Jan 30, 2024 | 10:38 Mühüm hadisələr
Tesla və X-in sahibi, ABŞ-ın “Neuralink” neyrotexnologiya şirkətinin qurucusu İlon Mask ilk dəfə olaraq insana beyin çipinin yerləşdirildiyini açıqlayıb.
X sosial media hesabındakı paylaşımında Mask ilk dəfə insan implantının “Neuralink” tərəfindən hazırlandığını bildirib.
Sağalma prosesinin yaxşı getdiyini bildirən İlon Mask, ilk nəticələrin “ümidverici” olduğunu deyib. O, “Neuralink”in “Telepatiya” adlı bu məhsulunun insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcəyini qeyd edib.
“Neuralink” neyrotexnologiya şirkəti 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) razılıq alıb. “Meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürür. 2016-cı ildə qurulan “Neuralink” şirkəti beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etmək və əlillərin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır”, - deyə İlon Mask paylaşımda bildirib.