AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“İkinci il: əlifba təlimindən sonra oxunan birinci kitab” dərsliyi nəşr olunub
May 31, 2024 | 16:56 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun əməkdaşı Səadət Nəsirovanın transfoneliterasiya edib nəşrə hazırladığı “İkinci il: əlifba təlimindən sonra oxunan birinci kitab” dərsliyi işıq üzü görüb.

Kitabda yer alan “Ön söz”ün müəllifi də Səadət Nəsirovadır.

Oxuculara təqdim edilən, 15 bölmədən ibarət bu kitab adını Azərbaycan maarif tarixinə əbədi həkk etdirmiş görkəmli pedaqoqlarımız S.Əbdürrəhmanbəyzadə, M.Mahmudbəyzadə, S.Axundzadə, F.Ağazadə, A.Əfəndizadə və A.Talıbzadənin birgə hazırladıqları “İkinci il” (əlifba təlimindən sonra oxunan birinci kitab) (1921) dərsliyinin transfoneliterasiya olunmuş variantıdır. Kitabda “Məktəbdə”, “Evdə”, “Külfətdə”, “Ev heyvanları”, “Nəbatat”, “Mədənlər və daşlar”, “İnsan”, “Fəsillər” və digər bu kimi mövzular bölmələr üzrə qruplaşdırılmışdır ki, bu bölmələrdə başlıq adlarına uyğun olaraq Azərbaycan, eləcə də dünya ədəbiyyatından müxtəlif hekayə və şeirlər təqdim olunmuş, maraqlı məlumatlar verilmişdir. Dərsliyə daxil edilən nəzm əsərlərinin əksəriyyəti milli uşaq ədəbiyyatımızın yaranmasında misilsiz xidmətləri olan Abdulla Şaiqə məxsusdur.

Qeyd edək ki, yeni nəşrin elmi məsləhətçisi fil.e.d., dosent Əzizağa Nəcəfzadə, elmi redaktoru görkəmli əlyazmaşünas Mustafa Mailoğlu, texniki redaktoru və dizayneri Azər Aydındır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023