Jun 04, 2024 | 09:45 Yeni nəşrlər
Türk dünyasının ən qiymətli kitablarından biri olan Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk”ün II-III cildləri çap olunub.
Kitab AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədlinin rəhbərliyi ilə nəşr edilib.
Nəşrə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Ön söz” yazıb.
Kitabın tərtibçisi, giriş və şərhlərin müəllifi professor Nadir Məmmədli, elmi redaktoru Türk Dil Qurumunun başqanı professor Osman Mertdir. Nəşrlər Mahmud Kaşğarinin məşhur “Divanü lüğat-it-türk” əsərinin 950 illiyinə həsr olunub.
Özbək əsilli məşhur Azərbaycan alimi, ötən əsrin 30-cu illərində SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında işləmiş Xalid Səid Xocayev məşhur “Divanü lüğat-it-türk” əsərini ilk dəfə ərəb dilindən Azərbaycan dilinə tərcümə edib.
Əsəri 86 il sonra – 2023-cü ildə professor Nadir Məmmədli institutun arxivindən tapıb.
AMEA-nın Rəyasət Heyətinin 29 yanvar 2024-cü il tarixli qərarı ilə Dilçilik İnstitutu tərəfindən çapa hazırlanan “Elm” nəşriyyatında çap edilən Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin Xalid Səid Xocayev tərəfindən edilmiş tərcüməsinin elmi ictimaiyyətə çatdırılması türkologiya elminə ibrətamiz və əhəmiyyətli töhfədir. Bu, Azərbaycan və Türk dünyasında “Divanü lüğat-it-türk”ün tərcüməsinin latın qrafikalı əlifba ilə yazılmış ilk tərcüməsidir.
“Divanü lüğat-it-türk” türkologiya elminin təməl daşıdır.
www.science.gov.az