Apr 06, 2024 | 09:23 Konfranslar, iclaslar
Aprelin 5-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda 27 Mart - Elm Gününə həsr edilmiş “Milli incəsənətin inkişaf problemləri türk dünyası mədəniyyəti kontekstində” mövzusunda dəyirmi masa keçirilib.
İnstitutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb. Elm günü münasibətilə institut əməkdaşlarını təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edib ki, 2018-ci ildən etibarən Azərbaycan elmi ictimaiyyəti tərəfindən qeyd edilən 27 Mart - Elm Gününün əsas məqsədi elmin rolunu və dəyərini üzə çıxarmaq, elmi nəticələrin cəmiyyətin inkişafına təsirini artırmaqdır. Alim türk dünyası mədəniyyəti və incəsənətinin prioriteti kimi milli incəsənətin tədqiqi və inkişafı məsələlərinin vacibliyini və bu baxımdan tədbirin elmi əhəmiyyət kəsb etdiyini vurğulayıb.
İnstitutun rəhbəri Elm günü ilə əlaqədar bir neçə əməkdaşın müxtəlif nominasiyalarla təltif olunduğunu diqqətə çatdırıb. İnstitutun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, “Şöhrət” ordenli, Elm və incəsənət xadimi, akademik Zemfira Səfərova, həmçinin institutun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüblər. Bununla yanaşı, institutun şöbə müdiri memarlıq doktoru, professor Rayihə Əmənzadə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı ilə, Muğamşünaslıq şöbəsinin müdiri sənətşünaslıq doktoru, professor Sevil Fərhadova Ağsaqqallar Şurasının fəxri fərmanı və daha iki əməkdaş, sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva və Gənc Alim və Mütəxəssislər Şurasının sədri elmi işçi Əlləz Əhmədov təltif olunublar. Bunlardan başqa, institutun daha bir neçə əməkdaşı AMEA-nın Fəxri fərmanı və təşəkkürnamələrlə təltif olunublar.
Sonra professor Ərtegin Salamzadə çıxışına “Türk dünyası bədii mentalitetində imperiya təfəkkürü” adlı məruzə ilə davam edib. Məruzəçi imperiya təfəkkürü anlayışı və onun incəsənət aləmində təzahürü, Qərbdə və Türkiyədə uzun illər hökm sürən imperiyalara sənət sahəsində rast gəlinən misalları slaydlar vasitəsilə təqdim edib. Bədii imperiya təfəkkürünü əks etdirən memarlıq və incəsənət əsərlərindən danışıb.
Tədbirdə, həmçinin sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva “Dekorativ-tətbiqi sənət ənənəvi Türk mədəniyyəti kontekstində”, elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov “Azərbaycan təsviri sənətində batal süjetlər və döyüşçü mentalitetinin vizual təcəssüm formaları” və institutun elmi katib v.i.e. sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyev “Türk dünyasında təqvimin simvolik modelləri” adlı məruzələrlə çıxış ediblər.
www.science.gov.az