Feb 08, 2024 | 15:00 Konfranslar, iclaslar
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Orfoepiya lüğətinin tərtibilə bağlı müzakirə keçirilib.
Müzakirədə Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının professorları, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin əməkdaşları, media nümayəndələri iştirak ediblər.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli iclası açaraq bildirib ki, Azərbaycan Respublikası tarixində ilk dəfə olaraq dövlət səviyyəsində 18 iyun 2021-ci ildə qəbul edilmiş “Azərbaycan dilinin orfoepiya normaları” mövcud orfoepiya lüğətlərinin, orfoepiya ilə bağlı elmi ədəbiyyatın, bu sahədə böyük təcrübəsi olan mütəxəssislərin fikirlərinin müqayisəsi əsasında hazırlanıb. Normalarda sözlərin fonetik, leksik, morfoloji, sintaktik mövqedə tələffüzü, eləcə də vurğu, ixtisar, qısaltma və abreviaturların tələffüzü nəzərə alınıb. Hazırda institutda orfoepiya normaları əsasında yeni orfoepiya lüğəti çapa hazırlanır.
Sonra institutun şöbə müdiri dosent Kifayət İmamquliyeva mübahisəli bəndləri diqqətə çatdırıb.
İclasda professorlar Tofiq Hacıyev, Zemfira Şahbazova, İlham Tahirov, İsmayıl Məmmədli, Monitorinq Mərkəzinin şöbə müdiri dosent Şahlar Məmmədov, Qramer.az səhifəsinin rəhbəri Murad Hüseynov və başqaları çıxış ediblər.
Bakı Dövlət Universitetinin kafedra müdiri professor Tofiq Hacıyev bildirib ki, orfoepiya elmdir, onun nəzəri prinsipləri var. Orfoepiyanı məişət səviyyəsinə endirmək olmaz. Orfoepiya səsin məxrəcilə bağlı olan məsələdir.
İclasda orfoepiya normalarındakı bəzi maddələrin müzakirəsi zamanı professor Tofiq Hacıyev vurğulayıb ki, müasir gənclik “o” saitilə yazılan alınma sözləri “o” saitilə də tələffüz edir.
Monitorinq Mərkəzinin şöbə müdiri dosent Şahlar Məmmədov bəzi yer adlarının və “ilə” qoşmasının, bağlayıcısının tələffüzü ilə bağlı mübahisəli məsələləri səsləndirib. Şahlar Məmmədov, həmçinin orfepiya normalarındakı 2.3-cü maddəni dəstəklədiyini vurğulayıb.
Qramer.az səhifəsinin rəhbəri Murad Hüseynov isə sosial mediada ən çox rast gəlinən mübahisəli dil faktlarını diqqətə çatdırıb.
www.science.gov.az