AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin müdiri elmi simpoziumda çıxış edib
Sep 24, 2024 | 16:45 Mühüm hadisələr

Milli Musiqi günü və Üzeyir Hacıbəyli həftəsi çərçivəsində Bakıda Beynəlxalq Ənənəvi Musiqi və Rəqs sənəti Şurasının (İCTMD) elmi simpoziumu keçirilib.

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Musiqi folkloru şöbəsinin əməkdaşları – İradə Köçərli, S.Bağırova, K.Atakişiyeva və F.Mirişova tədbirə maraqlı mövzularla qatılıblar.

Şöbənin müdiri sənətşünaslıq doktoru, professor İradə Köçərli “Azərbaycan milli musiqi irsinin qorunması və bərpası məsələləri” mövzusunda çıxış edib. Məruzəçi öz çıxışında milli xalq rəqslərinin incəliklərini, xoreoqrafik zənginliyini, melodik rəngarəngliyini, janr müxtəlifliyini, eləcə də rəqqasların ifa tərzləri barədə fikirlərini söyləyib, milli rəqslərin xalqımızın ən müsbət keyfiyyətlərinin ifadəsi olduğunu qeyd edib.

Professor İ.Köçərli bir neçə maraqlı faktı da diqqətə çatdırıb. 1673-cü ildə İrəvana səyahət edən Fransız səyyahı Jan Şardən “Səyahətnamə” əsərində Sərdar sarayında Qulam şahın (Şahın İrəvanda elçisi) şərəfinə verilən musiqi məclisini təsvir edərək musiqiçi və rəqqasələrin ifası haqqında yazırdı: “Şərqdə əylənmək və ya bir-biri ilə xoş rəftar etmək xatirinə rəqs etmək adəti yoxdur. Onlarda rəqs həmişə incəsənət kimi mövcud olub, bu mənada Avropa teatr sənətinə bərabərdir, bu, onların operasıdır”. Musiqişünas alim İvan Şopenin (XIX əsrin 20-30-cu illəri) Azərbaycan musiqi mədəniyyəti, o cümlədən xalq və saray rəqsləri haqqında maraqlı fikirlər söylədiyini, qadın rəqsi olan “Mirzəyi”nin və adını çəkmədiyi “Yallı”ya bənzər kişi rəqsinin geniş təsvirini verdiyini, eyni zamanda unudulmuş “Güvənd” saray rəqsi və xoreoqrafik quruluşu haqqında maraq doğuran fikirlər bildirdiyini qeyd edib.

Alim milli musiqi irsinin, o cümlədən rəqs sənətinin qorunması məsələlərindən, həmçinin milli rəqs sənətinin qarşısında duran problemlərdən də ətraflı danışıb. Professor İradə Köçərli çıxışının sonunda bir çox milli rəqslərin bərpa edilməsi, aşıq havaları ilə oynanılan rəqslərin səhnə qoyuluşu, Tanrıçılıq dünyagörüşü ilə bağlı olan rəqs-tamaşaların yaradılması məsələlərinə də toxunub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023