AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Günü qeyd edilib
Feb 22, 2024 | 09:32 Konfranslar, iclaslar

Bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda  21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri açan müəssisənin baş direktoru professor Nadir Məmmədli dünyada qeyd olunan Beynəlxalq Ana Dili Gününün yaranma tarixindən danışıb. Qeyd edib ki, 1999-cu ildə Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bildirib ki, dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin əsas səhifəsidir.

Nadir Məmmədli vurğulayıb ki, Azərbaycan dilinin tətbiqi hər zaman diqqət mərkəzindədir. Azərbaycan dili özünün hazırkı səviyyəsinə çatana qədər müxtəlif tarixi mərhələlərdən keçib. Azərbaycan dilinin inkişafı, onun saflığının qorunması və təkmilləşdirilməsi istiqamətində müvafiq Fərman və sərəncamlar imzalanıb, Dövlət proqramları həyata keçirilib.

Vurğulanıb ki, cənab Prezident İlham Əliyev tərəfindən imzalanan 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı dilə olan qayğının daha bir təzahürüdür. 

Tədbirdə filologiya üzrə fəlsəfə doktorları, dosentlər Qüdsiyyə Qənbərova “Xəlil Rza şeirlərində ana dili uğrunda mübarizə motivləri”, Təranə Şükürlü “KİV-də ana dilinin müasir problemləri”, Günel Mirzəyeva “Müasir Azərbaycan poeziyasında ana dili mövzusu” adlı məruzə ilə çıxış ediblər.

Dosent Günel Mirzəyeva bildirib ki, ana dili mövzusuna şairlərimizin fərqli yanaşmaları diqqəti cəlb edir. Bu gün  ana dili Qarabağda Zəfər çalan dildir.

Dosent Təranə Şükürlü isə qeyd edib ki, mətbuat orqanları ana dilinin yazı və tələffüz mədəniyyətini inkişaf etdirir, amma bir çox hallarda ciddi nöqsanlara yol verilir. T.Şükürlü bildirib ki, müasir dövrdə publisistik üslub digər üslublardan daha aktivdir və onun yeni janrları formalaşıb. Müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar vardır. Çoxçeşidli informasiyalar həm KİV-də, həm reklamlarda, həm sosial şəbəkələrdə, həm də virtiual reklamlarda insanların ixtiyarındadır. Dil mədəniyyətin, televiziya isə cəmiyyətin güzgüsüdür. O, televiziyanın sosial verilişlərində danışıq üslubunun efirlərə yol açdığını bildirib.

Tədbirdə şöbə müdirləri professorlar Sayalı Sadıqova, İlham Tahirov və İlhami Cəfərsoy, dosentlər Elçin İsmayılov və Zülfiyyə Musəvi ölkəmizdə dil quruculuğu sahəsində görülən işlərdən, reklamların dilində ana dili problemindən, dilimizə daxil olan alınmalardan, ingilis dilinin Azərbaycan dilinə təsirindən danışıblar.

Beynəlxalq Ana Dili Günü münasibətilə Dilçilik İnstitutunda Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevə həsr olunmuş xüsusi guşənin açılışı olub. Professor Nadir Məmmədli guşənin açılışı zamanı Ulu Öndər Heydər Əliyevin dil siyasətilə bağlı imzaladığı sənədlərdən söhbət açıb. Guşədə Ulu Öndərin ana dili ilə bağlı fikirləri, şəkilləri öz əksini tapıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023