Apr 29, 2024 | 14:10 Mühüm hadisələr
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda AMEA-nın müxbir üzvü Zərifə İsmayıl qızı Budaqovanın 95 illik yubileyinə həsr olunmuş elmi sessiya təşkil olunub.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli Zərifə Budaqovanın elmi fəaliyyətindən danışıb. Bildirib ki, aprelin 28-i Əməkdar elm xadimi, görkəmli dilçi-alim, türkoloq Zərifə Budaqovanın doğum günüdür.
Zərifə Budaqovanın elmi tədqiqatları əsasən Azərbaycan dilinin morfologiyası, sintaksisi, üslubiyyatı, dil əlaqələri, tətbiqi dilçilik, xüsusən punktuasiya məsələlərini əhatə edir. Professor Zərifə Budaqova Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü kimi şərəfli mövqelərə ucaltmışdır. Alimin Azərbaycan dilçiliyinin və türkologiyanın aktual problemlərinə dair beynəlxalq və respublika nəşrlərində 10 monoqrafiya və dərsliyi, eləcə də dilçiliyin nəzəri və əməli məsələlərinə aid 150-yə yaxın elmi əsəri çap olunub. Zərifə Budaqova 1949-1953-cü illərdə Moskvada Elmlər Akademiyası Dilçilik İnstitutunun türk dilləri sektorunun aspiranturasında təhsil alıb, 1953-cü ildə “Müasir Azərbaycan dilində tərz kateqoriyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. O, 1963-cü ildə “Azərbaycan ədəbi dilində sadə cümlə” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, Azərbaycan dilçilik elmində ilk qadın alim kimi elmlər doktoru elmi dərəcəsini alıb.
Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin müdiri professor Məsud Mahmudov “Zərifə Budaqovanın yaradıcılıq yolu”, Müasir Azərbaycan dili şöbəsinin müdiri filologiya elmləri doktoru Nərgiz Hacıyeva “Zərifə Budaqovanın tədqiqatlarında sadə cümlə problemi” mövzusunda məruzələlərlə çıxış edib.
Qeyd olunub ki, alim 1955-ci ildə Dilçilik İnstitutunda Müasir Azərbaycan dilçiliyi şöbəsinin müdiri təyin edilib və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edib. 1987-ci ildə Dilçilik İnstitutunun direktoru seçilib.
İclasda professor İsmayıl Məmmədli və Sevil Mehdiyeva vurğulayıblar ki, Zərifə Budaqova həmişə elmi ictimaiyyətin və dövri mətbuatın diqqət mərkəzində olmuş, dilçinin özü və tədqiqatları barəsində yüzlərlə məqalələr çap edilmişdir. Onun səmərəli elmi fəaliyyəti və əsərlərinin əhəmiyyəti Azərbaycan qadınının müvəffəqiyyəti kimi qiymətləndirilmişdir.
www.science.gov.az