Mar 19, 2024 | 10:40 Mühüm hadisələr
Azərbaycanda Novruz bayramının sonuncu çərşənbəsi - Torpaq çərşənbəsi digərlərindən fərqli olaraq xüsusi təntənə ilə qeyd edilir.
AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyevin Torpaq çərşənbəsi haqqında qeydlərini təqdim edir.
Sonuncu çərşənbə xalq arasında “Axır çərşənbə”, “Torpaq çərşənbəsi”, “Yel çərşənbəsi”, “Çərşənbə-suri” adları ilə tanınır. Axır çərşənbədə torpaq oyanır. Bu fikri irəli sürən professor Azad Nəbiyev dördüncü çərşənbə kimi Torpaq çərşənbəsini qəbul edərək onun özəllikləri haqqında yazıb: “Torpağın oyanmasını ulu əcdadlarımız ən şən, şux mərasimlər, nəğmələr, ayinlər ilə qarşılamışdır. Xalq arasında belə bir inam olmuşdur ki, dörd ünsürdən sonuncusunun oyanması ilə Sel (Su), Atəş, Yel və Torpaq daha böyük güc alır, ərzin donunu dəyişir, adamları qıtlıqdan, çətinlik və məhrumiyyətdən qurtarmaqda özündə daha böyük qüvvə tapır. Elə bu inamla bağlı xalq arasında yayılmış əski bir mifoloji təsəvvürə görə, adamların məhrumiyyət və qıtlıqdan əziyyət çəkdikləri bir gündə Sel (Su), Atəş, Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlirlər. Burada yatmış Torpaq xatunu oyadıb adamların aclıq və qıtlıq çəkdiklərini ona söyləyirlər. Torpaq xatun “Adamları fəlakətə salan özü fəlakətə düşər”, – deyə yerindən qalxır, Sel (Su), Atəş, Yel və Torpaq xatun əl-ələ verib: Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi, təzə ömür, təzə məhsul, il gəldi, – deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyirlər, həmin gün elin əziz günü olan Axır çərşənbə idi”.
Beləliklə, Torpaq çərşənbəsi bərəkətin, məhsul artımının rəmzi olaraq insanları maddi nemətlər bolluğu ilə təmin edib acından ölmək təhlükəsindən qurtarmaqla xilasedici dirilik missiyası daşıyır. Torpağın müqəddəsliyi haqqında, həyatvericilik gücü haqqında çox danışmaq olar. Ən əski düşüncəni isə mifoloji qaynaqlar əks etdirir. Kosmoqonik səciyyəli mifoloji mətnlərdən birinə görə, əvvəllər Allahdan başqa heç kim yox imiş. Yer üzü də başdan-ayağa su imiş. Allah bu suyu lil edir, sonra bu lili qurudub torpaq edir, torpaqdan bitkiləri cücərdir. Ondan sonra da torpaqdan palçıq düzəldib insanları yaradır, onlara ruh verir.
Bu kiçik parçada dörd yaradıcı ünsürün köməyilə dünyanın yaranmasından bəhs edilir. Yer üzünün başdan-ayağa sudan ibarət olması fikri burada ilk yaradılış ünsürünün su olduğuna işarədir. Sudan lil yaradılması yenə ilk yaradılış başlanğıcı kimi sudan yaranmanı əks etdirir. Müqəddəs “Qurani-Kərimdə” buyurulmuş “hər bir canlını sudan yaratdıq” prinsipinin mifoloji yöndən də təsdiqini görürük. Mifoloji mətndəki “lilin qurudulub torpaq edilməsi” fikri artıq burada iki yaradılış ünsüründən söhbətə işarə vurur. Əvvəla, sudan torpağın yaradılması mərhələli şəkildə baş verir: əvvəlcə torpağın ilk ünsürü olan lil, ardınca lilin bərkimiş forması olan torpaq özü yaradılır. Bəs bu necə baş verir? Lilin qurudulması hesabına. Lilin qurudulması əsasında bəs hansı yaradıcı element iştirak edir? Bunun üçün qurudulma əməliyyatının bir proses kimi nəyin – hansı ünsürün hesabına getdiyini təsəvvürümüzdə canlandırıb cavab tapmalıyıq. Əlbəttə, istiliyin hesabına, istilik isə özlüyündə yaradıcı stixiya olan odu (Günəşi) simvolizə edir. Demək, od ünsürü – Günəş istisi olmasa, lilin quruyub bərkiməsi və torpağın əmələ gəlməsi prosesi getməz. Məhz torpağın zəminində digər yaradılmışlar dirilik tapıb inkişaf edir ki, buna da yenə mətndə işarələr var. Torpaqdan bitkilərin bitib-cücərməsi fikri bitkilərin timsalında digər canlılar aləminin torpağın hesabına yaranıb formalaşdığını əks etdirir. Torpaqdan yoğrulmuş palçıqdan insanların yaradılması və onlara ruh verilməsi tipli mifoloji informasiyada da yenə iki yaradıcı ünsürə işarə vurulur. Əvvəlki cümlədə nəbatat aləminin – bitkilərin torpaqdan yaranması (torpaqdan bitkilərin cücərib bitməsi) qeyd olunubsa, bu cümlədə isə heyvanat aləminin timsalında insanların torpaqdan xəlq olunması fikri diqqətə çəkilir. Deməli, torpaq maddi varlıq olaraq bitkiləri və insanları yaradır və öz üstündə varlıq aləminin yaşayıb inkişaf tapmasına, canlı fəaliyyətinə şərait yaradır. Mifoloji mətndə vurğulanan digər bir yaradıcı ünsürün – hava stixiyasının da əhəmiyyətini diqqətdən kənarda qoymaq olmaz. Bu isə o deməkdir ki, torpaqdan yoğurulub düzəldilən insanın (və eləcə də digər canlıların) hələ silueti (maddi müqəvvası) yaradılıb; bu yaradılış o zaman tam başa çatacaq ki, insan canlı olsun – cana, hərəkətə gəlsin, dirilsin. Bu dirilmə insana “ruh verilməsi” ilə – həyat nəfəsi (yaradıcı hava ünsürünün təmsilçisi) bəxş edilməsi ilə tamamlanır. Bu mifoloji mətnin daşıdığı böyük və dərin məna yükü, məzmun zənginliyi həm də xalqımızın müdrikliyinin ifadəçisidir. Həyatın dialektik inkişaf qanunauyğunluqları lakonik şəkildə, lakin dolğunluğu ilə burada əksini tapıb. Həyatın, mövcudatın əsasında dörd yaradılış ünsürünün dayandığı göstərilir. “Yer üzünün başdan-ayağa su olması” – ilkin su ünsürünü, suyun qurudulması (istilik mənbəyi olan od ünsürü ilə) hesabına sudan lil və torpağın ayrılması (yaradılması) – ilkin başlanğıcın əsasında dayanan od və torpaq elementlərini, yaradılış ünsürü olan torpaqdakı canlıların və insanın dirilik tapması, cana gəlməsi – canlanması üçün isə son nəticədə onlara “ruh verilməsi” – hava stixiyasını simvollaşdırır.
Ən başlıcası isə odur ki, mifik mətndə hər yaradıcı ünsürün öz yeri, mövqeyi, əhəmiyyəti, rolu, funksiyası aydınca göstərilib və eyni zamanda, bu fərdi ünsürlər ayrı-ayrılıqda həyat, yaşayış, dirilik üçün nə qədər böyük funksiyanı yerinə yetirirlərsə, həmçinin bunların hamısı birləşib vahid bir komponent təşkil edirlər və bütöv canlı orqanizm kimi birlikdə canlı həyatın əsasında dayanırlar. Ona görə də xalq təfəkküründə bir-birinin ayrılmaz tərkib hissəsi kimi götürülən bu dörd yaradıcı həyat elementini bir-birindən təcrid edərək birinin rolunu azaldıb, digərinin funksiyasını şişirtməklə yanlışlığa yol verə bilmərik. Elə bu məntiqin nəticəsidir ki, ilaxır çərşənbələrin hər birində onların ayrı-ayrı yaradıcı ünsürlərin adları ilə tanınmasına baxmayaraq, xalqımız mərasimi akt olaraq bu daşıyıcı simvolların (su, od, yel, torpaq ünsürlərinin) heç birini digərindən üstün, ya əskik tutmadan, hamısına eyni qaydada önəm verib, ilaxır çərşənbələrin hər birinin yaradıcı elementlərinə kompleks şəkildə yanaşır. Bu, həm də mərasim və ayinlərdə xalq müdrikliyinin bir göstəricisi kimi qəbul edilməlidir. Yəni bütün çərşənbələrimizdə od ünsürünün rəmzi olan ocaq qalanır, şamlar yandırılır, su ünsürünün rəmzi kimi qapı-bacalara “su aydınlıqdır” deyə parçlarda su atılır, eləcə də yel (hava), torpaq ünsürü ilə bağlı ayinlər yerinə yetirilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, xalq ilaxır çərşənbələrin hər birində bu yaradıcı elementləri simvolizə edən yaradıcı qüvvələrə, hami ruhlara eyni dərəcədə qədir-qiymət qoyur, hər bir yaradıcı ruh sahibinə xoş gedəcək ayinlər həyata keçirir.
Təbiətin sirri budur: insan da təbiətlə həmrəy olanda, təbiətlə özünü bütöv görəndə səmimiyyət və xoşbəxtlik yaşanır. İlaxır çərşənbə (eləcə də Novruz bayramı) mahiyyətcə təbiətlə cəmiyyətin bir araya gəlməsi, bütövlük nümayiş etdirməsi bayramıdır. İnsanlar bu bayramlarda sanki təbiətlə dil tapıb ünsiyyət qura bilirlər, təbiətin dili ilə danışmağı bacarırlar. Adamlar dan yeri söküləndə bulaq başına gedər, axar suda əl-üzlərini yuyar, sonra arxın üstündən atlanardılar. Qız-gəlinlər səhənglərinin dibinə yeddi balaca daş salardılar. Özü də həmin daşları bulağın gözündən götürərdilər. Kişilər isə üç böyürtkən qanadı qırıb evə gətirər, qapının, darvazanın başına, ya da astanasına keçirərdilər. Səhəngə salınan yeddi daş, eləcə də böyürtkən qanadları o biri ilin son çərşənbəsinədək orada qalardı. Yeniyetmələr və cavanlar özləri gəzib qapı ağzına dəsmal, ya da papaq atardılar. Ev sahibləri onların papağına şirni, qoz, fındıq, qovurğa qoyub qaytarardılar. Əgər dəsmal atan oğlan birinin qızını istəsəydi, onda dəsmalın qırağını düyünləyərdi. Ata-ana qızlarını ona nişanlamağa razı olsa, dəsmalın düyününü açar və qızın belinə bağlayardı. Razı olmasalar, dəsmala şirni qoyub geri qaytarardılar.
Məlumdur ki, ayrı-ayrı tədqiqatçıların çərşənbələrin sıra düzümündəki baxışları müxtəlifdir. Əgər sonuncu çərşənbə Torpaq çərşənbəsi kimi yox, Yel çərşənbəsi olaraq qəbul edildiyi təqdirdə də bu, belə olmalı idi. Yəni Axır çərşənbənin özündən əvvəlki digər üç çərşənbədən (söhbət doğruçu çərşənbələrdən gedir) təmtəraqlı, zəngin ayinlərlə müşayiət olunması faktı onun torpaq, ya hava ünsürü ilə bağlılığından çox, axırda keçirilməsində – yekun aktı kimi dəyərləndirilməsi ilə əlaqədardır. Çünki Axır çərşənbə mahiyyət baxımından özündən əvvəlki üç çərşənbənin ümumiləşdirilmiş – sinkretizə olunmuş yekunlaşdırıcı şənliyidir. Necə ki yeddi çərşənbənin əvvəldə gələn üçü yalançı olmaqla həmin üç yalançıdan biri – sonuncusu simvolik olaraq qeyd olunur, digər iki yalançını da əslində öz içərisinə alır. Bax beləcə də digər dörd yaradılış ünsürünü ifadə edən dörd doğruçu çərşənbənin də axırda gələni – Axır çərşənbə digər özündən əvvəldə gələn üç çərşənbənin ayin, mərasim və etiqadlarını öz canına çəkərək (öz içinə alaraq) həm özünün, həm də digər çərşənbələrin hamısının ümumilikdə elliklə bayram şənliyi şəklində yola salınması mərasimi kimi təmtəraqla, böyük coşqu ilə qeyd olunur. Başqa sözlə, ilin ən sonuncu çərşənbəsi olan Axır çərşənbə bayramı bütün yeddi çərşənbənin hamısının – yalançı və doğruçu çərşənbələrin hamısının ümumilikdə yola salınması və Novruzun qarşılanması mərasimi olduğundan bu cür yüksək əhvali-ruhiyyə şəraitində, böyük izdihamla keçirilir. Bununla da köhnə ilin yola salınması və yeni ilin (Novruzun) qarşılanması ərəfəsi məhz ilin axırıncı çərşənbəsinin üstünə həvalə olunmuş olur. Axır çərşənbənin digərlərindən üstün keçirilməsi və həmin çərşənbələrin ayinlərini də əhatə etməsi məhz bununla əlamətdardır.
Hansı ünsürlə bağlanmasından, hansı adla çağırılmasından asılı olmayaraq ilaxır çərşənbələrin sonuncusunun bir ümumiləşmiş adı var: Axır çərşənbə!
Qırğız yazıçısı Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan Alabaş” əsərinin məğzində – mayasında isə insana psixoloji baxımdan quru sahəsinin – torpağın nə dərəcədə hava-su kimi vacib olduğu ideyası aşılanır. Bir sözlə, torpaq ünsürü cəmiyyətin və bütün varlıq aləminin üstündə yaşadığı zəmindir ki, torpaqsız yer üzü başdan-başa xaosa burunmuş olardı. Hətta dini və mifoloji mənbələrdə insanın, cəmi mövcudatın torpaqdan yaradılıb xəlq olunması inamı var ki, bu da psixoloji amil kimi sonuncu çərşənbəni torpaqla bağlamağa vadar edən səbəblərdəndir.