Feb 08, 2024 | 10:00 Mühüm hadisələr
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının (REA) prezidenti akademik Gennadi Krasnikova REA-nın 300 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli Gennadi Yakovleviç!
Azərbaycan Milli Elmlər Akademiyası Rusiya Elmlər Akademiyasına öz dərin hörmət və ehtiramını çatdırır.
Azərbaycan Milli Elmlər Akademiyası və şəxsən öz adımdan Sizi və Rusiya Elmlər Akademiyasının (REA) bütün kollektivini olduqca əlamətdar bir hadisə – REA-nın 300-illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Elm tarixində bu cür yaddaqalan yubiley tarixi uzun və şərəfli yola bir daha nəzər salmaq, Akademiyanın nailiyyətlərini, əsas inkişaf mərhələlərini və baş vermiş parlaq hadisələri təhlil etmək, akademik elmin yaranmasında böyük xidmətləri olan görkəmli alim və mütəxəssisləri yad etmək, həmçinin Akademiyanın gələcək inkişafına yönələn yeni perspektivli ideyaları müəyyən etmək üçün əla fürsətdir.
1724-cü ildən başlayaraq Rusiya Elmlər Akademiyası çətin iqtisadi və sosial-siyasi şəraitə baxmayaraq şərəfli yol keçmiş, yüksək ixtisaslı elmi kadrların hazırlanması üzrə tanınmış elmi məktəblərin yarandığı dövlət elm müəssisəsi və elmin baş qərargahı statusunu qoruyub saxlaya bilmişdir. REA-nın müxtəlif inkişaf mərhələlərində dövrün tələblərinə uyğun olaraq riyaziyat, mexanika, astronomiya, fizika, kimya və mineralogiya, XVIII əsrin ikinci yarısında isə botanika və embriologiya kimi elm sahələri inkişaf etmişdir. XIX əsrdə Akademiyanın fəaliyyəti coğrafi tədqiqatlar, daha sonra tarix, filologiya, ədəbiyyatşünaslıq, XX əsrdə isə texniki və təbiət elmlərindən tutmuş humanitar və ictimai elmlərin bütün sahələrini əhatə etmişdir. Hazırda Rusiya Elmlər Akademiyası ən müasir elm sahələri: kosmos, nanotexnologiyalar, süni intellekt, rəqəmsal inkişaf, biotibb, informatika üzrə dünyanın ən qabaqcıl elm mərkəzlərindən biri kimi qəbul olunur.
Elmi prioritetlərin müəyyənləşdirilməsi və fundamental və tətbiqi elmi istiqamətlərin konsepsiyalarının hazırlanmasının əsasında Rusiya və dünya elminə əhəmiyyətli töhfələr verən REA-nın görkəmli alimləri tərəfindən irəli sürülmüş orijinal dərin ideyalar durur. Yüksək missiyasına sadiq qalan peşəkar kollektiv sələflərinin elmi irsi və zəngin təcrübəsinin dəyərini bilir, mədəni irs və tarixi dəyərlərin qorunmasına, elm və təhsilin inkişafına yönələn ənənələri daha da inkişaf etdirir. Sevindirici haldır ki, elmi-texniki tərəqqi və innovativ layihələrin REA-da həyata keçirilməsi çoxtərəfli səmərəli əməkdaşlığa təkan verib.
Qeyd etməyi əhəmiyyətli hesab edirəm ki, MDB və Şərqi Avropa ölkələrində vaxtilə REA-nın ənənələri və təcrübəsi əsasında yaradılmış elmlər akademiyalarının bu gün öz yollarını uğurla davam etdirmələri bu şərəfli yubileyə ən böyük hesabatdır.
Azərbaycan Milli Elmlər Akademiyası uzun illər davam edən səmərəli əməkdaşlığı, bu illər ərzində Azərbaycan və Rusiyanın elmi təşkilatları arasında yaranan tərəfdaşlıq münasibətlərini və qarşılıqlı anlayışı yüksək qiymətləndirir. Əminəm ki, ölkələrimizin elmlər akademiyaları arasında qurulan tarixi əməkdaşlıq ənənələri bundan sonra da uğurla inkişaf edəcək, elmi tərəqqi naminə yaradıcı fəallığın möhkəmləndirilməsinin təməlini təşkil edəcək.
Hörmətli Gennadi Yakovleviç!
İcazə verin Sizi və Sizin simanızda Rusiya Federasiyasının elmi ictimaiyyətini bu mühüm və parlaq hadisə – REA-nın 300-illiyi münasibətilə bir daha təbrik edim! Hörmətli həmkarlarımıza möhkəm cansağlığı, tükənməz enerji, yaradıcılıq uğurları və elmin inkişafına yönələn nailiyyətlər arzulayırıq.
Hörmətlə,
akademik İsa Həbibbəyli”
www.science.gov.az