AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Aşıq Ələsgərin sənətinə və Vətəninə qayıdışının parolu
Oct 11, 2024 | 10:47 Müsahibələr, çıxışlar

Saz-söz sənətinin qüdrətli yaradıcısı Aşıq Ələsgərin Bakı şəhərinin görkəmli yerlərindən birində heykəlinin ucaldılması ölkəmizdə dövlət səviyyəsində ədəbiyyata və incəsənətə verilən yüksək qiymətin daha bir əməli ifadəsidir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu müdrik siyasətin müasir dövrdə böyük uğurla davam etdirilməsi xalqımızın milli-mənəvi varlığı qavrayışını, milli kimlik düşüncəsini daha da dərinləşdirib. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının təməl ədəbi abidəsi hesab edilən "Kitabi-Dədə Qorqud" eposunun 1300 illik yubileyinin, Aşıq Ələsgərin 150 illiyinin qeyd edilməsi istiqamətində ölkəmizdə və xaricdə həyata keçirdiyi tədbirlər milli soykökə qayıdış, azərbaycançılıq idealının qüvvətləndirilməsi kimi siyasi-ideoloji hədəflərin həyata keçirilməsinə xidmət etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ildə Bakı şəhərində Dədə Qorqud şəhərciyi salması ölkəmizin yeni nəsilləri üçün canlı vətənpərvərlik məktəbi yaratması kimi ali məqsədin həyata keçirilməsi deməkdir.

Bundan başqa, Naxçıvanda və Qazax şəhərində ucaldılan Dədə Qorqud heykəlləri Azərbaycanın bu qədim torpaqlarına erməni iddialarına böyük sənətin dili ilə ifadə olunan cavabın ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 18 may 2004-cü il tarixdə Avropanın mərkəzində - Brüssel şəhərindəki Ümumdünya Gömrük Təşkilatının baş iqamətgahının qarşısında Dədə Qorqudun heykəlinin açılışı mərasiminin keçirilməsi "Kitabi-Dədə Qorqud"un Azərbaycan ədəbi abidəsi kimi tanıdılması ilə bərabər, həm də gənc müstəqil dövlətimizin də təbliğ edilməsi baxımından əhəmiyyətli hadisədir. Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə Bakıda xalq qəhrəmanı Koroğluya heykəl qoyulması da çox mühüm müstəqil dövlətçilik və vətənpərvərlik hadisəsidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi Sərəncamı ilə 1921-ci ildə ölkəmizdə Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin geniş qeyd edilməsi aşıq sənətinin inkişaf etdirilməsinin müstəqillik dövründə də dövlətin diqqət mərkəzində olmasının göstəricisidir. Yubiley tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi, bu münasibətlə nəşrlərini yüksək keyfiyyət və kəmiyyət göstəricilərinə diqqət göstərilməsi Aşıq Ələsgər sənətinə yenidən qayıdışın reallıqlarını əks etdirir.

Müzəffər Ali Baş Komandanın iştirakı ilə 30 sentyabr 2024-cü il tarixdə Bakıda aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin əzəmətli heykəlinin ucaldılmasının mühüm ictimai-siyasi və xüsusi ədəbi-mədəni əhəmiyyəti vardır. Əvvəla, Aşıq Ələsgərə paytaxtımızda heykəl qoyulması yenə də zəngin şifahi xalq ədəbiyyatımızın, aşıq yaradıcılığı ənənələrimizin canlandırılması yolu ilə yeni nəsillərdə milli-mənəvi özünüdərk proseslərini dərinləşdirmək məqsədi izləyir. Aşıq Ələsgərə ucaldılan heykəl Azərbaycanın aşıq sənətinin zirvəsini fəth etmiş ustad aşığın böyük xidmətlərinə dövlət səviyyəsində verilmiş yüksək qiymətin əməli ifadəsi kimi də əhəmiyyətlidir.

Prezident İlham Əliyevin nitqində  Aşıq Ələsgərin abidəsinə həm də "bütün Azərbaycan xalqını... bir amal uğrunda birləşməyə dəvət edən hadisə" olaraq da yüksək qiymət verilmişdir. Ümumiyyətlə, aşıq sənətinə xas olan el-oba məclislərində xalqı öz ətrafında birləşdirmək qayəsinin bu gün Aşıq Ələsgərin Bakıdakı heykəlinin timsalında Birlik abidəsi kimi dəyərləndirilməsi aşıq sənətinin ümummilli idealları ilə müstəqil dövlətimizin müdrik siyasətinin nə qədər dərindən səsləşməsinin əyani təzahürüdür. Bundan başqa, Aşıq Ələsgərin Bakıdakı heykəli hazırda Azərbaycan Respublikasının siyasətində mühüm yer tutan Qərbi Azərbaycana qayıdış hərəkatının da əhəmiyyətli hadisəsidir. Aşıq Ələsgərin öz heykəli vasitəsilə Azərbaycanın paytaxtına gəlişi Ermənistan tərəfindən qədim Azərbaycan torpaqları olan Göyçədən və Vedibasardan, Zəngəzurdan və Dərələyəzdən zorla qovularaq, qaçqın düşmüş Qərbi azərbaycanlıların dədə-baba torpaqlarına qayıdışının paroludur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də haqlı olaraq Aşıq Ələsgərin Bakı şəhərində heykəlinin ucaldılmasına mühüm ədəbiyyat və mədəniyyət hadisəsi  olmaqla yanaşı, həm də Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsi sahəsində əhəmiyyətli addım kimi də yüksək qiymət vermişdir: "Bildiyimiz kimi, Aşıq Ələsgər ömrü boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşamış, yaratmışdır, uzun ömür yaşamışdır və ömrünün son illərində öz doğma torpaqlarını tərk etməyə məcbur olmuşdur. O vaxt onun 97 yaşı var idi. 1918-ci ildə erməni vəhşiləri azərbaycanlıları etnik təmizləməyə məruz qoymuşdular. Bu, XX əsrdə azərbaycanlıların öz qədim torpaqlarından - Qərbi Azərbaycandan birinci deportasiyası idi. Aşıq Ələsgər ailəsi ilə birlikdə qonşu Kəlbəcər rayonuna köçmüşdür. ...Amma onun Vətən sevdiyi, torpaq sevgisi o qədər güclü idi ki, bütün təhlükələrə baxmayaraq, o, təqribən üç il sonra öz doğma Ağkilsə kəndinə qayıtmış və bir neçə ildən sonra orada vəfat etmişdir".

Məlum olduğu kimi, Aşıq Ələsgərin şeirlərində Göyçə mahalının azərbaycanlıların dədə-baba torpaqları olmasına dair əhəmiyyətli fikirlər vardır. "Adım Ələsgərdi, Göyçə mahalım", yaxud "Adım Ələsgərdi, əslim göyçəli" - deyən böyük sənətkar əslinin-nəslinin də Göyçə mahalında yaşadığını bəyan etməklə bu ərazilərin qədim Azərbaycan torpağını olduğunu diqqətə çatdırır. Aşıq Ələsgərin şeirlərində Göyçə mahalının "bahar vaxtı yaz ayları gələndə, süsənli-sünbüllü, ...xəstə üçün təpəsində qar olan, çeşməsindən abi-həyat car olan", "möhnəti-məlalı dağıdan" əzəmətli dağları ilhamla tərənnüm olunmuşdur. Ustad aşıq Göyçə mahalını sazın-sözün də əsas ilham mənbələrindən biri olduğunu deməklə, Göyçə ədəbi mühitinin də çoxəsrlik ənənələrə malik olduğunu bəyan etmişdir. Bununla belə, Azərbaycan ədəbiyyatşünaslıq elminin, xüsusən folklorşünasların diqqət yetirdikləri bu təbiət motivləri Prezident İlham Əliyevin qiymətləndirməsindəki real siyasi çalarların işığında yenidən təhlil edilərək, özünün ictimai məzmunlu obyektiv elmi qiymətini almalıdır. Sovet dövründə, "beynəlmillətçi" ideoloji mühitdə, "erməni məsələsinin" Kreml tərəfindən müdafiə edilməsi şəraitində Aşıq Ələsgərin Kəlbəcər səfərindən yalnız qohumluq əlaqələri mənasında söz açılması o zamanın reallığını əks etdirirdi. Dövlət başçımızın Aşıq Ələsgərin həyatı və yaradıcılığın səciyyəvi detallarının ictimai-siyasi mahiyyətini açıb göstərməsi ustad sənətkarın ədəbi irsinə münasibətdə humanitar və ictimai elmlərin də dərinliklərə doğru inkişaf etdirilməsini tələb edir.

Bu zəmində Aşıq Ələsgərin səfərlərini əks etdirən dastan-rəvayətlərindəki hadisələr və simalar da yenidən təhlil edilib, senzurasız dövrün yaratdığı yeni imkanlar hesabına obyektiv elmi mövqedən dəyərləndirilməlidir. İndi Aşıq Ələsgərin nəsil şəcərəsi, dostları və əleyhdarları, ailə münasibətləri haqqında gerçək elmi söz deməyin tam zamanıdır. Bütün bunlar Aşıq Ələsgərin tərcümeyi-halının yenidən və elmi əsaslarla yazılmasını tələb edir. Bundan başqa, hesab edirik ki, Aşıq Ələsgərin dinə münasibəti, din xadimləri ilə əlaqələri də yenidən araşdırılmalıdır. Dünyəvi şairin səfərlərindəki bəzi ehyamlar və tənqidi notlar heç də onun ateist olmasını deməyə əsas vermir. Eyni zamanda, şeirlərindəki bəzi rəmzlərə və dini yönlü adlara və motivlərə istinad edərək haqq aşığını mömin bir dindar kimi qələmə vermək də doğru elmi yanaşma sayıla bilməz. Bu baxımdan Aşıq Ələsgərin ictimai baxışları və fəlsəfi görüşləri məsələsinə yenidən qayıtmağa ehtiyac vardır.

Aşıq Ələsgər lirikasının obrazlığı baxımından Azərbaycan aşıq poeziyasının Məhəmməd Füzulisidir. Məhəmməd Füzuli Azərbaycan və Şərq klassik poeziyasının inkişafında hansı rola və xidmətlərə malikdirsə, Dədə Ələsgər də Azərbaycan-Türk aşıq ədəbiyyatında eyni mövqeyə və təsir imkanlarına malikdir. Azərbaycanın baş Ozanı Dədə Qorquddan sonra müstəqillik dövrü ustad aşıqlarımıza qədər Azıq Ələsgərdən uca zirvə yoxdur. Ələsgər aşıq ədəbiyyatının nizamnaməsinin yaratmış mütəfəkkir aşıqdır. Aşıq Ələsgərin ən yaxşı qoşmaları, gəraylıları Azərbaycan aşıq ədəbiyyatının şedevrləridir. Qafqazda məşhur olan Aşıq Ələsgərin Türkiyədə və İranda da davamçıları və pərəstişkarları vardır.

Aşıq Ələsgər sənətində realizmdən yetərincə yazılmışdır. Zatən aşıq sənəti əsasən realist ədəbiyyat nümunəsidir. "Aşıq gördüyünü çağırar" - kimi müdrik kəlam aşıq ədəbiyyatının realist üslubda kökləndiyi və inkişaf etdiyini nümayiş etdirir. Xalq yazıçısı, akademik Mirzə İbrahimovun "Aşıq ədəbiyyatında realizm" kitabı bu həqiqəti elmi cəhətdən obyektiv şəkildə əks etdirir. Aşıq Ələsgər də sözün həqiqi mənasında realist sənətkardır. Bununla belə, Aşıq Ələsgərin şeirləri və eləcə də digər aşıqlarımızın yaradıcılığı romantik düşüncələrlə zəngin xəzinədir. Hətta Aşıq Ələsgərin dağlar və yaylaq şeirlərində də romantik düşüncələr öz əksini tapmışdır:

Keçər ellər, düşər səndən aralı,

Firqətində gül-nərgizlər saralı,

Ələsgər Məcnun tək yardan aralı,

Gəzər səndə dərdli-nalalı dağlar.

Əlbəttə, bu məqamda Aşıq Ələsgərin yaradıcılığında romantizm axtarılmamalıdır. Romantizm ədəbi cərəyanı ilə romantik düşüncəni və ya romantik tərənnümü heç cür eyniləşdirmək olmaz. Ümumiyyətlə, aşıqlar hər hansı ədəbi cərəyanın deyil, ümumxalq məclislərinin, el-oba cəmiyyətinin təmsilçiləridirlər. Ancaq onların da yaradıcı insan olaraq qayğısı, ağrısı, doğrusu olduğu kimi arzusu, niyyəti, gələcəyə baxışları da vardır. Aşıq Ələsgər sənətindəki romantik notlar onun yaradıcılığının realist mahiyyətinin daxili zənginliyinin poetik ifadəsidir. Bu mənada Aşıq Ələsgərin romantizmindən yox, şeirlərindəki romantikadan bəhs etmək aşığın yaradıcılığının cazibədarlığını və əlvanlığını göstərmək baxımından əhəmiyyətlidir.

Aşıq Ələsgərin heykəlinin ucaldılması bu böyük el sənətkarının şəxsiyyətinə və sənətinə ümumxalq mənbələrinin ifadəsidir. Aşıq Ələsgərin Göyçə mahalının Ağkilsə kəndindəki məzarüstü abidəsinin ermənilər tərəfindən vəhşicəsinə dağıdılması isə vandalların mənfur xislətinin daha bir təzahürüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bakıda Aşıq Ələsgərin heykəlinin açılışı mərasimindəki nitqində də vandallığın, dağıdıcılığın, bədxahlığın ermənilərin yaramaz niyyətlərinin, qeyri-insani xüsusiyyətlərinin göstəricisi olduğu konkret faktlarla və Qarabağda törədilmiş vandalizm hadisələri ilə əlaqəli şəkildə diqqətə çatdırılmışdır: "Hamımız yaxşı bilirik ki, 1970-ci illərdə Ulu öndərin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir... Bu yubiley münasibətilə doğma Ağkilsə kəndində onun abidəsi ucaldılmışdır. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda (1988-1990-cı illərdə - İ.H.) erməni vandalları onun abidəsini dağıtmışdılar. Necə ki, indi biz hamımız bunu görürük. Qarabağda, Şərqi Zəngəzurda bizim tarixi abidələrimiz, görkəmli şəxsiyyətlərin abidələri, məscidlərimiz, qəbiristanlıqlarımız erməni vandalları tərəfindən dağıdılmışdı. Bu praktika yeni deyil, əsrlər boyu dünyanın gözü qarşısında bizə qarşı bu ədalətsizlik, bu vəhşilik törədilirdi".

Bir neçə kəlmə də Aşıq Ələsgərin Bakı şəhərində ucaldılan heykəli haqqında fikirlərimi ifadə etmək istəyirəm. Hesab edirəm ki, Bakı şəhərində Aşıq Ələsgərə ucaldılan heykəl bu böyük sənətkarın gerçək obrazının canlı ifadəsidir. Aşığın qəbul edilmiş zahiri görünüşü də, şeirlərindən öyrəndiyimiz daxili aləmi də Aşıq Ələsgərin heykəlində ana xətləri ilə öz əksini tapmışdır. Nəzərə almaq lazımdır ki, fotodan fərqli olaraq heykəldə daha çox sənətkar üçün ən çox səciyyəvi olan xüsusiyyətlərin əks etdirilməsinə xüsusi diqqət yetirilməlidir. Fikrimcə, Xalq rəssamı Natiq Əliyev Aşıq Ələsgərin tərcümeyi-halını, ömür və sənət yolunu, yaradıcılıq dünyasını yaxşı öyrənmiş və yaratdığı heykəldə bacarıqla canlandırmışdır. Heykəlin qranit postamentinin qaya parçası görüntüsündə təqdim edilməsi Aşıq Ələsgərin heykəlinə təbiilik, xalqa və doğma torpağa bağlılıq ruhu gətirmişdir. Heykəldə Aşıq Ələsgər sənətinin realizmi ilə romantikası vəhdətdə ifadə olunmuşdur. Aşıq Ələsgərin heykəldəki qürurlu qaməti, şax duruşu onun həyatdakı və xarakterindəki gerçək əyilməz ruhunu, dillənən telli sazı ilə qəlbində çağlayan romantik arzularını, düşüncələrini mənalandırır. Xalq rəssamı Natiq Əliyev ümumiləşdirilmiş aşıq obrazı yox, özünəməxsus saz-söz dünyası olan ustad Aşıq Ələsgərin obrazını yaratmağa müvəffəq ola bilmişdir. Heykəl üçün seçilmiş iki yolun qovşağı Aşıq Ələsgərin heykəlinin tamaşaçılarını artırmaqdan başqa, Göyçə mahalı ilə Kəlbəcər arasında qalan Aşıq Ələsgərin doğma Vətənin bütövlüyü mənasında ölkəmizin paytaxtı Bakıda arzularına qovuşduğunu əks etdirir. Prezident İlham Əliyevin aşağıdakı sözləri də Aşıq Ələsgər sənətinin Azərbaycan xalqının böyük rəğbətini və məhəbbətini qazanmasına verilmiş siyasi qiymətin ifadəsi kimi əhəmiyyətlidir. "Onun (Aşıq Ələsgərin - İ.H.) yaradıcılığı Azərbaycan xalqının ürəyində böyük bir iz buraxmışdır ki, 200 il keçəndən sonra yenə də o görkəmli şəxsiyyət, vətənpərvər insan öz xalqını, Vətənini sevən insan kimi xalqımızın yaddaşında yer tutub. Əlbəttə, biz onun simasında xalqımızın yüksək ruhunu görürük".

Xalq rəssamı Natiq Əliyevin ucatdığı Aşıq Ələsgər heykəli cənab Prezidentin bəyan etdiyi görkəmli el sənətkarının yüksək vətənpərvərlik ruhunun tuncdan və qranitdən yoğrulmuş diqqətəlayiq abidəsidir. Aşıq Ələsgərin heykəlinin Bakıda ucaldılması da Prezident İlham Əliyevin dediyi kimi, "Qarabağ və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın əyilməz ruhunun" əyani ifadəsidir. Möhtərəm Prezidentimiz kimi xalqımız da əmindir ki, eyni ibrətamiz mənzərə Qərbi Azərbaycana qayıdış dövründə də canlanacaqdır.

Aşıq Ələsgərin Bakı şəhərindəki heykəli xalqımızın bu böyük sənətkarın ölməz sənətinə və ustad aşığın isə sözün geniş mənasında doğma vətəninə, ölkəsinə qayıdışının əməli ifadəsidir. Aşıq Ələsgərin Bakı şəhərindəki heykəli Qərbi Azərbaycana qayıdışın da paroludur. Bu heykəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallığıdır. Aşıq Ələsgərin heykəli Azərbaycan heykəltaraşlıq sənətinin yaddaqalan hadisəsidir.

7 oktyabr 2024-cü il

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

“525-ci qəzet”

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023