AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA ilə Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb
Mar 15, 2024 | 11:00 Mühüm hadisələr

Martın 13-də AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin rektoru prof. Dr. Ramazan Cüneyt Erenoğlu ilə görüşüb.

Görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi köklərə malik Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərinin müasir dövrdə yeni mərhələyə qədəm qoyduğunu və bu əlaqələrin təməlində Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərinin dayandığını söyləyib. Qeyd edib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sıx dostluq münasibətləri sayəsində əməkdaşlığımız strateji müttəfiqlik səviyyəsinə yüksəlib və ölkələrimizin bütün qurumları, o cümlədən elmi qurumları arasında yaxın əlaqələr mövcuddur.

Qardaş Türkiyənin Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyi xatırladan akademik İsa Həbibbəyli eynilə Çanaqqala savaşında soydaşlarımızın da türk xalqının yanında olaraq şəhidlik zirvəsinə ucaldıqlarını, bu şəhərin ölkəmiz üçün daim doğma olduğunu bildirib.

AMEA-nın tarixi barədə məlumat verən akademik İsa Həbibbəyli gələn il Milli Elmlər Akademiyasının 80 illik yubileyinin qeyd olunacağını və rəhbərlik etdiyi qurumun ötən illər ərzində şərəfli yol keçərək Azərbaycan və dünya elmi üçün misilsiz töhfələr verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, AMEA son illərdə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK), Türkiyə Elmlər Akademiyası (TUBA), Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu və digər akademik və ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq edir.

Akademik İsa Həbibbəyli qeyd edib ki, ölkəmizdə elm və təhsil sahəsində aparılan islahatlardan sonra Elmlər Akademiyası öz tabeliyində humanitar və ictimai elmləri, o cümlədən Respublika Seysmoloji Xidmət Mərkəzini əhatə edir və bu istiqamətlərdə Çanaqqala Onsəkkiz Mart Universiteti ilə əməkdaşlıq etməyə hazırdır.

Dr. Ramazan Cüneyt Erenoğlu isə səmimi qəbula görə minnətdarlığını bildirib və öz növbəsində rəhbərlik etdiyi Çanaqqala Onsəkkiz Mart Universiteti və burada aparılan tədqiqatlar barədə məlumat verib. O, ədəbiyyat, tarix, arxeologiya, siyasi elmlər, seysmologiya sahələrində və birgə doktorantura hazırlığında Akademiya ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Çıxışlardan sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədi akademik İsa Həbibbəyli və Dr. Ramazan Cüneyt Erenoğlu imzalayıblar.

Sonra qarşılıqlı hədiyyələr təqdim olunub.

Sonda qonaqlar AMEA-nın Rəyasət Heyətinin binası və AMEA-TÜBİTAK Koordinasiya Mərkəzi ilə tanış olublar.

Qeyd edək ki, görüşdə Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Dr. Vedat Çalışkan, kulturologiya elmləri doktoru Çingiz Abdullayev, AMEA-nın Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov, Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdir müavinləri yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova və sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da iştirak ediblər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023