AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunda yarım ilin yekunları və qarşıya qoyulan vəzifələr müzakirə olunub
Jun 27, 2024 | 12:43 Konfranslar, iclaslar

İyunun 24-də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasın gündəliyində duran əsas məsələ müəssisənin bu ilin ilk 6 ayı ərzində elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatının dinlənilməsi olub.

Əvvəlcə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən “Avropa Şərəf Ordeni” ilə təltif olunmuş Ədəbiyyat İnstitutunun baş elmi işçisi professor Qəzənfər Paşayevə sözügedən mükafat təqdim edilib.

Həmçinin institutun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri professor İslam Qəribli 70 illik yubileyi münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitununun Fəxri fərmanı ilə təltif olunub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, institutun direktoru akademik İsa Həbibbəyli müəssisə əməkdaşlarının ümumi fəaliyyətinə nəzər salıb, növbəti 6 ay ərzində elmi tədqiqatların əhatə dairəsinin daha da genişlənəcəyinə, yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Hazırda AMEA-nın bütün institut və təşkilatlarında 2024-cü ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair müzakirələrin aparıldığını deyən akademik İsa Həbibbəyli elmi-tədqiqat işlərinin keyfiyyətini artırmaq, daha səmərəli fikir mübadiləsi aparmaq məqsədilə hesabat iclaslarına AMEA-nın Rəyasət Heyəti aparatının məsul əməkdaşlarının təhkim edildiyini bildirib.

Daha sonra iclasda Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamı ilə bağlı nəzərdə tutulan işlərin vəziyyəti müzakirə olunub.

AMEA rəhbəri mühüm siyasi əhəmiyyətə malik Sərəncama əsasən ölkə miqyasında müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın yubileyi ilə bağlı AMEA-da da silsilə tədbirlərin təşkil olunduğunu deyən akademik İsa Həbibbəyli bildirib ki, muxtar respublikanın 100 illiyi münasibətilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu AMEA-nın Naxçıvan Bölməsi ilə birgə “Naxçıvan ədəbi mühiti: ənənələr və müasir dövr” adlı kitabı nəşrə hazırlayır. Həmçinin Ədəbiyyat İnstitutu tərəfindən Naxçıvan Muxtar Respublikasının yubileyinə həsr olunan tədbirin keçirilməsi nəzərdə tutulur.

Sonra Ədəbiyyat İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı müəssisənin 2024-cü il üzrə yarımillik elmi hesabatını təqdim edib. O, Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərarlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərlə bağlı məlumat verib. Aygün Bağırlı ölkə başçısının 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında, “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında”, eləcə də “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər planı haqqında”  və   “Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən institutda görülmüş işləri diqqətə çatdırıb.

Hazırda müəssisədə 2 istiqamət, 8 problem, 19 mövzu 133 iş üzrə tədqiqatların aparıldığını söyləyən məruzəçi elektron elmin vəziyyəti, institutun nəşr fəaliyyəti, eləcə də həyata keçirilmiş konfrans, sessiya, seminar və yubileylərdən bəhs edib.

O, institut tərəfindən beynəlxalq əlaqələrin genişlənməsinə xüsusi yer ayrıldığını qeyd edərək cari ilin mart ayında Kərkük Kültur Dərnəyi ilə əməkdaşlıq memorandumunun imzalandığını xatırladıb. Aygün Bağırlı müəssisədə gənc kadr potensialının inkişafına önəm verildiyini vurğulayıb. 

Elmi katib cari ildə institutda elmi biliklərin təbliği və populyarlaşdırılması ilə bağlı görülmüş işlərdən də söz açaraq, kütləvi informasiya vasitələri (KİV) ilə işgüzar əməkdaşlıq əlaqələrinin qurulduğunu, müəssisənin rəhbər şəxslərinin, aparıcı alim və mütəxəssislərinin mütəmadi KİV-də çıxışlarının təşkil edildiyini bildirib.

İclasda AMEA-nın Rəyasət Heyəti tərəfindən təhkim edilən Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri Ədəbiyyat İnstitutunun qədim tarixə və zəngin ənənələrə malik olduğunu söyləyib. O, müəssisənin 2024-cü ilin birinci yarısında fəaliyyətinin geniş, dolğun, əhatəli şəkildə əks olunduğu hesabatı, görülən işləri müsbət qiymətləndirib.

Daha sonra institutun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli “Elektron Ədəbiyyat İnstitutu 2024-cü ildə: nəticələr və perspektivlər” mövzusunda hesabat verib.

Həmçinin Ədəbi tənqid şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Vaqif Yusifli “Ədəbi proses - 2023” yaradıcılıq müşavirəsinə hazırlığın vəziyyəti barədə məlumat verib.

Tədbirdə digər məsələlər də müzakirə olunub. Mövzu ətrafında çıxış edənlər institutun 2024-cü ildəki yarımillik fəaliyyəti barədə hesabatını yüksək dəyərləndirib, müəssisənin məhsuldar işlər gördüyünü vurğulayıblar.

Sonda hesabat qənaətbəxş sayılaraq qəbul edilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023