AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
Apr 25, 2024 | 14:34 Yeni nəşrlər

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri müasir əlifbada nəşr olunub.

Əsəri əski əlifbadan transfoneliterasiya edib nəşrə hazırlayan Əlyazmalar İnstitutunun sabiq əməkdaşı, görkəmli əlyazmaşünas və tərcüməçi Arif Ramazanovdur.

“Riyazül-Qüds” XIX əsr görkəmli Azərbaycan maarifçisi, yazıçı, şair, ensiklopedik zəka sahibi Abbasqulu ağa Bakıxanovun ana dilində yazdığı irihəcmli bədii əsərlərindən biridir. Əsasən nəsrlə qələmə alınan, məqtəl nümunəsi olan bu əsərdə ərəb, fars və türk dillərində yazılmış nəzm parçaları verilib ki, onların çoxu A.Bakıxanovun öz qələminin məhsulu, ilk qələm təcrübəsidir.

Əsərin transfoneliterasiyasından əlavə, kitaba “Riyazül-Qüds”ün əlyazma nüsxəsinin fotofaksimilesi və Səadət Qarabağlının “Riyazül-Qüds” əsərlərinin əlyazma katibi Məşədi Ocaqverdi oğlu Mirzə Haqverdi Qarabaği haqqında məlumat” adlı məqaləsi də daxil edilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, “Ön söz” müəllifi akademik Möhsün Nağısoyludur. Kitabın cildində qeyd olunmuş ərəb qrafikalı yazılar Hacı Mustafa Mailoğlu tərəfindən yazılıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023