AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunda 31 Mart Soyqırımı qurbanlarının xatirəsi anılıb
Mar 29, 2024 | 17:00 Mühüm hadisələr

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Anım mərasimini giriş nitqi ilə açan Əlyazmalar İnstitutunun elmi katibi fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə Azərbaycan xalqının son iki əsrdə erməni faşizmi və terrorizminə məruz qaldığını, millətçi daşnakların yürütdüyü etnik təmizləmə siyasəti nəticəsində baş verən faciələrin günahsız insanların həyatına son qoyulmasını qeyd edib. 31 Mart soyqırımı ilə bağlı Əlyazmalar İnstitutu tərəfindən ərsəyə gələn nəşrlərdən söz açan alim bu faciəyə dair tarixi faktları nəzərə çatdırıb. Bildirib ki, Azərbaycan xalqının əzmini, mübarizliyini, məğrurluğunu sındıra bilməyən bu qanlı cinayət milli birliyimizin daha da möhkəmlənməsinə səbəb olub və dövlətçiliyimizin bərpasına zəmin yaradıb.

Daha sonra Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi tarix ü.f.d., dosent Aynur Hacıqədirlinin “1918-ci il mart hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində dönüş nöqtəsidir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə təcavüzkar erməni daşnak birləşmələrinin öz havadarlarından güc alaraq xalqımıza qarşı törətdiyi qanlı soyqırım aktını təsdiq edən tarixi sənədlərə istinad edən alim milli bayramımız olan Novruz ərəfəsində Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakinin məhz milli və dini mənsubiyyətinə görə qətlə yetirildiyini diqqətə çatdırıb. Daşnak-bolşevik hərbi-siyasi rəhbərlərinin fitvası ilə əliyalın dinc əhaliyə divan tutulması ilə yanaşı, həm də yaşayış məntəqələrinin dağıdıldığını, mədəniyyət abidələri, məscid və qəbiristanlıqların da yerlə-yeksan edildiyini vurğulayıb. Ermənilərin bu qeyri-insani əməllərinin, törətdikləri soyqırım aktlarının təkcə Bakı quberniyasında deyil, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də həyata keçirildiyini qeyd edib, tarixi məxəzlərdə kütləvi qətllər, talanlar və etnik təmizləmələrlə bağlı faktları gənclərin diqqətinə çatdırıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova məruzə ətrafında çıxış edib. O, 31 mart – Azərbaycanlıların soyqırımı ilə bağlı hadisələrin gələcək nəsillərə çatdırılmasının düşmənin iç üzünün tanıdılması baxımından vacib olduğunu bildirib, məlum hadisəyə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini və bunun nəticəsində Ulu Öndərin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu nəzərə çatdırıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2018-ci il tarixində “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” müvafiq Sərəncam imzaladığını qeyd edib.

Məruzə ətrafında institutun Gənc Alim və Mütəxəssislər Şurasının digər üzvləri də çıxışlar ediblər. Gənclər nəzərə çatdırıblar ki, ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən 44 gün davam edən Vətən müharibəsində verilib. Nəhayət Ermənistanın 30 illik işğalına son qoyulub, rəşadətli ordumuzun sayəsində ötən ilin sentyabr ayında antiterror əməliyyatında ölkəmizin ərazi bütövlüyü bərpa edilib.

Tədbirin sonunda Əlyazmalar İnstitutunun gənc alim və mütəxəssisləri Məmməd Səid Ordubadinin 31 Mart hadisələrindən bəhs edən “Qanlı sənələr” əsərinin müxtəlif illərdə nəşr edilən çap nüsxələri ilə tanış olublar.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023