AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzinin açılışı olub
May 31, 2024 | 17:02 Görüşlər

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqi Türkmən Ədəbiyyatı Mərkəzi fəaliyyətə başlayıb.

Mərkəzin açılış mərasimində Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırovun rəhbərlik etdiyi nümayəndə heyəti, Türkmənistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, eləcə də Ədəbiyyat İnstitutunun əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

Mərkəzdə Azərbaycanın və Türkmənistanın bayraqları, iki ölkənin görkəmli dövlət və siyasət xadimlərinin şəkilləri, eləcə də Məhtimqulu Fəraqi və digər türkmən mütəfəkkirlərinin kitablarının nümayiş olunduğu sərgi qurulub. 

Mərasimdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək Türkmənistan Elmlər Akademiyasının prezidenti və qardaş ölkənin Azərbaycandakı səfirinin iştirakı ilə belə bir mərkəzin açılmasını tarixi hadisə kimi dəyərləndirib, mərkəzin dostluq və qardaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb. O, mərkəzdə Türkmənistan ədəbiyyatının araşdırılması yönündə mühüm işlərin aparılacağını bildirib.

2014-cü ildən başlayaraq hər il AMEA-da Məhtimqulu Fəraqiyə həsr olunan silsilə tədbirlərin keçirildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycanın ədibin yaradıcılığını Türkmənistan qədər öyrənən ikinci ölkə olduğunu vurğulayıb. Qeyd edib ki, mərkəzin açılması Azərbaycan-Türkmənistan elmi-ədəbi əlaqələrində yeni səhifədir və böyük əhəmiyyətə malikdir. O, həmçinin türkmən ədəbiyyatının görkəmli klassik şairi və filosofu Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə 2 kitabın çapdan çıxdığını diqqətə çatdırıb. AMEA rəhbəri yeni kitabların Azərbaycan xalqının türkmən xalqına sevgisinin ifadəsi olduğunu bildirib.

Daha sonra Türkmənistan Elmlər Akademiyasının prezidenti professor Allaberdi Aşırov çıxış edərək bu mərkəzin dostluq və qardaşlığımızın daha da möhkəmlənməsinə töhfə verəcəyini söyləyib. Professor Allaberdi Aşırov Azərbaycanda, xüsusilə də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Məhtimqulu Fəraqinin yaradıcılığının nəşri və təbliği sahəsində görülən işləri yüksək qiymətləndirib, qardaş ölkədə şairin xatirəsinin sonsuz ehtiramla anıldığını qeyd edib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı isə çıxışında Fəraqinin irsinin öyrənilməsi ilə bağlı AMEA tərəfindən mühüm işlərin görüldüyünü deyib. O, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Məhtimqulu Fəraqinin indiyə qədər elmə məlum olmayan “Divan”ının aşkarlandığını, əsərin akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə böyük tirajla nəşr edildiyini xatırladıb.

Dosent İsmixan Osmanlı böyük türkmən şairinin 300 illiyi münasibətilə ölkəmizdə “Məhtimqulunun poemaları” adlı kitabın çap olunduğunu bildirib, həmçinin ilk dəfə Məhtimqulu Fəraqiyə aid mərkəzin də Azərbaycanda açıldığını diqqətə çatdırıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023