Apr 08, 2024 | 13:59 Mühüm hadisələr
AMEA-nın Folklor İnstitutunun Qadınlar Təşkilatının sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Azərbaycan radiosu ilə Türkiyənin TRT 1 - “Türkiyənin səsi” radiosunun birgə layihəsi olan “Durna teli” verilişinin canlı yayımında qonaq olub.
Türk dünyasında yayımlanan bir saatlıq verilişdə türkiyəli alim Prof. Dr. Ali Yakıcı, proqramın aparıcısı Dilşad Tahirqızı və Aynur İbrahimova Türk xalqlarının ortaq mirası olan aşıq yaradıcılığından, onun dərin köklərindən, milli mədəniyyətimizin inkişaf etdirilməsi məsələlərindən danışıblar. Verilişdə 21-23 mart 2024-cü il tarixlərində Ankara Musiqi və İncəsənət Universitetinin ev sahibliyi ilə keçirilən I Beynəlxalq elm, sənət və toplumda aşıqlıq ənənəsi - Aşıq Veysəl simpoziumu ilə bağlı fikir mübadiləsi aparılıb, üç gün davam edən simpoziumda dəvətli qonaqların iştirak etdiyi panellərdə geniş bir tarixi coğrafiyanı özündə ehtiva edən və milli kimliyimizin təsdiqi olan aşıq sənətindən söz açılıb. Böyük bir tarixi təkamül nəticəsində artıq bir elm kimi formalaşan sənətin geniş perspektivdə sistematik mənimsənilməsi müzakirə mövzusu olub.
Əməkdaşımız Aynur İbrahimova tədbirin dəvətli iştirakçısı olaraq sözügedən simpoziumun 1-ci günündə “Aşıq Davut Sulari” salonunda moderatorluq edib, simpoziumun 3-cü günündə isə “Koroğlunun aşığı Aşıq Cünun” mövzusunda məruzə edib.
Qeyd edək ki, Prof. Dr. Ali Yakıcı Aşıq Veysəlin xatirəsinə həsr olunmuş simpoziumun təşkilatçısı və İdarə Heyətinin üzvüdür.
www.science.gov.az