AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
Jul 05, 2024 | 16:23 Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib.

Tədbiri Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli açaraq gündəlikdə qoyulan məsələlərlə iştirakçıları tanış edib. Qeyd edib ki, 2024-cü ilin 7 sentyabr tarixində tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Cəfər Haşım oğlu Cəfərovun anadan olmasının 110 illiyi tamam olur.

Elmi şuranın iclasında Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovun “Azərbaycan teatrşünaslığının memarı” mövzusunda elmi məruzəsi dinlənilib. Sənətşünas alim qeyd edib ki, Cəfər Cəfərov 1914-cü ildə Bakı şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib, 1932-1937-ci illərdə Moskvada Andrey Bubnov adına Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsində təhsil alıb.

Görkəmli alim 1955-ci ildə “Mirzə Fətəli Axundovun komediyaları” mövzusunda filologiya üzrə elmlər namizədi, 1962-ci ildə Moskvada “Azərbaycan Dram Teartı” mövzusunda sənətşünaslıq üzrə elmlər doktoru dissertasiyası müdafiə edib, həmin ildə professor elmi adını alıb. 1963-cü ildə AMEA-nın müxbir üzvü seçilən alim 1973-cü ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Cəfər Cəfərov milli teatr tariximizə həsr edilən “Azərbaycan Dram Teatrı” (1959), “Azərbaycan teatrı” (1974) kimi fundamental tədqiqatlarında teatr tarixini, teatr tənqidini, həm də nəzəriyyəsini üzvi şəkildə birləşdirə bilib. Teatrşünas alimin görkəmli dramaturq, aktyor və rejissorlarımız haqqında yazdığı yaradıcılıq portretləri, tamaşalara yazdığı resenziyaları, dövrün teatr prosesini təhlilə çəkən, mükəmməl elmi mənzərəsini yaradan məqalələri, inandırıcı mükalimələri ilə diqqəti çəkən, teatrın, sənətşünaslığın, estetikanın müxtəlif elmi-nəzəri problemlərindən bəhs edən əsərləri bu gün də milli teatrşünaslığımızın qızıl fondunu təşkil edir.

Vidadi Qafarov çıxışını “Cəmi 59 il ömür yaşamış Cəfər Cəfərov bu gün də bizimlədir. 110 yaşın mübarək, Cəfər müəllim!” sözləri ilə bitirib. AMEA-nın müxbir üzvü Cəfər Cəfərovun xatirəsi dərin hörmət və ehtiram hissi ilə bir daha anılıb.

Elmi şuranın iclasında Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat dinlənilib. Qeyd olunub ki, 2024-cü ilin birinci yarımilliyində Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırıqları, eləcə də AMEA Rəyasət Heyətinin qərarları Humanitar Elmlər Bölməsi və onun elmi tədqiqat müəssisələri tərəfindən məsuliyyətlə icra olunub. Son altı ay bölmə üçün mühüm nailiyyətlərlə xarakterizə edilə bilər. Belə ki, HEB-in elmi müəssisələri tərəfindən 45 kitab (3-ü xaricdə), 31 monoqrafiya (3-ü xaricdə), 872 məqalə (158-i xaricdə), 258 tezis (156-sı xaricdə) nəşr olunub. İmpakt faktorlu jurnallarda əməkdaşların 8 məqaləsi işıq üzü görüb. 47 respublika və 17 beynəlxalq miqyaslı tədbir keçirilib. 21 nəfər fəlsəfə doktoru, 10 nəfər elmlər doktoru hazırlığı üzrə dissertasiya müdafiə edib. HEB-in elmi müəssisələrində fəaliyyət göstərən 36 alim xarici ölkələrdə keçirilən tədbirlərdə Azərbaycan humanitar elmini uğurla təmsil edib.

Humanitar Elmlər Bölməsi və onun elmi müəssisələrinin 2024-cü ilin birinci yarımilliyinə dair hesabatı yekdilliklə qəbul edilib.

Elmi şuranın iclasında bir sıra kadr məsələlərinə də baxılıb. Eləcə də, elmi müəssisələrin müraciətinə əsasən, AMEA-da təhsil alan doktorant və dissertantların mövzularında bir sıra dəyişikliklər edilib.

Humanitar Elmlər Bölməsinin Elmi şurasında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynovun 70 illik yubileyinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023