Sep 17, 2024 | 10:13 Müsahibələr, çıxışlar
Müstəqilliyin ilk illərində Azərbaycanın Qarabağ ərazisinin işğal olunmasının, soydaşlarımızın yurd-yuvasından didərgin düşməsinin, iqtisadiyyatımıza ağır zərbələr vurulmasının səbəblərindən biri də ovaxtkı respublika rəhbərlərinin məsuliyyətsizliyi, səriştəsizliyi, biganəliyi, eyni zamanda, ordumuzun yoxluğu idi. Lakin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz heyrətamiz siyasi bacarığından istifadə edərək iqtisadiyyatı bərpa etdi, neft strategiyasının təməlini qoydu, Azərbaycan Respublikası ilə dünyanın ən nüfuzlu ölkələrini təmsil edən neft şirkətləri arasında sazişin imzalanmasına nail oldu. Bütün bunlar Azərbaycan iqtisadiyyatının qısa zaman kəsiyində sürətlə inkişaf edəcəyindən xəbər verirdi. Ulu Öndər Qarabağımızın Azərbaycan torpağı olduğunu təkzibedilməz dəlillərlə, tarixi faktlarla dünya ictimaiyyəti qarşısında sübuta yetirdi, atəşkəsə nail oldu və nəhayət, ordu quruculuğuna başladı. Hamı bunu da bilir ki, silahsız əsgər qanadı qırılmış quş kimidir. Dünyanın fiziki cəhətdən ən güclü, ən cəsarətli adamı savaş meydanında silahsızdısa, əlindən heç nə gəlmir və tez bir zamanda həlak olur.
Bu fikirləri açıqlamasında AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri professor Vüqar Əhməd söyləyib. O bildirib ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla davam etdirdi, eyni zamanda, hərbi sənayenin güclü bir sıçrayışla inkişafına təkan verdi: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı erməni işğalından azad etdi. İkinci Qarabağ müharibəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin polad iradəsi, yüksək əzmkarlığı, qətiyyəti, heyrətamiz siyasəti, zabitlərimizin hərbi bacarığı, əsgərlərimizin şücaəti və rəşadəti sayəsində şanlı bir Qələbə ilə bitdi.
Lakin məğlubiyyətindən dərs almayan ermənilər öz mənfur, xəyanətkar əməllərindən əl çəkmədilər. Müharibədən sonrakı üç il ərzində dəfələrlə razılaşmaları pozdular. 2023-cü il sentyabrın 19-da isə Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər. Bir neçə saat sonra Qarabağda qanunsuz erməni qruplaşmalarına qarşı antiterror tədbirlərinə başlanıldı. İyirmi dörd saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın suverenliyi tam bərpa olundu”.
Professor vurğulayıb ki, Azərbaycan Prezidentinin məqsədyönlü xarici siyasətinin bariz göstəricisi idi ki, 44 günlük müharibə zamanı dünyanın bir çox dövlətləri Azərbaycanın bu ədalətli savaşını dəstəklədilər. “Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin və əsgərlərin rəşadəti sayəsində intəhasız bir sevinc içindədir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin”, - deyə Vüqar Əhməd fikrini yekunlaşdırıb.