Oct 04, 2024 | 10:12 Görüşlər
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində ölkəmizdə səfərdə olan Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının (IAP) nümayəndəsi Dr. Robin Fears ilə görüşüb.
Görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanın COP29 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsinin tarixi hadisə olduğunu deyib və Bakı İqlim Fəaliyyəti Həftəsinin COP29-a hazırlıq üçün mühüm mərhələlərdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, bu konfrans vasitəsilə Akademiya ölkəmizə səfər edən dünyanın tanınmış və nüfuzlu alimləri ilə geniş əlaqələr qurmaq, əməkdaşlıq etmək imkanı əldə edir.
Qonağa Akademiyanın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verən akademik İsa Həbibbəyli dövlət başçısının müvafiq Fərmanı ilə ölkəmizdə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirildiyini, AMEA-nın artıq öz tərkibində humanitar və ictimai elmləri, eləcə də seysmologiyanı cəmləşdirdiyini söyləyib. Bundan əlavə, AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri, Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri kimi bölmələrinin də fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, AMEA-nın elmi bölmələrinin fəaliyyət istiqamətləri çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş konfranslar keçirilib, iqlim dəyişmələrinə dair geniş müzakirələr keçirilib.
AMEA rəhbəri yaxın günlərdə isə Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə növbəti konfransın keçiriləcəyini, “yaşıl dünya” və iqlim dəyişmələri ilə bağlı tarixçi, filosof, ədəbiyyatşünas, folklorşünas alimlərimizin baxışlarının müzakirə olunacağını vurğulayıb.
Akademik İsa Həbibbəyli qonağa, həmçinin AMEA-nın beynəlxalq əlaqələri barədə geniş məlumat verib və bildirib ki, Akademiya son 2 ildə tarixində ilk dəfə olaraq nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilib. Qeyd edib ki, AMEA Beynəlxalq Elmi Şuranın, eləcə də Asiya Elmlər Akademiyaları və Elmi Cəmiyyətləri Assosiasiyasının, son olaraq da Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının səsvermə hüququna malik tamhüquqlu üzvü seçilməklə dünya elmində gedən proseslərdə yaxından iştirak edir.
AMEA rəhbəri Milli Elmlər Akademiyasının humanitar və ictimai elmlər sahəsində IAP-la əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
Görüşdə çıxış edən IAP nümayəndəsi Dr. Robin Fears AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin dünyadakı nüfuzunu daha da artırdığını deyib. AMEA-da keçirilən “Yaşıl dünya” və COP29-a həsr olunmuş konfransları təqdir edən IAP rəsmisi, xüsusilə bu istiqamətdə humanitar və ictimai elmlər sahələrini təmsil edən alimlərin iqlim dəyişmələrinə baxışının fərqli yanaşma olduğunu bildirib.
Dr. Robin Fears Akademiyalararası Tərəfdaşlıq Assosiasiyasının 4 regional bölməsinin fəaliyyət göstərdiyini, öz tərkibində 150-yə yaxın milli, regional və qlobal akademiyaları, 30 mindən artıq alim, mühəndis və tibb mütəxəssisini bir araya gətirdiyini, elm, təhsil, sağlamlıq, enerji və digər sahələrdə qlobal problemlərin həllinə dair dövlətlərə, ictimaiyyətə elmi məsləhətlər təqdim etdiyini vurğulayıb. Qeyd edib ki, IAP dünyanın aparıcı elmi mütəxəssislərinin təcrübəsini birləşdirərək elmdə, təhsildə mükəmməlliyin təbliğini və digər mühüm inkişaf məqsədlərinə nail olmağı hədəfləyir.
Qonaq, həmçinin bioelmlər sahəsində apardığı tədqiqatlar barədə danışıb.
Görüş zamanı birgə layihələrdə iştirak məsələsi də geniş müzakirə olunub.
Daha sonra akademik İsa Həbibbəyli qonağa hədiyyələr təqdim edib.
Dr. Robin Fears AMEA Rəyasət Heyətinin binası ilə tanış olub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, görüşdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva da iştirak ediblər.
www.science.gov.az