AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib
Apr 26, 2024 | 15:32 Konfranslar, iclaslar

Aprelin 26-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə Azərbaycan Naşirlərinin I Forumu keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, ANAİB sədri, Naşirlər Forumu və Oxu gününün layihə rəhbəri Şəmil Sadiq, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyə Mətbəə və Nəşriyyatları Birliyinin sədri Mustafa Karagüllüoğlu, Bakı Yunus Əmrə İnstitutunun müdiri Səlcuq Karakılıç, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, millət vəkilləri, nəşriyyat evlərinin direktorları, əməkdaşları, naşirlər, yazıçılar, oxucular və aidiyyəti şəxslər iştirak ediblər.

Forumda giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli elmin, texnologiyanın, sənayenin inkişafı nəticəsində baş vermiş dünya sənaye inqilablarının tarixinə və onun nəticələrinə nəzər salıb. Qeyd edib ki, texnologiyanın sürətli inkişafı ilə elektron kitablar və elektron kitabxanalar meydana gəlsə də, ənənəvi kitablar da öz oxucusunu qoruyub saxlaya bilmiş, hətta son illərdə kitab dövriyyəsində artım müşahidə edilmişdir.

Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan kitabçıları və naşirləri öz fəaliyyətlərini həm real, həm də virtual bazarın tələblərinə uyğun qurmalı, kağız kitabların qalmasında, eyni zamanda elektron kitabların inkişafında maraqlı olmalıdırlar.

Azərbaycanda elektron kitabxana işinin təşkilində müəyyən problemlərin olduğunu deyən akademik İsa Həbibbəyli bir sıra hallarda elektron kataloqların elektron kitabxana adlandırıldığını vurğulayıb, naşir və kitabçılarımızın dünyaya çıxması baxımından bu istiqamətin təkmilləşdirilməsinin vacib olduğunu söyləyib.

İlk dəfə təşkil olunan Azərbaycan Naşirlərinin I Forumunun AMEA-da keçirilməsinin önəminə toxunan akademik İsa Həbibbəyli tədbirin bu sahədəki redaktor, korrektor, kitab menecmentliyi kimi mövcud problemlərin müzakirəsi və həlli yollarına öz töhfəsini verəcəyini deyib.

ANAİB sədri, Naşirlər Forumu və Oxu gününün layihə rəhbəri Şəmil Sadiq isə çıxışında qeyd edib ki, Azərbaycan Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək. Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) hesabatını təqdim edən Şəmil Sadiq hazırda Assosiasiyanın 28 üzvü birləşdirdiyini, nəşriyyat işinin təşkili, sistemləşdirilməsi, nəşriyyatlararası əlaqələrin yaradılması və dünya kitab festivallarında iştirakı baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. O, həmçinin nəşriyyatların tərcümə problemləri, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması, bölgələrə kitabların çatdırılması, uşaq mütaliəsinə dəstəyin verilməsi, kitabların reklamı və s. probemlərdən danışıb, həlli yolları ilə bağlı təkliflərini səsləndirib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa isə çıxışında Azərbaycan elmi və mədəni mühiti üçün vacib tədbirlərin Akademiyada keçirilməsindən məmnunluğunu dilə gətirib və yaradılan şəraitə görə AMEA rəhbərliyinə minnətdarlığını ifadə edib. O qeyd edib ki, Forum Azərbaycan cəmiyyətinin kitaba olan diqqətini yenidən artırmaq baxımından olduqca önəmlidir. Fazil Mustafa bildirib ki, bu gün ölkəmizdə redaktor, korrektor, naşir problemləri olduğu kimi, oxucu problemi də var və sözügedən problemlərin aradan qaldırılması ilə bərabər kitaba olan marağı artırmaqla oxucu kütləsini də qorumaq lazımdır.

Komitə sədri kitaba olan marağı artırmaq üçün kitabların reklamının ödənişsiz olmasının vacibliyini bildirib, həmçinin kitabın zəruri ehtiyac malları kateqoriyasına daxil edilməsinin önəmini vurğulayıb. Həmçinin regionlarda mədəni mühitin artırılmasının önəminə toxunub.

Tədbirdə, həmçinin Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Türkiyə Mətbəə və Nəşriyyatları Birliyinin sədri Mustafa Karagüllüoğlu və Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu çıxış edərək Forumun keçirilməsinin əhəmiyyətinə toxunub, bu sahədə mövcud problemlərin həlli və kitabın cəmiyyətdə təbliği baxımından önəmli olduğunu vurğulayıblar.

Forum öz işini Nəşriyyat menecmentliyi və kitab marketinqi, Redaktə və tərcümə problemləri, Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar, Tərtibat, dizayn və qrafika və Uşaq nəşrləri və yeni yanaşma mövzusunda panellərlə davam etdirib.

Qeyd edək ki, Forum çərçivəsində 27-28 aprel tarixlərində Milli Elmlər Akademiyasının həyətində “Oxu günü-10” sərgi-yarmarkası təşkil olunacaq. Sərgi ölkənin 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirakı ilə baş tutacaq. Kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar da təşkil ediləcək.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023