AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-nın kollektivi “Əsrə bərabər gün” tamaşasına baxıb
May 24, 2024 | 12:17 Mühüm hadisələr

AMEA-nın kollektivi Azərbaycan Dövlət Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun eyniadlı romanı əsasında tamaşaya qoyulmuş “Əsrə bərabər gün” tamaşasına baxıb.

Tamaşadan əvvəl AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanəliyev, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, AMEA Rəyasət Heyətinin üzvləri və əməkdaşları görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun Bakıdakı abidəsini ziyarət edib, xatirəsini əziz tutublar.

Azərbaycan Dövlət Dram Teatrında keçirilən tamaşadan əvvəl AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun həyat və yaradıcılığı barədə ətralı məlumat verərək ədibin bədii yaradıcılığından danışıb, Azərbaycanda görkəmli yazıçının xatirəsinin daima əziz tutulduğunu, əsərlərinin bu gün də sevilə-sevilə oxunduğunu diqqətə çatdırıb.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Türk dünyasının böyük oğlu Çingiz Aytmatovun yaradıcılığına daim diqqət yetirdiyini vurğulayan AMEA rəhbəri görkəmli yazıçının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif olunduğunu, Bakıda ədibin abidəsinin açılış mərasimində iştirak etdiyini xüsusi vurğulayıb. Böyük yazıçı Çingiz Aytmatovun Ulu Öndər Heydər Əliyevi dahi şəxsiyyət, görkəmli dövlət xadimi kimi səciyyələndirdiyini, ölkəmizin Prezidenti İlham Əliyevi isə qloballaşan dünyanın nüfuzlu liderlərindən biri kimi dəyərləndirdiyini qeyd edən akademik İsa Həbibbəyli Türk dünyasının əbədiyaşar söz ustadı Çingiz Aytmatovun bədii yaradıcılığının bu gün də ədəbiyyatşünaslıq baxımından müxtəlif elmi istiqamətlər üzrə tədqiq edildiyini qeyd edib. Akademik İsa Həbibbəyli tamaşanın müvafiq dövrə uyğun səhnə tərtibatı və peşəkar aktyor oyunu baxımından yüksək səviyyədə hazırlandığına görə Azərbaycan Dövlət Dram Teatrının rəhbərliyinə və kollektivinə təşəkkürünü çatdırıb.

Sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda “Əsrə bərabər gün” tamaşasına AMEA kollektivinin baxışı keçirilib. Tamaşaya kollektiv baxışda AMEA Humanitar və İctimai Elmlər bölmələrinin əhatə etdiyi elmi-tədqiqat institutlarının əməkdaşları, Akademiyanın tanınmış elm xadimləri və Seysmoloji Xidmət Mərkəzinin nümayəndələri iştirak ediblər.

Tamaşaya AMEA-nın rəhbər heyəti və kollektivi ilə bərabər, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmanəliyev, Çingiz Aytmatovun Bakıdakı abidəsinin müəllifi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı Natiq Əliyev, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov, Türk dünyasının bir sıra tanınmış elm və mədəniyyət xadimləri və media nümayəndələri də baxıblar.

Sonda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tamaşanın kollektivi ilə görüşüb, xatirə şəkli çəkdiriblər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşçu rejissorluğu ilə hazırlanmış tamaşa Azərbaycan tarixinin yeni mərhələdəki mühüm nailiyyətlərindən biri hesab oluna bilər. Teatrın kollektivi Çingiz Aytmatovun roman janrında yazılmış “Əsrə bərabər gün” əsərinin mükəmməl dramaturji variantını hazırlamış və uğurlu səhnə həllini tapa bilmişdir.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023