

Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətində tişə ilə fırçanın imkanlarını üzvi surətdə birləşdirərək, canlı, ifadəli heykəllər yaratmağı bacarmışdır. Ömər Eldarov Azərbaycanda heykəltaraşlıq sənətinin rəssamı funksiyasını yerinə yetirən nadir sənətkarlardan biridir. Məhz tişə ilə həm də fırçanın görə biləcəyi işləri həyata keçirməyi bacarması onun yaratdıqları obrazların təkcə bədən quruluşunu deyil, eyni zamanda, sifətindəki cizgiləri, məsələn fikri, düşüncəni, kədəri və təbəssümünü də təsvir etməsinə imkan yaratmışdır. Bu isə öz növbəsində Ömər Eldarovun düşünən heykəllər silsiləsi yaratmasına meydan açmışdır. Düşünən və düşündürən heykəllər yaratmaq demək olar ki, Ömər Eldarov sənətinin özünəməxsusluğunu müəyyən etmişdir. Ömər Eldarovun Tacikistanın Düşənbə şəhərində ucaldılmış Sədrəddin Ayninin (1978) və məşhur İbn Sinanın (1980), Hindistanın Comolunqması sayılan, Nobel mükafatı laureatı Robindranat Taqorun (1987), Ankaradakı İhsan Doğramacının (2001), maestro Niyazinin (2017) Bakı şəhərindəki heykəlləri mütəfəkkir heykəltaraş düşüncəsinin möhtəşəm abidələridir. Ömər Eldarovun Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarından olan Hüseyn Cavidin Bakı şəhərindəki heykəlində ifadə olunan dərin düşüncə və romantik kədərin daşlaşmış məbədinin ifadəsidir. Hüseyn Cavidin əlləri qoynunda çarpazlaşdırılmış şəkildə təqdim olunması filosof sənətkarın həyata, cəmiyyətə dərin baxışlarını mənalandırır. Nəhayət, Hüseyn Cavidin böyük planda təqdim olunmuş əzəmətli heykəlində ədibin başını aşağıya meyillənmiş, nəzərləri məchul bir nöqtəyə dikilmiş vəziyyətdə təsviri də düşünən heykəltaraşlığın səciyyəvi əlamətidir. Doğrudur, Hüseyn Cavid heykəlinin kompozisiyasındakı dinamika şairin romantik kədərinin xalqının gələcəyi ilə əlaqədar dərin ümidlərlə bağlı olduğunu düşünməyə əsas verir. Bu yolla düşünən Hüseyn Cavidlə düşündürən süjet xətti obrazın xarakterini, taleyini və bütövlüyünü tamamlayır. Hətta Hüseyn Cavidin heykəlinin pyedestalını təbii daşdan yonmaqla Ömər Eldarov sənətkarın qazandığı əbədiyyəti heykəltaraşlıq dili ilə nəzərə çatdırmışdır.

Qeyd etmək lazımdır ki, Ömər Eldarovun əksər heykəllərində nəzərləri aşağıya zillənmiş baxış detalı vasitəsilə fikir ifadə etmək səciyyəvi xüsusiyyətlərdən biridir. İlk sənət əsəri olan Xurşidbanu Natəvanın heykəlinin Tokay Məmmədovla birlikdə hazırladıqları Məhəmməd Füzuli heykəlində, dahi Üzeyir Hacıbəylinin Avstriyanın paytaxtı Vyana şəhərində və Bakıda Fəxri xiyabandakı qəbirüstü abidəsində, hətta Nobel mükafatı laureatı Robindranat Taqorun heykəllərində də Ömər Eldarov obrazın dərin düşüncələrini, onun aşağıya doğru baxışlarını təsvir etməklə nail olmuşdur.

Sovet incəsənətindəki nikbinliklə müasirlik prinsiplərinin hakim olduğu dövrdə Ömər Eldarovun düşünən, narahat, həyəcanlı mütəfəkkir obrazları yaratması onun yaradıcılıq metodu kimi seçdiyi sərt realizmin heykəllərdə ifadə olunmuş təzahürləridir. Onun əksər heykəllərində sərt realizmdən fərqi bədii ifadə vasitələrini görmək mümkündür. Ömər Eldarovun rəssam Səttar Bəhlulzadənin abidəsi (1965) isə realist-romantik heykəldir. Böyük sənətkarın üzündəki dərin düşüncə və əllərinin budaq şəklində təqdimatı onun Azərbaycan təbiətinin incəliklərini tapıb üzə çıxarmaq və yağlı boya ilə kətana köçürmək istedadının ağacdan yonulmuş təbii görüntüsüdür. Təkrarsız rəsm əsərləri kimi, Səttar Bəhlulzadə özü də Ömər Eldarovun təqdimatında yaradıcı dühanın dərin düşüncələrini bütün təbiiliyi ilə əks etdirir. Bu mənada yaradıcılığındakı romantik meyil Ömər Eldarov sərt realizminə fərqli çalarlar əlavə edir.

Bütün bunlar göstərir ki, mahir heykəltaraş Ömər Eldarov heykəlin əzəmətini canlandırarkən, onun fikir və düşüncələrini ifadə edərkən görkəmli elm xadimi, əsl akademikdir. Onun sənətində heykəltaraşlıqla akademik düşüncənin möhkəm üzvi sintezi vardır. Akademik yanaşma ilə bədii idrakın vəhdəti Ömər Eldarovun heykəltaraşlığının mahiyyətini təşkil edir. Ömər Eldarovun zəngin yaradıcılığı mütəfəkkir heykəltaraşlıq akademiyasıdır. Uzun illər Azərbaycan Rəssamlıq Akademiyasının rektoru olmuş Ömər Eldarov Azərbaycanda akademik heykəltaraşlıq məktəbinin yaradıcısıdır. Ömər Eldarov Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik heykəltaraşlığın fəxridir. Bütün bunlara görə Ömər Eldarov özü də xalq rəssamı fəxri adı ilə akademik elmi rütbəsini eyni ucalıqda daşıyan və yaşadan mütəfəkkir heykəltaraşdır. Dahi heykəltaraşın əksər heykəlləri həm də onun möhtəşəm elmi əsərləridir.

Ömər Eldarovun hələ 20 il bundan əvvəl öz təşəbbüsü ilə heç bir sifariş almadan Azərbaycanda xalq müdrikliyinin rəmzi kimi qəbul edilən Dədə Qorqudun heykəlini hazırlaması onun düşünən heykəltaraşlıq məktəbi yaratmaq istiqamətindəki düşünülmüş addımıdır. Heykəltaraşlıqda Dədə Qorqudun obrazını yaratması Ömər Eldarovun yaradıcılığında düşünən heykəltaraşlığın təsadüfi olmadığını, seçilmiş, düşünülmüş bir yol olduğunu isbat edir. Dədə Qorqudun heykəli Ömər Eldarovun düşünən heykəlinin ümumiləşdirilmiş ifadəsidir. Xalq rəssamı, akademik Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətinin yaşayan Dədə Qorqududur.

Qranitlə əbədiləşdirilən dövlətçilik

Ümumiyyətlə, Xalq rəssamı Ömər Eldarov böyük şəxsiyyətlərin obrazlarını yaradarkən onların fəaliyyətlərinin vətənə, dövlətə və xalqa bağlılığını vəhdətdə ifadə etmək ideyasını ön mövqeyə çəkir. Ömər Eldarovun bütün əsərlərində özünü göstərən bu prinsiplər cəm halda ustad heykəltaraşın görkəmli dövlət xadimi Heydər Əliyevə həsr olunmuş heykəl-abidələrində özünün parlaq əksini tapmışdır. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çoxsaylı heykəllərini yaratmış Ömər Eldarov heç vaxt özünü təkrar etməmişdir. O, hər dəfə bu dahi şəxsiyyətin obrazını yaradarkən onu fərqli bir düşünülmüş detalla daha da zənginləşdirmişdir. Ömər Eldarovun heykəltaraşlıq əsərlərində xalqımızın və ölkəmizin xilaskarı, müstəqil dövlətimizin banisi və böyük qurucusu Heydər Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdriklik və uzaqgörənliyi, xalqa bağlılığı parlaq şəkildə əks etdirilmişdir. O, mümkün olduqca heykəllərində böyük müasiri, yaxından tanıdığı, şəxsiyyətinin və siyasətinin miqyasını aydın surətdə mənimsədiyi Ulu öndər Heydər Əliyevin malik olduğu dərinlik və ucalığın mahiyyətini açmağa çalışmışdır.

Görkəmli dövlət xadimi Heydər Əliyevin heykəli ilk dəfə 1987-ci ildə Ömər Eldarov tərəfindən yaradılmışdır. Sovet İttifaqı Kommunist Partiyası Siyasi bürosunun iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş görkəmli dövlət xadimlərinin doğulduqları şəhərdə büstünün uzadılması haqqındakı qərarına əsasən həmin yüksək göstəriciyə malik olan SSRİ Nazirlər Soveti Sədrinin Birinci müavini Heydər Əliyevin dünyaya gəldiyi Naxçıvan şəhərindəki büstünün müəllifi Xalq rəssamı Ömər Eldarovdur. Bu, Ulu öndər Heydər Əliyevin sağlığında ucaldılmış ilk heykəltaraşlıq nümunəsidir.

Ömər Eldarovun yaratdığı Heydər Əliyev heykəlləri dahi şəxsiyyətin qüdrətinin bədii ifadəsi sahəsində ciddi yaradıcılıq axtarışları aparılması ilə bərabər, bu heykəllərin ucaldılması üçün münasib məkanın tapılması ilə də müəyyən olunur. Ulu öndərin öz sağlığında, 1987-ci ildə Naxçıvanda ucaldılmış büstünün arxasında görünən Möminə xatun türbəsi və Araz çayı onun böyük vətənpərvər, uzaqgörən azərbaycançı dahi rəhbər olduğunu göstərir. Eyni zamanda, Naxçıvandakı büstünün ətrafında bir neçə ölkənin - Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının coğrafi sərhədləri və ərazilərinin görünməsi Heydər Əliyevin beynəlxalq aləmdə qəbul olunan dünya miqyaslı böyük siyasi xadim olması fikrini ifadə edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanındakı əzəmətli heykəlinin fonundakı xatirə muzeyi Azərbaycan xalqının ən çətin, məsuliyyətli illərində böyük dövlət xadiminin bu diyarda çalışıb işlədiyinə, xilaskarlıq missiyasını həyata keçirməsinə mənalı bir işarədir. Türkiyə Cümhuriyyətinin Qars şəhərində ucaldılmış Heydər Əliyev abidəsinin fonundakı qədim və möhtəşəm Qala bu qüdrətli liderin türk dünyasında daşıdığı missiyanı dolğun surətdə ifadə edir. Açıq səma və doğma torpaq ölkəmizin müxtəlif regionlarında ucaldılmış Heydər Əliyev heykəllərinin daşıdığı əbədiyyət mənasını diqqət mərkəzinə çəkir.

Bakı şəhərində Fəxri xiyabandakı Heydər Əliyev kompleksi üçün seçilmiş fon - mərmər qranit üzərində Azərbaycan xəritəsinin canlandırılması rəmzi şəkildə Heydər Əliyevin ölməz adının Azərbaycan xalqı ilə və müstəqil dövlətimizlə əbədiyyətə qədər bərabər olacağını mənalandırır. Fəxri xiyabandakı Heydər Əliyev heykəl-kompleksi Azərbaycan memarlığının şah əsəridir. Bu möhtəşəm abidə sözün əsl mənasında xalqımızın və dövlətimizin simvoluna çevrilmiş Ümummilli liderin bütün əzəmətini özündə əyani surətdə əks etdirir. Hər dəfə insanlar bu ölməz sənət abidəsinin qarşısından keçərkən dərin iftixar hissi "Borcumuzdur bu ehtiram" - deyərək irəliyə doğru inamla addımlayırlar.

Ümumiyyətlə, Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətində dövlətçilik təfəkkürünün yerini və əhəmiyyətini geniş və qabarıq şəkildə əks etdirən heykəltaraşdır. Ümummilli lider Heydər Əliyevə həsr etdiyi heykəllər qalereyası böyük sənət əsərləri olmaqla yanaşı, həm də Azərbaycanın dövlət müstəqilliyinin heykəllərə çevrilmiş sanballı əsərləridir.

Eyni zamanda, Ömər Eldarovun təqdimatında Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün Bakı şəhərindəki heykəli də qardaş ölkənin müstəqil dövlətçilik abidəsi kimi ucaldılmışdır. Dağıstanda, Mahaçqala şəhərində qoyulmuş görkəmli elm və dövlət xadimi Əziz Əliyevin əzəmətli heykəlində də çoxcəhətli fəaliyyətə malik bu görkəmli şəxsiyyətin tərcümeyi-halındakı dövlətçilik motivləri qabarıq şəkildə əks etdirilmişdir. Bütün bu heykəllər həm də Ömər Eldarovun mükəmməl dövlətçilik baxışlarına malik görkəmli elm və sənət xadimi olduğunu göstərir. Buna görədir ki, Azərbaycan cəmiyyətində Ömər Eldarov həm də tanınmış ictimai xadim kimi qəbul olunur. Görkəmli dövlət xadimi Heydər Əliyev Xalq rəssamı Ömər Eldarovun sənətinə yüksək qiymət verərək demişdir: "Ömər Eldarov Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmət göstərmişdir. Mən Ömər Eldarovu çox illərdir ki, yaxından tanıyıram. Onun əsərlərinin demək olar ki, hamısı ilə tanışam. Ömər Eldarovun yaratdığı heykəltaraşlıq əsərləri  Azərbaycan mədəniyyətini zənginləşdirmişdir".

Heykəltaraşlıqda lirizm

Xalq rəssamı Ömər Eldarovun heykəltaraşlığında lirizmin və bədii detalların zənginliyinin də özünəməxsus yeri vardır. Onun demək olar ki, bütün heykəllərində lirika əlamətləri həkk olunmuşdur. Şairə Natəvanın heykəli sanki bütünlüklə şeiriyyətdən yoğrulmuşdur. Ömər Eldarovun Natəvanı qranitdən yoğrulmuş lirik-romantik nəğmədir. Məhəmməd Füzulinin heykəlinin pyedestalındakı Leyli və Məcnun obrazlarının təsvirləri dahi şairin lirikasının daşlaşmış rəmzləridir.

Akademik Zərifə xanım Əliyevanın Ömər Eldarov tərəfindən yaradılmış abidəsi sözün həqiqi mənasında Azərbaycan milli heykəltaraşlıq sənətinin müasir səviyyəsinin yüksək göstəricisidir. Fikrimizcə, bu nadir sənət əsərinin "Elegiya" adlandırılması da təsadüfi olmayıb, həm də abidənin ruhundakı mehri, insanpərvərliyi, lirizmi mənalandırır. Akademik Zərifə xanım Əliyevanın abidəsini özünün lirizmi etibarilə bu sahədə Azərbaycan poeziyasının şah əsərlərini yaratmış Məhəmməd Füzulinin lirikası ilə müqayisə etmək olar. Zərifə xanım Əliyevanın abidəsi Azərbaycan heykəltaraşlıq sənətinin tuncdan tökülmüş incə ruhlu poeziyasıdır. Zərifə xanım Əliyevanın heykəli tişə ilə də lirika yaratmağın mümkünlüyünün isbatıdır. Nəhayət, Zərifə xanım Əliyevanın heykəli Ömər Eldarovun sərt realizmi daxilindəki romantik üslubi çalarların möhtəşəm təqdimatıdır.

Ömər Eldarovun yaratdığı akademik Zərifə xanım Əliyevanın heykəli Azərbaycan heykəltaraşlıq sənətinin şedevridir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev Ömər Eldarovun dahiyanə şəkildə canlandırdığı akademik Zərifə xanım Əliyevanın heykəlinin 1997-ci ildə Bakı İncəsənət Muzeyində keçirilən təqdimat mərasimində aşağıdakı kimi yüksək qiymət vermişdir: "Görürsünüz, bu, adi əsər deyil. Bu əsərdə məni valeh edən, - bu sözü tam həqiqətlə deyirəm, - sevindirən və məndə böyük hissiyyatlar doğuran odur ki, bu əsərdə böyük fəlsəfə, məna vardır. Ən birincisi odur ki, Zərifə xanımın daxili mənəviyyatının, onun simasının daxili və xarici simasını Ömər Eldarov əks etdirə bilibdir. Eyni zamanda, o, gözəl bir heykəltaraş kimi heykəltaraşlıq məktəbinin - nəinki Azərbaycan heykəltaraşlıq məktəbinin, dünya heykəltaraşlıq məktəbinin elementlərini, yaxud onların müəyyən cəhətlərini bu əsərdə həyata keçirə bilibdir".

Sərt realizm üslubu ilə romantik çalarları birləşdirən Ömər Eldarovun yaradıcılığında realizm baxımından dünya şöhrətli böyük bəstəkar və müğənni olan Müslüm Maqomayevin heykəli də xüsusi yer tutur. Əvvəla, Bakı şəhərində, Dənizkənarı parkda, Xəzərin sahilində 2022-ci ildə ucaldılmış Müslüm Maqomayevin heykəli Azərbaycan monumental  heykəltaraşlığının qiymətli nümunələrindən biridir. Bu, mənalı və əzəmətli heykəl dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin böyük sənəti ilə xalqına və ölkəsinə sevgisinin möhtəşəm ifadəsidir.

Eyni zamanda, Ömər Eldarov Müslüm Maqomayev obrazını romantik şəkildə təsvir etməklə aşağıdakı iki mühüm vəzifəni də yerinə yetirmişdir: Müslüm Maqomayevin öz mahnıları ilə daim Azərbaycanı vəsf etdiyini, doğma xalqı və ölkəsi ilə fəxr etdiyini mənalandırmışdır; dahi müğənninin sənətinin daxilindəki ümumbəşəri romantikanı, dərin realizmi açmışdır.

Müslüm Maqomayevin heykəlinin həm də onun ölməz mahnılarının səsləndirilməsi imkanı ilə birlikdə təqdim olunması sanki böyük sənətkarın xanlı obrazın yaradılması təəssüratı yaradır. Azərbaycanın ən gözəl guşələrindən olan Bakı bulvarında mavi Xəzərin geniş üfüqlərinin fonunda ucaldılmış Müslüm Maqomayev heykəli ölməz  müğənninin bənzərsiz ifası ilə əbədiyyət qazandığını nümayiş etdirir.

Beləliklə, lirik-romantik motivlər və nümunələr Ömər Eldarovun akademik üslubunu, istinad etdiyi sərt realizm metodunu fərqli çalarlarla zənginləşdirir, onun fəlsəfi məzmunlu heykəllərinə həyat nəfəsi gətirməyə xidmət edir. Sərt realizm üslubunda yaratdığı heykəllərdə heykəltaraş-rəssam kimi çıxış edən Ömər Eldarov lirik-romantik üslubda canlandırdığı obrazlarda və lövhələrdə şair-heykəltaraş olaraq özünü büruzə verir.

Böyük sənətə yüksək qiymət

Xalq rəssamı, akademik Ömər Eldarovun Azərbaycan heykəltaraşlıq sənətinin inkişafı sahəsindəki xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. O, 1959-cu ildə, 32 yaşında ikən heykəltaraşlıqda nümayiş etdirdiyi xüsusi istedadına görə "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. Az sonra o, 1963-cü ildə - Məhəmməd Füzuli abidəsinə görə Tokay Məmmədovla birlikdə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalına və II dərəcəli diplomuna layiq görülmüşdür.

Ömər Eldarov 1963-cü ildə - Azərbaycan SSR Əməkdar incəsənət xadimi fəxri adını almışdır.

Azərbaycan SSR Dövlət mükafatı laureatı (1980) olan Ömər Eldarov 1982-ci ildə Azərbaycan Dövlət mükafatı qazanmışdır.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə Ömər Eldarov 1982-ci ildə Azərbaycan Xalq rəssamı fəxri adına layiq görülmüşdür. O, 1986-cı ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Müstəqil Azərbaycan Respublikasının "İstiqlal" (1997), "Şərəf" (2012) və "Heydər Əliyev" ordenləri (2017) ilə təltif edilmiş Ömər Eldarov eyni zamanda Heydər Əliyev Mükafatına (2022) və Heydər Əliyevin yüz illiyi medalına (2024) layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq rəssamı Ömər Eldarovun sənətinə və şəxsiyyətinə yüksək qiymət vermişdir. Ömər Eldarovun Ulu öndər Heydər Əliyevin ideyalarının böyük sənət əsərlərində yüksək peşəkarlıqla əks etdirilməsi sahəsindəki mühüm xidmətlərinin dövlət səviyyəsində qiymətləndirilməsi ölkəmizdə sənətə və sənətkara göstərilən böyük ehtiramın real təntənəsidir.

Azərbaycan Milli Elmlər Akademiyası da akademik Ömər Eldarovun xidmətlərini dəyərləndirmişdir. O, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Akademik  Ömər Eldarov 2014-cü ildə AMEA-nın Üzeyir Hacıbəyli adlı mükafatı ilə rəğbətləndirmişdir.

Hazırda Xalq rəssamı Ömər Eldarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 may 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü kimi həyatı və yaradıcılığının ən şərəfli bir dövrünü yaşayır.

 

Xalq rəssamı Ömər Eldarov Azərbaycan heykəltaraşlıq sənətinin canlı əfsanəsidir.

İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

“525-ci qəzet”

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023