Feb 27, 2024 | 09:40 Yeni nəşrlər
“Türk mənşəli arxaizmlər lüğəti” XIII-XVIII əsrlərdə Azərbaycan yazılı abidələrində işlənmiş arxaizmlərin semantik iyerarxiyasının inkişafını, işləkliyini və ya istifadədən çıxmasını, sözün forma və funksiyasının dəyişmə dinamikasını əks etdirən diаxrоn filоlоji lüğətlər növünə aid tarixi lüğətdir. Bu baxımdan təqdim etdiyimiz leksikoqrafik əsər Azərbaycan dili tarixinin leksikologiya, semasiologiya, sintaksis, morfologiya, fonetika sahələri üçün zəngin material mənbəyi olub, konkret dövrlər üzrə aparılacaq tədqiqatlar üçün geniş imkanlar açır. Lüğətə arxaizmin bütün leksik, semantik, fonetik və qrammatik növləri daxil edilmişdir. Belə bir diaxron aspektli qeyri-normativ lüğətin yaradılması Azərbaycan dili tarixinin tədqiqatı sahəsində yenidir və tədqiqatçıllar üçün əvəzolunmaz məxəzdir.
Lüğətin tərtibatı AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsində şöbə müdiri fil.ü.f.d., dos. Xədicə Heydərovanın rəhbərliyi altında həyata keçirilmişdir. Şöbə əməkdaşları bu işi iki mərhələdə yerinə yetirmişlər:
1) Mənbələrdən nümunələrin toplanması və baş sözlər əsasında əlifba sırasına düzülməsi;
2) Mənbələr üzrə ayrı-ayrılıqda toplanmış materialların qəbul edilən tərtibi prinsiplər əsasında hərflər üzrə birləşdirilməsi və vahid lüğət halına salınması.
İlkin mərhələdə şöbə əməkdaşları şeirlər, dastanlar və tərcümə əsərlərinin üzərində həm ayrı-ayrı, həm də kollektiv şəkildə işləyərək, ümumilikdə 60-a qədər müəllif və tərcümə əsərlərindən nümunələr toplamışlar. Bu mənbələr aşağıdakılardır: “Kitabi Dədə Qorqud”un Drezden nüsxəsi , Dastani-Əhməd Hərami (XIII), İbn Mühənnanın “Hilyətül-insan və həlbətül-lisan” lüğəti (XIII), Qul Əlinin “Qisseyi-Yusif” poeması (XIII), Qazi Bürhanəddin (XIV), Mustafa Zəririn “Fütuhüş-Şam”, “Yüz hədis və yüz hekayə”, “Siyərün-Nəbi”, “Yusif və Züleyxa” adlı tərcümə əsərləri (XIV), Suli Fəqih (XIV), İmadəddin Nəsimi (XIV), Ümmi İsanın “Mehri və Vəfa” məsnəvisi (XIV), Yusif Məddahın “Vərqa və Gülşah” poeması (XIV), Dədə Ömər Rövşəni (XV), Əfsəhəddin Hidayət (XV), Əhmədi Təbrizinin “Əsrarnamə” tərcüməsi (XV), Şirazinin tərcümə əsəri “Gülşəni Raz” (XV), Həbibi (XV), Xəlilinin “Firqətnamə” (XV), Xətayi Təbrizi (XV), Kişvərinin türkcə “Divan”ı (XV), Nemətullah Kişvəri (XV), Şeyx İbrahim Gülşəni Bərdəi (XV), Həqiri Təbrizi (XVI), Məhəmməd Füzuli (XVI), Ruhi Bağdadi (XVI), Şah İsmayıl Xətai (XVI), Məhəmməd bin Hüseyn Katib Nişatinin tərcümə əsərləri “Şeyx Səfi təzkirəsi” (XVI) və “Şühədanamə” (XVI), Məhəmməd Əmani (XVII), Qövsi Təbrizi (XVII) Məsihinin “Vərqa və Gülşa” əsəri (XVII), “Qəhrəmannamə” dastanı (XVII), Saib Təbrizi (XVII) Molla Pənah Vaqif (XVIII), Molla Vəli Vidadi (XVIII), Nişat Şirvani (XVIII), Şakir Şirvani (XVIII), Məhcur Şirvani (XVIII), Arif Şirvani (XVIII), Ağa Məsih Şirvani (XVIII), “Şeyx Sənan” hekayəti (anonim) (XVIII), Düzd və Qazı (Oğru və Qazı, XVIII), Əbdürrəhim Ərdəbili Şirvaninin “Məzhər üt-türk” risaləsi (XVIII).
Bunlardan İbn Mühənna lüğəti (XIII, P.P.Melioranskinin tərtibatı), “Əsrarnamə” (XV), “Şeyx Səfi təzkirəsi”, Məhəmməd Əmani (XVI-XVII.), “Azərbaycan klassik ədəbiyyatından seçmələr”in II və III cildləri üzərində kollektiv iş aparılmışdır. Göstərilən digər mənbələri aşağıdakı əməkdaşlar işləmişlər:
1. Qul Əlinin “Qisseyi-Yusif” poeması (XIII), “Şühədanamə” tərcümə əsəri (XVI) və “Qəhrəmannamə” (XVII) yazılı dastan abidəsi, Əbdürrəhim Ərdəbil Şirvaninin “Məzhər üt-türki” (XVIII) risaləsi – Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, fil.ü.f.d., dos. Xədicə Heydərova;
2. “Dastani-Əhməd Hərami” (XIII) və Ümmi İsanın “Mehri və Vəfa” (XIV) əsəri – baş elmi işçi, Əməkdar elm xadimi, fil.e.d., prof. Qəzənfər Kazımov;
3. İmadəddin Nəsiminin şeirləri (XIV) – baş elmi işçi, fil.e.d., prof. Sevil Mehdiyeva;
4. “Kitabi Dədə Qorqud” dastanı – baş elmi işçi, fil.ü.f.d., dos. Vahid Adilov;
5. Məsihinin “Vərqa və Gülşa” əsəri (XVII) və Qövsi Təbrizinin qəzəlləri (XVII) – aparıcı elmi işçi, fil.ü.f.d., dos. Teyyub Quliyev;
6. Mustafa Zəririn “Fütuhüş-Şam” əsəri (XIV) – aparıcı elmi işçi, fil.ü.f.d., dos. Vahidə Cəfərzadə;
7. Xətayi Təbrizi (XV), Şah İsmayıl Xətayi (XVI), Həbibi (XV), Həqiri Təbrizi (XV), Şeyx İbrahim Gülşəni Bərdəi (XV), Kişvəri (XV), Yusif Məddahın “Vərqa və Gülşah” poeması (XIV)– aparıcı elmi işçi, fil.ü.f.d. Reyhan Mədətova;
8. Şeyx İbrahim Gülşəni Bərdəi (XV), Dədə Ömər Rövşəni (XV), Kişvəri (XV), Xəlilinin “Firqətnamə” (XV), Xətayi Təbrizin “Yusif və Züleyxa” (XV) əsərləri, Əfsəhəddin Hidayətin “Divan”ı (XV), Həbibi (XV) – aparıcı elmi işçi, fil.ü.f.d, dos. Aynur Paşayeva;
9. “Düzd və Qazi” (XVIII), Nişat Şirvani (XVIII), Şakir Şirvani (XVIII), Məhcur Şirvani (XVIII), Arif Şirvani (XVIII), Ağa Məsih Şirvani (XVIII) – böyük elmi işçi, fil.ü.f.d. Aynur Mahmud.
10. Məhəmməd Füzuli (XVI)– aparıcı elmi işçi, fil.ü.f.d., dos. Türkan Əsgərova;
11. Şeyx Sənan (XVIII), Molla Pənah Vaqif (XVIII) və Molla Vəli Vidadi (XVIII) – böyük elmi işçi, fil.ü.f.d. Elnurə Abbasova;
12. Mustafa Zəririn “Yüz hədis və yüz hekayə” (XIV), “Yusif və Züleyxa” əsərləri (XIV) və Qazi Bürhanəddinin “Divan”ı (XIV)– böyük elmi işçi Rəxşanə Babazadə;
13. Şirazinin “Gülşəni-raz” (XV) və Mustafa Zəririn “Siyərün-Nəbi” əsərləri (XIV) – elmi işçi Vəsilə Xəlilova.
İkinci mərhələdə bütün bu əsərlərdən seçilmiş illüstrativ materiallar əməkdaşlar tərəfindən hərflər üzrə əlifba sırası ilə birləşdirilərkən aşağıdakı prinsiplərə riayət edilmişdir:
a) hər bir arxaizmin lüğət məqaləsinin yaradılması;
b) hər bir baş sözün qarşısında onun əski Azərbaycan yazısı ilə verilməsi üçün tutuşdurulmalar aparılaraq əlyazmalara müraciət olunması;
c) omonimlərin və çoxmənalı sözlərin məna inkişafının təyin edilməsi və bəndlər üzrə bölünməsi;
d) nümunələrin xronoloji ardıcıllıqla verilməsi və bu ardıcıllıqda görünən boşluqların əlavə materiallarla zənginləşdirilməsi;
e) arxaizmlərin izahlarının və etimologiyasının dəqiqləşdirilməsi;
f) əlifba sırasına görə ayrı düşən fonetik arxaizmlərin bir-birinə baxdırılması.
Bu mərhələdə hərflər əməkdaşlar arasında aşağıdakı şəkildə bölüşdürülmüşdür:
1. Şöbə müdiri, fil.ü.f.d., dos. Xədicə Heydərova – A, B, C, Ç, Q hərfləri;
2. Aparıcı elmi işçi, fil.ü.f.d., dos. Teyyub Quliyev – D, E, Ə hərfləri;
3. Aparıcı elmi işçi, fil.ü.f.d. Reyhan Mədətova – G, H, X, I, İ hərfləri;
4. Aparıcı elmi işçi, fil.ü.f.d., dos. Aynur Paşayeva – K, L, M hərfləri;
5. Aparıcı elmi işçi, fil.ü.f.d., dos. Əsgərova Türkan – N, O, Ö, P hərfləri;
6. Böyük elmi işçi fil.ü.f.d. Elnurə Abbasova – S, Ş, T hərfləri;
7. Böyük elmi işçi, fil.ü.f.d. Aynur Mahmud – U, Ü, V, Y hərfləri.
Təqdim etdiyimiz leksikoqrafik əsərin birinci cildinə 7 hərf daxildir: A, B, C, Ç, D, E, Ə. Bunlardan ilk dördünü şöbə müdiri, fil.ü.f.d., dos. Xədicə Heydərova, sonrakı üçünü isə aparıcı elmi işçi, fil.ü.f.d., dos. Teyyub Quliyev tərtib etmişlər.
Birinci cildin redaktəsində fəallıq göstərmiş şöbə əməkdaşlarının adlarını qeyd etmək lazımdır: fil.e.d., prof. Sevil Mehdiyeva, fil.ü.f.d., dos. Vahidə Cəfərzadə, fil.ü.f.d., dos. Teyyub Quliyev. Eynu zamanda bu şöbədən olmasa da, layihədə iştirak edən, böyük əziyyət çəkmiş və vicdanlı işi ilə nümunəvi olan böyük elmi işçi Rəxşanə Babazadəyə təşəkkürümüzü bildirmək istərdim.
“Türk mənşəli arxaizmlər lüğəti”ndə sitatların xronoloji ardıcıllıqla düzülməsi həyata keçirilərkən yuxarıda göstərilən mənbələrin hər birində axtarışlar aparılmış, hansı dövrlərdə işlənib-işlənməməsi dəqiqləşdirilməyə çalışılmışdır. Məsələn, fonetik arxaizm olan ağrığ sözü XIII əsr abidəsi İbn Mühənna lüğətində və ən son “Şeyx Səfi” (XVI əsr) təzkirəsində izlənilir. Sonrakı dövrlərə aid mənbələrdə tapılmadığına görə, deyə bilərik ki, XVI əsrdən sonra həmin fonetik variant işləklikdən qalmışdır. Yaxud biləmcə leksik arxaizmin ilk olaraq XIV əsrdə “Fütuhüş-Şam”da, son olaraq XVI əsrdə “Şeyx Səfi” və “Şühədanamə” tərcümə əsərlərində izlənilir. Ümumiyyətlə, xronoloji ardıcıllıqda “Kitabi Dədə Qorqud” dastanı ilk sırada yer alır, ardından XIII əsr və digər abidələr sıralanır. Bu abidələrdən olan nümunələrin verilməsi axtarılan arxaizmlərin onlarda tapılmasından asılıdır.
“Türk mənşəli arxaizmlər lüğəti”ndə sözlərin həm məna inkişafını, həm də işlənmə intensivliyini aşkar izləmək mümkündür: bəzən bir söz yalnız bir müəllifin dilində izləndiyi halda, digəri bütün əsərlərdə ümumişləkdir. Məsələn, müasir dilimizdə arxaik hesab etdiyimiz bulmaq feilinin XVIII əsrə qədər bütün nəzm və nəsr əsərlərində tam aktiv şəkildə olduğu müşahidə edilir. Bu araşdırmalar 60-a qədər mənbə üzərində aparılsa da, mütləq doğru olma anlamına gələ bilməz. Ola bilər ki, dövrlər üzrə axtarışlarda tapa bilmədiyimiz arxaizmlər “Türk mənşəli arxaizmlər lüğəti”nin mənbələri sırasına daxil olmayan hansısa başqa əsərlərdə görülmüş olsun. Belə olduğu halda, lüğətin tərtibi heyətinin məlumatlandırılması gələcəkdə təkmilləşdirilmə işlərinin aparılmasında böyük fayda verəcəkdir.
Mənbələrdən söz düşmüşkən, İbn Mühənna lüğətinin lüğətimizə daxil edilməsi məsələsində seçim qarşısında qaldıq. Onun İstanbul nüsxəsinin lüğət qismi tematik prinsiplə tərtib olunduğuna görə istifadəsi çətinlik törədirdi. Bu nüsxənin Abdulla Batal tərəfindən əlifba sırası ilə həyata keçirilən tərcüməsi isə həm transfoneliterasiya (Azərbaycan türkcəsini əks etdirmir), həm də mənbədəki bəzi səhifələrin uyğun gəlməməsi səbəbindən nöqsanlıdır. P.M.Melioranskinin 1900-cü ildə nəşr olunmuş doktorluq dissertasiyasının sonunda beş Avropa nüsxəsi cəmləşdirilərək əski əlifba sırası ilə verildiyinə görə üstünlüyü məhz ona verməli olduq.
Müasir dili əks etdirən izahlı lüğətlərdə baş sözün semantik bölgüsü zamanı birinci məna yerində onun müasir dildəki həqiqi mənası verilməlidirsə, tarixi lüğətin lüğət məqalələrində öndə ən qədim və aktiv işlənən məna yer almalıdır. Təqdim etdiyimiz “Türk mənşəli arxaizmlər lüğəti”ndə verilən izahlar və sıralanması yalnız sitatların kontekstinə və etibarlı lüğətlərə əsasən müəyyənləşdirilmişdir.
Müasir Azərbaycan əlifba sırasına və leksikasına daxil olan F, J, R hərfləri ilə başlayan sözlər qədim dilimizdə işlənməmişdir. Bu səbəbdən lüğətimizə daxil edilməmişdir. H samiti ilə başlayan sözlər də əslində qədim türk dili üçün xarakterik deyildir, lakin handa, hanğı, hayğırmaq, hayıfsınmaq, heylə/helə/hillə, həp və s. kimi arxaizmlər orta əsr yazılı abidələrimizdə işləndiyi müşahidə olunduğu üçün lüğətin ikinci cildinə salınması nəzərdə tutulmuşdur.
Orta əsrlərdə vahid orfoqrafik normalar olmadığına görə, lüğətdə əski ərəb əlifbası ilə təqdim etdiyimiz yazılarda qədim əlyazmalara əsaslanmağa çalışılmışdır. Samət Əlizadəyə görə, “sağır nun” səsi türk dilləri üçün ortaq olduğu halda, onun ayrı-ayrı türkdilli yazılardakı (yazılı abidələrdə) qrafik ifadə vasitələri fərqli olmuşdur. Təxminən XV əsrə qədər ancaq kaf hərfi ilə, yaxud altında və ya üstündə üç nöqtə qoyulan kafla işarə edilən bu səs bəzən söz sonunda “həmzə” qəbul edən sərkəşsiz kafla (ك) yazılırdı. XVI əsrdən etibarən Azərbaycan dilinin yazılı abidələrində “sağır nun” səsinin işarəsi rolunda نك diqrafı qrafik-orfoqrafik normaya çevrildi. Demək olar ki, həmin hərfbirləşmə Azərbaycan və Orta Asiya yazılı mənbələrinə nəstəliq xətti ilə gəlmişdi; yəni əski yazı mədəniyyətlərimizdə nəstəliq xətti meydana çıxdıqdan sonra formalaşmışdır. Diqqəti cəlb edən mühüm cəhətlərdən biri də odur ki, نك diqrafı XVI-XVII əsrlərdə yazılı dilimizi türk (Osmanlı) yazı dilindən fərqləndirən əsas qrafik-orfoqtafik əlamət olmuş¬dur. Orta əsrlərdə Azərbaycan yazılı ədəbi dilinin özünəməxsusluğu və müstəqil inkişaf tarixi baxımından bu faktın ciddi əhəmiyyəti vardır.
Lüğətdə istifadə edilən mənbələrdə sağır nun, əsasən, kaf (ک) ilə verildiyindən baş sözün əski əlifba ilə yazılışında bu variantın tətbiqi qəbul edildi. Kaf hərfi həm də g və k səslərini ifadə etmişdir. Amma XIII əsr abidəsi olan İbn Mühənna lüğətində g səsi üçün məxsusi olaraq kaf altında üç nöqtə (ڮ) tətbiq edilmişdir. Biz orijinallığı qorumaq üçün məhz adıçəkilən lüğətə aid nümunələrdə həmin işarəni istifadə etdik. Burada ng diftonqunun ifadəsi üçün nun və kəf altında üç nöqtə (نڮ) müşahidə olunur. Eyni vəziyyət Qazi Bürhanəddinin əlyazmasında da izlənir. Lakin burada nöqtələr kaf üzərində (ݣ) yazılmışdır. Lüğətdə olduğu kimi verildi.
Bundan başqa, orta əsrlərdə vahid ədəbi dil və vahid orfoqrafik normaların olmaması, əski-ərəb qrafikasının sait səsləri dəqiq ifadə edə bilməməsi müasir dövrdəki tranfoneliterasiyalarda fəqliliklərə gətirib çıxarmışdır. Bu səbəbdən Azərbaycan yazılı abidələrində müşahidə edilən sözlərin bütün fonetik variantlarının Lüğətdə əks edilməsinə çalışılmışdır. Məsələn, aymaq (demək, söyləmək) feilinin ayıdmaq, ayıtmaq, aytmaq, etmək, eytmək, əytmək; aydı vermək, edü vermək, eyidi vermək, eydivermək, eydü vermək kimi fonetik və sintaktik variantları mövcuddur. Yaxud sındırmaq mənasını ifadə edən üşətmək / uşatmaq feilinin fonetik variantlarını misal gətirmək olar. Lüğətdə bu sözlər əlifba sırasına görə ayrı düşüdüyündən bir-birinə baxdırılmışdır.
Lüğətimizdə daha bir önəmli məqamlardan biri arxaik morfoloji əlamətlərin istifadəçilər üçün şərh edilməsidir. Məsələn, -ısar/-isər, -daçı/-dəçi və -ğay/-gay gələcək zaman şəkilçiləri, -van/-vən I şəxsin təkinin xəbərlik şəkilçisi, -duq/-dük həm təyin, həm də şühudi keçmiş zamanın feili yerində işlənə bilən qədim oğuz şəkilçisi, -ıban(ı)/-ibən(i) feili bağlama şəkilçisi və s.
Sonda, ayrıca olaraq, institutumuzun baş direktoru və lüğətin baş redaktoru professor Nadir Məmmədliyə bu leksikoqrafik əsərin ərsəyə gəlməsində və çapında göstərdiyi himayə və yardıma görə şöbə adından təşəkkürümüzü bildirirəm.
Ümidvaram, bu lüğət əsrlərə yadigar qala biləcək əhəmiyyətə malik olacaqdır və tədqiqatçıların daim istinad edə biləcəyi masaüstü kitaba çevriləcəkdir.
Xədicə HEYDƏROVA, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent
www.science.gov.az