AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun alimi Özbəkistanda beynəlxalq konqresdə məruzə edib
Sep 03, 2024 | 12:15 Mühüm hadisələr

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Aygül Hacıyeva Özbəkistan Respublikasının Səmərqənd şəhərində İslam Sivilizasiyası Mərkəzi və Özbəkistanın Mədəni İrsinin Tədqiqi, Təbliği və Nəşri üzrə Dünya Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Böyük əcdadların mirası Üçüncü intibahın əsasıdır” mövzusunda VIII beynəlxalq konqresdə iştirak edib.

Alim konqresin ikinci günündə “Azərbaycanda türkologiyanın təkamülü: tədqiqatların istiqamətləri və islamlaşmanın təsiri” başlıqlı məruzə ilə çıxış edib. 30 ölkədən 300-ə qədər dünyaca məşhur alimin iştirak etdiyi, Özbəkistan hökuməti, TÜRKSOY, İSESCO, İRCİCA (İslam Tarix, Sənət və Mədəniyyət Araşdırmaları Mərkəzi) və digər mühüm beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən konqresin “Elm və maarif islam sivilizasiyasının əsası kimi” adlı bölmə iclasında səslənən bu çıxış iştirakçıların böyük marağına səbəb olub. Məruzəçi ona ünvanlanan sualları cavablandırıb. 

Fil.e.d. Aygül Hacıyeva konqres əsnasında mətbuata müsahibə verib. O, türkologiya elminin gələcək perspektivlərindən danışıb və türk xalqlarının İslam sivilizasiyasına verdiyi mühüm töhfələrin təbliğinin vacibliyini vurğulayıb. Alim konqres çərçivəsində Daşkənd və Səmərqənd şəhərlərində təşkil olunan mühüm beynəlxalq görüşlərdə də iştirak edib, müxtəlif ölkələrdən olan həmkarları ilə Özbəkistanın mədəni irsinin tədqiqi istiqamətində yerinə yetirilən tədqiqatlar barədə, əldə olunan yeni elmi nailiyyətlər haqqında məlumat mübadiləsi aparıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023