AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 28 May - Müstəqillik Günü münasibətilə Akademiya əməkdaşlarına təbriki
May 29, 2024 | 11:32 Mühüm hadisələr

Hörmətli həmkarlar!

28 May - Müstəqillik Günü çoxəsrlik zəngin dövlətçilik tarixinə malik xalqımızın yaddaşında dərin izlər buraxmış Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə birbaşa bağlı olan ən əlamətdar günlərdən biridir. Azərbaycan xalqı hələ bir əsr öncə bəşəriyyətə müstəqil, azad, demokratik dövlət quruculuğunun ən gözəl nümunəsini göstərmiş, Xalq Cümhuriyyəti qəbul etdiyi qərarlarla adını dünya tarixinə əbədi olaraq həkk etdirmişdir.

Mövcud olduğu 23 ay ərzində Cümhuriyyətin qurucularının qəbul etdikləri qərarlar - müsəlman Şərqinin ilk parlamentli respublikasının təsis olunması, üçrəngli dövlət bayrağımızın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, milli ordumuzun yaradılması, Bakı Dövlət Universitetinin fəaliyyətə başlaması, qadınlara ilk dəfə seçki hüququnun verilməsi, irqi, milli, dini fərqin aradan qaldırılaraq hər kəsə bərabər vətəndaşlıq hüququnun verilməsi və digər mühüm siyasi qərarlar xalqımızın sovet hakimiyyəti illərində müstəqillik ideyasını qoruyub saxlamasında mühüm rol oynamışdır.

Ən əsası isə Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi çətin diplomatik siyasi bir şəraitdə Paris Sülh Konfransının Ali Şurası tərəfindən AXC-nin dünya birliyi tərəfindən tanınmasına nail olmuş və Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır.

Nəhayət XX əsrin sonlarında yaranmış siyasi şəraitdən istifadə edən xalqımız 70 illik sovet rejiminin əsarətinə son qoymuş, öz dövlət müstəqilliyini bərpa etmiş və zəngin dövlətçilik ənənələrini davam etdirmişdir.

Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev daim Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularına ehtiramla yanaşmış, Cümhuriyyətin 80, 90 və 100 illik yubileyləri ölkəmizdə təntənəli qeyd olunmuşdur.

Ulu Öndər Heydər Əliyev 26 may 1996-cı ildə Respublika günü münasibətilə təntənəli yığıncaqda qeyd edirdi: “Azərbaycan Demokratik Cümhuriyyətinin yaşadığı dövr çox çətin, ziddiyyətli, mürəkkəb dövr olmuşdur. Belə bir ağır şəraitdə görülən işlər və sonrakı nəsillərə, bizə çatan irs Azərbaycan Demokratik Cümhuriyyətinin tarixi əhəmiyyətini çox gözəl əks etdirir. Məhz bu demokratiya, milli azadlıq, müstəqillik əhval-ruhiyyəsi sonrakı dövrlərdə xalqımızın qəlbində yaşamış və nəhayət, bu əsrin sonunda xalqımızı dövlət müstəqilliyinə gətirib çıxara bilmişdir”.

Prezident İlham Əliyev tərəfindən isə 2018-ci il respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmiş, Cümhuriyyətimizin 100-cü ildönümü respublika və dünya səviyyəsində qeyd olunmuşdur.

Bu il Azərbaycan xalqı Müstəqillik Gününü ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuş Qalib xalq kimi qeyd edir və Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı respublikamızın bütün ərazisində qürurla dalğalanır.

Dəyərli Akademiya əməkdaşları, Sizi Müstəqillik Günü münasibətilə təbrik edir, cansağlığı və elmi-tədqiqat işlərinizdə uğurlar arzulayıram.

İsa HƏBİBBƏYLİ,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023