Jan 31, 2004 | 17:10 Görüşlər
AMEA rəhbərliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan dünya şöhrətli alim, Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru Əziz Sancar Bakı Dövlət Universitetində (BDU) olub.
Əvvəlcə o, BDU-nun rektoru Elçin Babayevlə görüşüb.
Görüşdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.
Elçin Babayev Nobel mükafatı laureatı Əziz Sancarı ikinci dəfə rəhbərlik etdiyi elm ocağında görməkdən məmnunluğunu ifadə edib. O, ötən il Ankarada Beynəlxalq Türk Akademiyası, Türk Dövlətləri Təşkilatı və Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) birgə təşkilatçılığı ilə keçirilən “Türk dövlətlərinin regional və qlobal problemlərin həlli istiqamətində birgə çoxtərəfli elmi əməkdaşlığı” mövzusunda işçi seminara Nobel mükafatçısının da onlayn olaraq qoşulduğunu xatırladıb.
Daha sonra rektor qonağa BDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, 105 yaşlı BDU fəaliyyəti müddətində elmin və təhsilin inkişafına böyük töhfələr verib, nüfuzlu alim və tədqiqatçılar yetişdirib.
Əziz Sancar BDU-da elmin müxtəlif istiqamətləri, o cümlədən biokimya, molekulyar biologiya və nanotexnologiyalar sahəsində aparılan işlər, eləcə də universitetin kadr hazırlığı ilə maraqlanıb.
Sonra Nobel mükafatçısı universitetin akt zalında tələbə və müəllim heyəti üçün “DNT-nin bərpası və beyin xərçəngi” mövzusunda mühazirə oxuyub.
BDU-nun rektoru Elçin Babayev qonağı Azərbaycanın ən qədim və böyük universitetində salamlayaraq, 2015-ci ildə Kimya üzrə Nobel mükafatına layiq görülmüş, Türk dünyasının böyük oğlu və fəxri Əziz Sancarın BDU-da olmasını ali təhsil müəssisəsi üçün əlamətdar hadisə kimi səciyyələndirib. O, alimin elmi nailiyyətlərinin və tədqiqatlarının təkcə elm dünyası üçün deyil, həm də bütün insanlıq üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, Əziz Sancarın elmi irsi, apardığı tədqiqatlar bəşəriyyətin ən vacib problemlərindən biri olan xərçəngin müalicəsində yeni üfüqlər açır.
Seminarın mövzusunun aktuallığından bəhs edən Elçin Babayev tədbirdə paylaşılacaq biliklərin BDU-nun tələbələri və tədqiqatçıları üçün böyük önəm daşıdığını söyləyib, dünya şöhrətli alimin həyat və fəaliyyətinin Azərbaycan gəncləri üçün nümunə olduğunu bildirib.
Rektor seminarın, həmçinin elm adamları arasında əlaqələrin möhkəmləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, Əziz Sancar Türk dünyasında təbiət elmləri üzrə Nobel mükafatına layiq görülmüş yeganə alimdir. O, çətin bir ixtisas sahəsində türk olaraq Nobel zirvəsini fəth etməyin mümkünlüyünü isbat edib.
Akademik İsa Həbibbəyli türk olmağı ilə iftixar duyan Əziz Sancara türk xalqları üçün bu böyük nümunəni göstərdiyi, bu yolu qət etməyin mümkünlüyünü isbat etdiyi üçün Azərbaycan alimləri adından təşəkkür edib.
AMEA rəhbəri bildirib ki, görüşlərində Əziz Sancar olmağın yolları barədə danışan alimin böyüklüyü xalqını, ölkəsini, vətənini, bayrağını məhəbbətlə sevməsidir. O, dünyanı dərindən öyrənib, gərgin zəhməti sayəsində böyük uğurlar qazanıb. Akademik İsa Həbibbəyli özünəməxsus elmi məktəb yaratmış məşhur alimlə görüşün gənclərin həyatında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Tədbirdə Nobel mükafatı laureatı Əziz Sancarın “DNT-nin bərpası və beyin xərçəngi” mövzusunda təqdimatı dinlənilib.
Bəşəriyyətin uğuru və firavan gələcəyinin elm adamlarının nailiyyətlərindən asılı olduğunu deyən alim ona ünvanlanan çoxsaylı sualları cavablandırıb, səmimi, interaktiv mühitdə keçən görüşə görə AMEA-nın və universitetin rəhbərliyinə təşəkkürünü bildirib.
www.science.gov.az