Oct 22, 2024 | 14:26 Mühüm hadisələr
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar hesabına Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb.
Bu barədə qərar AMEA-nın Rəyasət Heyətinin iclasında verilib.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, tarix boyu müxtəlif türk mənşəli xalqlar və etnik qruplar Azərbaycandan keçməklə fərqli ərazilərdə yayılmış, öz mədəniyyətlərini qurmuş və inkişaf etdirmişlər. Tarixi prosesin sonrakı dövrlərində də Azərbaycan ilə qonşu türk xalqları arasında mədəni əlaqələr davam etmiş, nəticədə bədii üslub oxşarlığı meydana çıxmışdır. Bunu memarlıqda, təsviri və dekorativ-tətbiqi sənətdə, musiqi mədəniyyətində aydın görmək mümkündür. Yeni dövrdə Azərbaycan incəsənəti qonşu türk xalqlarının mədəniyyətinə xeyli təsir göstərmiş, onların inkişafına öz töhfəsini vermişdir.
AMEA rəhbəri diqqətə çatdırıb ki, çoxəsrlik qarşılıqlı əlaqələr, bədii üslub oxşarlığı, həmçinin müasir dövr elmi və mədəni münasibətləri geniş miqyaslı sənət əsərlərinin, memarlıq nümunələrinin, tarixi-nəzəri materialların meydana çıxmasına səbəb olub.
Qeyd olunub ki, onların sistemli şəkildə araşdırılması, təhlili, eyni zamanda təsnifatının aparılması, sənət tarixinin dövrləşdirilməsi problemlərinin nəzəri və metodoloji əsaslarının hazırlanması AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Türk sənət tarixi və mədəni irsi şöbəsinin yaradılması zərurətini aktuallaşdırıb.
Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda daxili imkanlar və mövcud ştat cədvəli (vahidi) əsasında Türk sənət tarixi və mədəni irsi şöbəsi yaradılıb.
www.science.gov.az