Jun 03, 2024 | 09:28 Konfranslar, iclaslar
İyunun 3-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin Böyük akt zalında Nobel mükafatı laureatı, AMEA-nın Fəxri üzvü, ABŞ Şimali Karolina Universitetinin professoru Əziz Sancarla görüşə həsr olunmuş AMEA-nın Ümumi yığıncağının Xüsusi iclası keçirilib.
İclasda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı, millət vəkilləri, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, ali təhsil müəssisələrinin rektorları, gənc alimlər və KİV nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin nəzdində “Əziz Sancar şərəf otağı”nın açılışı olub. Əziz Sancar mərkəzin xatirə dəftərinə ürək sözlərini yazıb.
Daha sonra AMEA əməkdaşlarının əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib.
Tədbiri giriş nitqi ilə açan akademik İsa Həbibbəyli Nobel mükafatı laureatı Əziz Sancarın Azərbaycan Milli Elmlər Akademiyasının dəvəti ilə ölkəmizdə səfərdə olduğunu, AMEA-nın Əsas binasını, Mərkəzi Elmi Kitabxananı, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunu, Bakı Dövlət Universitetini, Naxçıvan Dövlət Universitetini və AMEA-nın Naxçıvan Bölməsini ziyarət edərək alim və gənc tədqiqatçılarla, müəllim və tələbələrlə görüşlər keçirdiyini bildirib.
Əziz Sancarın tərcümeyi-halını təqdim edən akademik İsa Həbibbəyli alimin 1946-cı ildə Türkiyənin Mardin vilayətində doğulduğunu, ilk və orta təhsilini burada aldığını, 1969-cu ildə İstanbul Universitetinin Tibb fakültəsini bitirdiyini söyləyib.
AMEA rəhbəri qeyd edib ki, alim Dallasdakı Texas Universitetində molekulyar biologiya proqramı üzrə doktorantura təhsili alıb, gen tərəfindən şifrələnmiş ferment ultrabənövşəyi şüalar tərəfindən zədələnmiş DNT-nin bərpası ilə bağlı burada tədqiqatlar aparıb. Yel Universitetində və Harvard Universitetində dərs dedikdən sonra 1997-ci ildən ABŞ-ın Şimali Karolina Universitetində biokimya və biofizika bölməsində bu günə kimi fəaliyyətini davam etdirir. AMEA prezidenti bildirib ki, Əziz Sancar xərçəngin bioloji və biokimyəvi üsullarla müalicəsini tədqiq edib və bu istiqamətin əsas yaradıcısıdır.
O, 2005-ci ildə ABŞ Milli Elmlər Akademiyasına üzv seçilən ilk amerikalı türk olub, 2006-cı ildə isə Türkiyə Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2015-ci ildə DNT-nin bərpası işinə görə iki alimlə birgə Kimya üzrə Nobel mükafatına layiq görülüb.
“Məni mükafatlara aparan Atatürk və Türkiyə Cümhuriyyətinin elmdəki inqilabıdır. Bu mükafatın sahibi Türkiyə Cümhuriyyətini təmsil edən Atatürkün Anıtqəbir muzeyidir”, - sözlərini xatırladan akademik İsa Həbibbəyli alimin Nobel mükafatını Anıtqəbir muzeyinə bağışladığını deyib.
Qeyd edib ki, Əziz Sancar Azərbaycanın da böyük dostudur, ölkə Prezidenti İlham Əliyev alimlə 3 dəfə görüşüb. Əziz Sancarın ölkəmizlə əlaqələrinin qurulması və inkişafında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradovun və onun müşaviri Elşən Bağırzadənin müstəsna xidmətləri var. Əziz Sancarın Türk dünyasına ürəkdən bağlı olduğunu və onun Türk dünyasının birliyini arzuladığını deyən akademik İsa Həbibbəyli professorun Azərbaycanın Qarabağ zəfərini dəstəklədiyini, ölkəmizin Qələbəsini Türkiyənin İstiqlal savaşı ilə eyniləşdirdiyini vurğulayıb.
AMEA prezidenti alimin “Nizami İli”ndə “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı”na layiq görüldüyünü də diqqətə çatdırıb. Qeyd edib ki, 29 noyabr 2023-cü il tarixində AMEA-nın Ümumi yığıncağında professor Əziz Sancar AMEA-nın fəxri üzvü seçilib.
Daha sonra akademik İsa Həbibbəyli AMEA-nın fəxri üzvü diplomunu və medalı Nobel mükafatı laureatı Əziz Sancara təqdim edib. Həmçinin qonağa üzərində Xarıbülbülün təsviri olan xalça hədiyyə edilib.
Sonra çıxış edən Xalq yazıçısı Anar dəyərli qonağı və tədbir iştirakçılarını Azərbaycan Yazıçılar Birliyi adından salamlayaraq, AMEA Rəyasət Heyətinin Böyük akt zalında baş verən bir sıra tarixi hadisələr haqqında danışıb. Vurğulayıb ki, bu gün bu zal daha bir tarixi hadisənin - dünya şöhrətli alim Əziz Səncərlə görüşün şahididir. Xalq yazıçısı Anar Əziz Sancarı Azərbaycan Yazıçılar Birliyinə dəvət edib.
AR ETN Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyev isə çıxışında Azərbaycan-Türkiyə elmi əlaqələri haqqında danışıb, ikitərəfli əməkdaşlığın inkişafında Əziz Sancarın mühüm rolunu vurğulayıb.
Çıxışlardan sonra professor Əziz Sancar “Türk dünyası elm siyasəti: reallıqlar və çağırışlar” mövzusunda elmi məruzə ilə çıxış edib. Qeyd edib ki, elm insanlığa, bəşəriyyətə xidmət etməlidir. Alim çıxışında “elmi fəaliyyət necə qurulmalıdır” sualına toxunub, Türk dünyasında elmi əlaqələrin inkişafının vacibliyini vurğulayıb.
“Xəyalım Türk dünyasının birliyini görməkdir”, - deyən professor bu istiqamətdə bütün türk dövlətlərini ziyarət etdiyini, görüşlər keçirdiyini bildirib.
Nobel mükafatı laureatı çıxışında əsas elmi prioritetlərin müəyyənləşdirilməsi, oğlan və qızların bərabər təhsil hüquqlarının təmin olunması, nəzəriyyələrin təcrübədən keçirilməsi, alimlərin təşviq edilməsi kimi tövsiyələrini də səsləndirib.
Daha sonra AMEA-nın akademik-katibi, akademik Arif Həşimov AMEA-nın Ümumi yığıncağının Xüsusi iclasının qərar layihəsini səsləndirib. Akademik Arif Həşimov Əziz Sancarın AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın Fəxri fərmanına layiq görüldüyünü söyləyib.
Sonra akademik İsa Həbibbəyli Azərbaycan elminin inkişafına və Türk dünyasında əlaqələrin möhkəmlənməsində verdiyi töhfələrə görə Əziz Sancara AMEA-nın Fəxri fərmanını təqdim edib.
İclasda akademik Gövhər Baxşəliyeva və AMEA-nın müxbir üzvü Vəli Hüseynov çıxış edərək təkliflərini səsləndiriblər.
Sonda akademik İsa Həbibbəyli çıxış edərək bugünkü iclası Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə olduğunu, bütövlükdə Türk dünyasının birliyinin təmin olunmasına öz töhfəsini verəcəyini bildirərək tədbirə yekun vurub.
www.science.gov.az