May 16, 2024 | 14:00 Yeni nəşrlər
AMEA-nın Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşının anadan olmasının 100 illiyinə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb.
Filologiya elmləri doktoru professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu sayında Əta Tərzibaşı haqqında maraqlı elmi məqalələr, İraq-türkman folkloruna dair araşdırmalar və İraq-türkman folklorundan nümunələr dörd bölmədə öz əksini tapıb.
Toplunun “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı” rubrikasında “Əta Tərzibaşı: həyatı və ədəbi şəxsiyyəti”, “Folklorşünas alim Əta Tərzibaşının İraq-türkman ədəbiyyatına və folkloruna dair araşdırmaları”, “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti mətbuatda” başlıqlı yazılar oxucuların ixtiyarına verilib.
Jurnalın “Folklorşünas alim Əta Tərzibaşı haqqında araşdırmalar” bölməsində akademik İsa Həbibbəylinin “Kərkük ədəbiyyatşünaslıq dünyasının zirvəsi”, akademik Muxtar İmanovun “Əta Tərzibaşı araşdırmalarında xoyrat və manilərin yeri”, professor Qəzənfər Paşayevin “Yazılı və şifahi ədəbiyyatda Əta Tərzibaşı fenomeni”, millət vəkili Sabir Rüstəmxanlının “Əta Tərzibaşı - 100: Kərkükün sönməz türk ocağı”, Dr. Şəmsəddin Kuzəçinin “Kərkükün milli tədqiqatçısı Əta Tərzibaşı”, fil.ü.f.d., dos. Afaq Ramazanovanın “Əta Tərzibaşı və “Arzu-Qəmbər” dastanı”, fil.ü.f.d., dos. Səkinə Qaybalıyevanın “İraq-türkman folkloru Əta Tərzibaşının tədqiqatlarında”, fil.ü.f.d., dos. Şakir Albalıyevin “Əta Tərzibaşı təzkirəçi və folklorşünas kimi”, Orxan İsayevin “Əta Tərzibaşı publisistikasının əsas xüsusiyyətləri” mövzusunda tədqiqatları yer alıb.
“İraq-türkman folkloruna dair araşdırmalar” rubrikasında fil.e.d., prof. Ramazan Qafarlının “İraq-türkman folklorunun Ümumazərbaycan poetik şifahi xalq yaradıcılığı ilə tipoloji müqayisəsi və özəllikləri (laylalar və bayatılar əsasında)”, fil.e.d., prof. Əfzələddin Əsgərin “Böyük türkmanlar və müasir türk xalqları” fil.e.d., prof. Elman Quliyevin “Əbdüllətif Bəndəroğlunun həyatı və yaradıcılıq istiqamətləri” fil..e.d., dos. Oruc Əliyevin “İraq-türkman nağıllarının ideya-bədii xüsusiyyətləri haqqında”, fil.ü.f.d. Nizami Adışirinovun “Arzu-Qəmbər” dastanının mifosofiyası (İraq-türkman folklorundan)”, fil.üf.d. Xalidə Şaiqqızının (Məmmədova) “İraq türkmanlarının folklorunda doğuluş inancları”, Ülkər Dadaşovanın “İraq-türkman folklorunun bədii nümunələrində semantik forma” başlıqlı məqalələri ilə tanış olmaq mümkündür.
Jurnalın “İraq-türkman folklorundan yeni nümunələr” rubrikasında xoyratlar, sazlamalar, inanclar və dualar təqdim olunub.
Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.
www.science.gov.az