AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Əlyazmaların bərpası texnologiyası” mövzusunda elmi sessiya keçirilib
Mar 27, 2024 | 16:47 Konfranslar, iclaslar

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Əlyazmaların bərpası texnologiyası” mövzusunda elmi sessiya keçirilib.

Elm günü münasibətilə Əlyazmalar İnstitutunun akt zalında baş tutmuş, Azərbaycanın qabaqcıl təhsil müəssisələri olan Bakı Dövlət Universitetinin və Bakı Slavyan Universitetinin tələbələrinin iştirak etdiyi sessiyada institutun Əlyazmaların gigiyenası və bərpası laboratoriyasının müdiri Zaur Orucov “Əlyazmaların bərpası işinin təşkili” adlı məruzə ilə çıxış edib. O, institutda qorunub saxlanılan əlyazmaların bərpası prosesində elmin nailiyyətlərindən istifadə etməklə onların texniki səviyyəsinin yüksəldilməsi, onların aşkar olunduğu qədim memarlıq abidələri, bu əlyazma abidələri üzərində həkk olunan işarələrin məna cəhətdən mühüm əhəmiyyətindən bəhs edib. Alim çıxışında bərpa etdiyi bir sıra əlyazma nüsxələrini hazırladığı slayd əsasında tələbələrə nümayiş etdirib.

Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.

Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.

Qeyd edək ki, AMEA-nın müəssisələrində elmin populyarlaşdırılması istiqamətində keçirilən tədbirlər çərçivəsində 2024-cü ilin ilk rübü ərzində Əlyazmalar İnstitutunda artıq dörd tədbir həyata keçirilib ki, onlardan biri fəl.ü.f.d., dosent Zəkiyyə Əbilovanın “Avtoqraf nüsxə”, ikincisi fil.ü.f.d., dosent Samirə Əliyevanın “İnstitutumuzun fondunda qorunan türkdilli əlyazmalar”, üçüncüsü fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın “Türkdilli yazılı dastan abidələri”, dördüncüsü fil.ü.f.d., dosent Aynur Nəcəfovanın “Ərəb Xilafəti dövründə İslam incəsənətinin tarixi. Xətt növləri”, beşincisi isə tar.ü.e.d., dosent Tahirə Həsənzadənin “Əlyazma xəzinəmiz – milli sərvətimizdir” mövzularında mühazirələrinin dinlənilməsi olub. Doktorant və dissertantların müvafiq fənlər üzrə ixtisas səviyyələrinin artırılması və gücləndirilməsi məqsədilə təşkil olunan bu kimi tədbirlərin may ayına qədər davam etdirilməsi nəzərdə tutulub.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023