Sep 14, 2023 | 12:38 Elanlar
Milli mədəni irsimizin ayrılmaz tərkib hissəsi olan Güney Azərbaycan folkloru bu gün fərqli siyasi reallıqda, fərqli etnomədəni əlaqələr və ideoloji təsirlər şəraitində inkişaf etməkdədir. Tarix sübut edir ki, istər Quzey, istərsə də Güney Azərbaycanda xalqın milli-mənəvi oyanışı, mədəni sıçrayışı bütün dövrlərdə daha çox folklor üzərində köklənmiş, məhz şifahi xalq ədəbiyyatı böyük ölçüdə xalq ruhunun özünüifadəsinə çevrilmişdir.
AMEA-nın Folklor İnstitutu son 10 il ərzində Güney Azərbaycan folklorunun toplanması, tədqiq və nəşri istiqamətində aktiv fəaliyyət göstərmiş, bölgənin folklor irsinin tədqiqinə həsr olunmuş çoxsaylı toplular və monoqrafiyalar (“Güney Azərbaycan folkloru” silsiləsindən 15 kitab, “Koroğlu” dastanının Əli Kəmali variantı, “Təbriz folklor mühiti”, “Təbriz folklor örnəkləri” və s.) nəşr etmişdir. Toplularda yer almış ayrı-ayrı xalq mərasim mətnləri, uşaq oyunları, dastan, nağıl, lətifə, əfsanə, rəvayət, bayatı, tapmaca və s. janrlarda olan çoxsaylı nümunələr bu gün folklor irsimizin müqayisəli şəkildə yenidən nəzərdən keçirilməsinə, yeni qənaət və nəticələrin əldə olunmasına şərait yaradır.
Müasir qloballaşma şəraitində, dünya ictimaiyyətinin mədəni irsin mühafizə məsələlərinə xüsusi qayğıkeşliklə yanaşdığı, mədəni-tarixi dəyərlərin qəbul edilmiş beynəlxalq konvensiyalarda qorunduğu bir vaxtda Güney Azərbaycan folklorunun daha ətraflı şəkildə öyrənilməsi vacib problemlər sırasındadır.
AMEA-nın Folklor İnstitutu sözügedən problemləri müzakirə etmək, həmin istiqamətdə yeni perspektivlər müəyyənləşdirmək məqsədilə 15 noyabr 2023-cü il tarixində “Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” mövzusunda respublika elmi konfransı keçirməyi planlaşdırır.
Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə xülasələri 15 oktyabr 2023-cü il tarixinədək guneyfolkloru@mail.ru elektron poçt ünvanına göndərə bilərlər.
Xülasələrin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 1 noyabr 2023-cü il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcək.
Konfrans 15 noyabr 2023-cü il tarixində AMEA-nın Folklor İnstitutunda keçiriləcək.
www.science.gov.az