Sep 23, 2024 | 12:01 Mühüm hadisələr
Özbəkistan Respublikası Mədəni Miras Agentliyinin alimləri - fəl.e.d., professor Roik Baxodirov və tarix ü.f.d. Dilşod Rasulov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi ezamiyyətdə olublar.
Qonaqları İnstitutun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Əkrəm Bağırov və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Mustafa Əliyev qarşılayıb, onlara burada mühafizə olunan qədim əlyazma nümunələri, əski çap kitabları, aparılan elmi tədqiqat işləri və yeni nəşrlər barədə geniş məlumat veriblər.
Özbəkistanda xarici ölkələrdə aparılan araşdırmaların nəticələrini əks etdirən “Özbəkistanla bağlı xarici əlyazmaların reyestri” adlı 3 cilddə kitab nəşr edilmişdir. Kitabın 4-cü və 5-ci cildlərinin ərsəyə gətirilməsi məqsədilə aparılacaq tədqiqat işləri üçün institutumuza ezam olunan R.Baxodirov və D.Rasulov Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fondunda qorunub saxlanılan ərəb, fars, türk və digər dillərdə olan yazılı abidələr və əlyazma nümunələri ilə tanış olmaq və onlar üzərində araşdırma apararaq material toplamaq istədiklərini bildiriblər. Bu məqsədlə qonaqlara institutun fondunda qorunan sənədlər üzərində tədqiqat işləri aparmaq üçün müvafiq şərait yaradılıb.
Tədqiqatçı alimlər əməkdaşlığa və göstərilən köməyə görə Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli başda olmaqla institutun rəhbərliyinə və işçi heyətinə dərin minnətdarlıqlarını bildirib, “Özbəkistanla bağlı xarici əlyazmaların reyestri” adlı 3 cildlik kitabı institut kitabxanasına hədiyyə ediblər.
www.science.gov.az