AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dosent Əzizağa Nəcəfov Əlyazmalar İnstitutunun 2023-cü il ərzində elmi fəaliyyəti ilə bağlı “Kredo” qəzetinə müsahibə verib
Jan 24, 2024 | 10:14 Mühüm hadisələr

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi fil.ü.f.d., dosent Əzizağa Nəcəfov institutun 2023-cü ildəki fəaliyyəti ilə bağlı “Kredo” ictimai-siyasi, publisistik qəzetinə müsahibə verib.

Alim ötən il ərzində institutda dövlət başçısının müvafiq Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabineti, AMEA-nın Rəyasət Heyəti, Humanitar Elmlər Bölməsinin müvafiq qərarlarının icrası ilə bağlı görülən işlər barədə, şöbələrdə aparılan elmi-tədqiqat işləri, çap olunan kitablar, əməkdaşların elmi ezamiyyətləri, xarici ölkələrin müvafiq elmi mərkəzləri ilə qurulan əməkaşlıq, elmin təhsilə inteqrasiyası istiqamətində fəaliyyət, əldə olunan nailiyyətlərin ictimaiyyətə çatdırılması və digər məsələlər haqqında ətraflı məlumat verilib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq.

- Əzizağa müəllim, bilirik ki, ötən il Azərbaycan  Respublikası Prezidentinin müvafiq sərancamı ilə “Heydər Əliyev İli” elan edilmişdir. Əlyazmalar İnstitutunda bu sərancamdan irəli gələrək hansı işlər görülmüşdür?

- Bəli, ötən ilin ölkə başçısının müvafiq sərəncamı ilə “Heydər Əliyev İli” elan edilməsi bizim institutumuzda da əməkdaşlarımızı bir sıra layihələrin həyata keçirilməsinə ruhlandırdı. Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar baş direktorumuz, akademik Teymur Kərimlinin “Heydər Əliyev və Klassik İrs” adlı fundamental monoqrafiyası nəşr olunub. Qeyd etməliyəm ki, yeni nəşrin elmi məsləhətçisi AMEA-nın prezienti akademik İsa Həbibbəyli, redaktoru isə institutumuzun Çap kitablarının tədqiqi şöbəsinin müdiri, tarix ü.f.d., dosent Cavid Cəfərovdur. Kitab Ümummilli liderin Azərbaycan klassik irsinə sevgi və qayğısından, bu irsin öyrənilməsi, tədqiqi və təbliği istiqamətindəki unudulmaz fəaliyyətindən bəhs edir. Həmçinin monoqrafiyada  Ulu öndərin müxtəlif səviyyəli dövlət tədbirlərindəki çıxışlarından, ziyalılarla görüşlərində səslənən nitqlərindən, imzaladığı mühüm fərman və sərəncamlarından nümunələr gətirilərək onun klassik mədəni irsimizin böyük hamisi olduğu mühüm tarixi sənədlərə istinadən vurğulanıb. Qeyd etmək istərdim ki, monoqrafiyada böyük tarixi şəxsiyyət, dünya şöhrətli ictimai-siyasi xadim Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəmdə Əlyazmalar İnstitutuna ziyarətini və “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin faksimilesini hədiyyə etməsini əks etdirən nadir fotolar, akademik Teymur Kərimlinin Ulu öndərin anadan olmasının 98-ci ildönümünə həsr etdiyi “Heydər doğulub” başlıqlı qəzəli də yer alıb. Təsadüfi deyil ki, bu kitabın təqdimat mərasimi “IX Bakı Beynəlxalq Kitab Sərgisi” çərçivəsində Baku Ekspo Mərkəzinin “Zəfər” təqdimat zonasında təşkil olunmuş xüsusi tədbirdə keçirlib.

Bu mühüm elmi tədqiqat işi ilə yanaşı, digər çap işlərimiz də elmi ictimaiyyətin marağına səbəb olub. Məsələn, İnstitutun böyük elmi işçisi Sevinc  Dadaşovanın tərtib etdiyi tematik məqalələr toplusu bu qəbildəndir. Onun geniş ön söz yazaraq çap etdirdiyi “Heydər Əliyev və ədəbi irsimiz”, “Heydər Əliyev və Azərbaycan dili” adlı iki kitab Ulu öndərin ana dilimizə və söz sənətimizə xüsusi qayğı və diqqətini sərgiləyir. Belə ki, kitablarda ölkəmizin görkəmli alimlərinin mövzu ilə əlaqədar mətbuatda dərc olunan mühüm elmi məqalələri yer alıb.

Qeyd etməliyəm ki, Ümummilli liderin qeyri-maddi mədəni irsimizin tədqiq və təbliğinə göstərdiyi qayğının təqdimi istiqamətində də mühüm işlər görmüşük. Məsələn, Əlyazmalar İnstitutunun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin  müdiri, tarix ü.f.d., dosent Nigar Babaxanova və şöbənin əməkdaşları Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, İnstituta müxtəlif illərdə hədiyyə olunan əlyazmalardan ibarət sərgi təşkil etmiş, bu məqsədlə   “Heydər Əliyev və Əlyazmalar İnstitutu” mövzusunda 2 ədəd foto stend, Heydər Əliyevin 2002-ci ildə Əlyazmalar İnstitutuna ziyarətinin video çarxı təqdimat üçün hazırlamış və bir sıra tədbirlərdə nümayiş etdirmişdir.

Əlyazmalar İnstitutunun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsi tərəfindən “Heydər Əliyev – 100” mövzusunda Heydər Əliyev irsi, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu barədə kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələrdən ibarət fundamental ədəbiyyat sərgisi və “Heydər Əliyev AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu əməkdaşlarının tədqiqatlarında” adlı xüsusi annotasiyalı mövzu biblioqrafik göstərici hazırlanmışdır. Göstəricinin tərtibçisi institutun baş biblioqrafı Təranə Cavadova Əlyazmalar İnstitutunun əməkdaşlarının Ümummilli lider Heydər Əliyevin həyat və  fəaliyyəti haqqında yazdığı kitabları, dövri mətbuat və məcmuələrdə çap etdirdiyi məqalələri toplamış, sistemləşdirilərək onların vahid bazasını yaratmışdır. Bu işin ərsəyə gəlməsində peşəkar biblioqrafiyaşünas, şöbə müdiri Qutiyera Cəfərovanın da layihə rəhbəri kimi əməyi böyükdür.

- Elmi məqalələrdən danışdınız, maraqlıdır, nailiyyətləriniz dövri mətbuatda və digər kütləvi informasiya vasitələrində necə təbliğ olunub?

- Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Heydər Əliyev İli” çərçivəsində “Mədəniyyət” televiziya kanalında yayımlanan “Səhərçağı” verilişində “Ulu Öndər Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda çıxış edib. Bundan başqa akademik Teymur Kərimli həmi televiziya kanalının İnstitutun ekspozisiya zalında çəkilən “Gerçəklər” verilişində aparılan Nizaminin milli kimliyi ilə bağlı müzakirdə iştirak edib,  elə həmin telekanalın “Yenə efirdəsən” verilişində görkəmli Azərbaycan şairəsi və diktoru Nurəngiz Günlə bağlı müsahibə verib. Ölkə telekanallarından savayı, “BBC World TV” telekanalı da AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə edilən materiallar əsasında Nizami Gəncəvi “Xəmsə”sindən “Leyli və Məcnun” və “İskəndərnamə” əsərlərinin ən qədim nüsxələrinin çəkilişini aparıb, Türkmənistan Respublikasının “Miras” telekanalının əməkdaşları Əlyazmalar İnstitutunda qonaq olub, böyük türkmən şair və mütəfəkkiri Məxtumquli Fəraqi haqqında film çəkilişi üçün akademik Teymur Kərimlidən müsahibə alıblar. Həmçinin fil.e.d. Paşa Kərimov, mən özüm, eləcə də digər əməkdaşlar dəfələrlə radio və televiziya verlişlərində Ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatına verdiyi töhfələr mövzusunda çıxışlar edib, qəzet və jurnallarda, müxtəlif saytlara müsahibə vermişik.

- Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizin təbliği sahəsində xidmətlərinin əməkdaşlarınız tərəfindən kütləvi informasiya vasitələrində təbliğindən danışdınız, bəs alimləriniz institutdan kənarda bu istiqamətdə nə işlər görüblər?

- Mədəniyyət müəssisələri ilə bu istiqamətdə əməkdaşlıq etmişik. Məsələn, institutun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d., dosent Lamiyə Rəhimova “Böyük Lider Heydər Əliyev və mədəniyyətimiz” adlı konfransda “Heydər Əliyev və Əlyazmalar İnstitutu”, aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Aynur Hacıqədirli Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında keçirilən elmi seminarda “Heydər Əliyevin elm strategiyası”, Elektron resurslar şöbəsinin müdiri, fil.ü.f.d., dosent Aynur Nəcəfova Hüseyn Cavidin Ev Muzeyində keçirilən “Heydər Əliyev və ev muzeyləri” mövzusunda respublika elmi-nəzəri konfransında “Heydər Əliyev və Sergey Yeseninin Mərdəkandakı ev muzeyi” mövzularında məruzələr ediblər.

Ali məktəblərlə əlaqələrimiz də bu istiqamətdə ürəkaçandır. Belə ki, baş elmi işçi, tarix e.d. Tahirə Həsənzadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilən “Heydər Əliyev və mədəniyyət siyasəti” adlı beynəlxalq elmi-nəzəri konfransda “Ulu öndər Heydər Əliyev Azərbaycanda Xatirə – Ev muzeylərinin yaradıcısıdır”, böyük elmi işçi, fil.ü.f.d. Aytən Əliyeva həmin universitetdə keçirilən “Müasir informasiya məkanında  turizmin dayanıqlı inkişafı və sosial-mədəni innovasiyalar” mövzusunda elmi-nəzəri konfransda “Kitabxanaların  inkişafinda Ümummilli  liderin  rolu”, aparıcı elmi işçi, fəl.ü.f.d., dosent Rübabə Şirinova Bakı Dövlət Universitetində keçirilən Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə “Zərli tac kamallı başa yaraşır”, böyük elmi işçisi Novruz Bəkirov Heydər Əliyev adına Hərbi İnstitutunda keçirilmiş “Azərbaycançılığın aktual məsələləri (tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə)” adlı konfransda “Ümummilli Lider Heydər Əliyevin müasir dövrdə Azərbaycanda ordu quruculuğu ilə bağli fəaliyyətləri” məruzələrlə çıxış ediblər.

-2023-cü ildə Ümummilli lider Heydər Əliyevlə bağlı elmi məcmuələrdə məqalələr dərc etdirən əməkdaşlarınız olubmu?

-Əlbəttə, onlardan bir neçəsini nəzərinizə çatdırmaq istərdim. Məsələn, Elmi xidmət şöbəsinin müdiri, fil.ü.f.d., dosent Nailə Mustafayevanın “Heydər Əliyev Azərbaycan xalqının milli qürur mənbəyidir” məqaləsi, həmin şöbənin əməkdaşları Samirə Gəncəlinin “Heydər Əliyev yeni Azərbaycanın banisidir”, Könül Əliyevanın “Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan”, Zinaida Nağıyevanın “Heydər Əliyev – Azərbaycançılıq məfkurəsinin milli dirçəlişinin və inkişafının əsasına çevrilmiş ideyanın banisi” məqalələri “Sosial və humanitar elmlərin müasir problemləri” adlı ölkə əhəmiyyətli elmi jurnalda dərc olunub.

Gənc tədqiqatçılarımızdan Tünzalə Məmmədovanın “Heydər Əliyevin xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında xidmətləri” adlı məqaləsi isə xüsusilə aktualdır.

- Bəs ötən il institutda ölkə başçısının başqa hansı sərəncamlarının icrası ilə bağlı işlər həyata keçirilib?

- Azərbaycan Respublikası Prezidentinin “Akademik  Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi və Türkdilli əlyazmaların tədqiqi şöbələrinin birgə təşkilatçılığı ilə “Zəriflikdən hikmətə: Orta əsr ədəbiyyatında “Çiçək”” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfrans çərçivəsində Zərifə Əliyevanın 100 illik yubileyi münasibətilə hazırlanmış institut əməkdaşlarının əl işlərindən ibarət çiçək konsepsiyalı tətbiqi-sənət sərgisi nümayiş olunub.

Bundan əlavə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları Z.Bünyadov adına Şərqşünaslıq İnstitutda keçirilən akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Dəyişən dünyada qadın: Şərq və Qərb baxışı” mövzusunda beynəlxalq elmi konfransda məruzə ediblər. Məsələn, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəl.e.d. Zəkiyyə Əbilova “Yorulmaz tədqiqatçı alim və ictimai xadim”, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəl.ü.f.d., dosent Rübabə Şirinova “Ümumilli liderin anası İzzət xanım”, Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərova “Elm olimpiadasında ölkəmizi təmsil edən qızlar”, həmin şöbənin elmi işçisi Pərvanə Teyyubova “İlk repressiya olunan Azərbaycan qadını”, Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsinin elmi işçisi Zəhra Qəniyeva “Orta əsr Şərq xalqlarının elm və mədəniyyətində qadın” mövzusunda məruzə ediblər.

- 2023-cü ilə bir çox görkəmli ədiblərimizin də yubileyləri  olub. Həm də institutunuzun baş direktoru, akademik Teymur Kərimlinin 70 yaşı tamam olub. Bəs institutda bu istiqamətə  hansı işlər görülüb?

- Bəli, Azərbaycan Respublikasının Prezienti İlham Əliyev tərəfindən Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə Əlyazmalar İnstitutun baş direktoru, akademik Teymur Kərimli “Şöhrət” ordeni ilə təltif  edilib, AMEA Rəyasət Heyətinin “Akademik Teymur Kərimlinin 70 illik yubileyi haqqında” xüsusi qərarı olub. Bununla əlaqədar olaraq institutumuzun Kitabxana və biblioqrafiyaşünaslıq şöbəsində “Teymur Kərimli – 70: Biobiblioqrafiya” hazırlanıb, alim haqqında dövrü mətbuatda onlarla məqalə dərc olunub. Biblioqrafiya üzərində çalışan mütəxəssislərimizdən Qutiyera Cəfərovanın, Firəngiz Hüseynovanın, Cavid Cəfərovun zəhmətini xüsusi qeyd etmək istəyirəm.

70 yaşını iş başında qeyd edən akademik Teymur Kərimli özü də ədiblərimizin yubiley mərasimlərində aktiv iştirak edib. Görkəmli yazıçı, pedaqoq, alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin anadan olmasının 115 illik yubileyinə həsr olunmuş “Mir Cəlal və ədəbi-tarixi proses” mövzusunda elmi sessiyada, ictimai-siyasi xadim, görkəmli ədəbiyyatşünas, Xalq yazıçısı Elçinin 80 illik yubileyi münasibətilə keçirilən “İki əsrin görkəmli sənətkarı” mövzusunda elmi sessiyada, dahi Azərbaycan şairi və mütəfəkkiri Hüseyn Cavidin qızı, Əməkdar mədəniyyət işçisi, görkəmli teatrşünas, muzeyşünas və mətnşünas Turan Cavidin 100 illik yubileyi münasibətilə keçirilmiş konfransda məruzə edib, Xalq şairi, Əməkdar mədəniyyət işçisi, Əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli Məmməd Arazın 90 illiyi münasibətilə çıxış edib.

- Bilirik ki, Əlyazmalar İnstitutunda qədim yazılı abidələrin tədqiqi və nəşri ilə bağlı bir çox vacib tədqiqat işlər aparılır. Bəs ötən ilin Elmi tədqiqat işləri planında yer alan ən mühüm işlərdən hansıları qeyd edə bilərsiniz?

- İnstitut hər il olduğu kimi ötən il də Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin türkdilli, farsdilli, ərəbdilli, multidissiplinar əlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin toplanması, sistemə salınması, qorunması, tədqiqi, kataloqlaşdırılması, biblioqrafiyaların hazırlanması, resursların elektronlaşdırılması, beynəlxalq arenaya çıxarılması və təbliği istiqamətində “Mətinşünaslıq, elmi-tənqidi mətnlərin tərtibi, ilkin mənbələrin tədqiqi və nəşri”, “Mənbəşünaslıq, tarixi mənbələrin tədqiqi və nəşri”, “Yazılı materialların dezinfeksiya və konservasiyası. Stasionar və səyyar sərgilərin təşkili” və “Kitabşünaslığın, biblioqrafiyaşünaslığın, kitabxanaşünaslığın nəzəri və təcrübi məsələlərinin tədqiqi” adlı problemlər üzərində işləmişdir. İl ərzinə institutda 14 elmi-nəzəri, tətbiqi və elmi-praktiki mövzu ətrafında 71 iş icra olunmuşdur. Hansı iş mühümdür? Bu suala cavab vermək çətinir. Çünki plana məhz elmi zərurət kəsb edən işlər daxil edilir. Onların bir neçəsini sadalaya bilərəm: İnstitutda saxlanılan Qarabağa dair əski çap kitabları kataloqunun tərtibi və nəşrə hazırlanması, Mirzə Rəhim Fənanın “Əsərlər”inin ilk dəfə ayrıca kitab halında dərc olunması,  Məhəmməd ağa Müctəhizadənin şeirlər toplusunun və “Səfərnamə” əsərinin nəşrə hazırlanması, “Qarabağ şairlərinin şeir antologiyası”nın tərtibi, Məhəmməd Qarabaği və  onun ilahiyyata dair əsərlərinin tədqiqi, Nizami Gəncəvi “Xəmsə”sinin elmi-tənqidi mətninin yenidən işlənmiş və təkminləşdirilmiş nəşrinin hazırlanması və s. bunların içində daha çox seçilir. Bu işlərin icraçıları sırasında görkəmli Qarabağşünas alim, fil.e.d. Raqub Kərimovun adını xüsusi qeyd etməliyəm.

- Bəs institutun beynəlxalq sferada fəaliyyəti tədqiqat obyekti olubmu?

- İnstitutun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin müdiri, fil.ü.f.d., dosent Nigar Babaxanovanın rəhbərliyi altında “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələrinin tədqiqi” işi icra olunub. Bu tədqiqat işi institutumuzun dünyada eyni statusa malik elmi-mədəni müəssisələr arasında yerini görməyimizə, gələcək perspektivləri müəyyən etməyimizə yardım edir.

- Beynəlxalq əlaqələrdən danışmışkən ötən il xarici ölkələrlə əlaqələrinizdən nə deyə bilərsiniz?

- İnstitutumuz ötən il Ukrayna Dragomanov adına Milli Pedaqoji Universiteti, Hollandiya, Haaqa “Zero Project Foundation” təşkilatı, Əl-Fərabi adına Qazax Milli Universitetinin “Yazılı abidələr və Mənəvi İrs” elmi-tədqiqat Mərkəzi ilə qarşılıqlı əməkdaşlıq memorandumları imzalayıb. Akademik Teymur Kərimli başda olmaqla əməkdaşlarımız Vyana, Sankt-Peterburq, Aşqabad, Kazan, Aydın, Ərzurum, London, Səmərqənd, Daşkənd, Berlində elmi ezamiyyətdə olublar. İnstitutumuzun şöbə müdiri, tarix ü.f.d., dosent Cavid Cəfərov Polşada nəşr olunan “Web of Science” və “Scopus” indeksli “The Journal of International Studies” beynəlxalq elmi jurnalının redaksiya heyətinə üzv seçilib

- 2023-cü ildəki nailiyyətlərinizdən nələri xüsusi qeyd etmək istərdiniz?

- Ötən il institut əməkdaşlarının 25 kitabı çap olunub, Web of Science və Scopus bazasında indeksləşən jurnallarda 2 məqaləsi, xarici ölkələrin nüfuzlu jurnallarında 16 məqaləsi, ölkəmizdə 66 məqaləsi, dövri mətbuatda 30 məqaləsi, 25 konfrans materialı xaricdə, 52-i ölkədə dərc olunub. Digər mühüm nailiyyətimiz ilə yanaşı, ötən il institutumuzun xəzinəsində qorunan Xurşidbanu Natəvanın “Gül dəftəri” UNESCO-nun “Dünya yaddaşı” reyestrinə daxil edilib, Azərbaycanın müxtəlf bölgələrindən şəxsi kolleksiyalarda qorunan XVII əsr-XX əsrin əvvəllərində üzü köçürülən 53 əlyazma abidəsi əldə olunub, “Molla Nəsrəddin” satirik jurnalının ilk orijinal elektron bazasının yaradılması” adlı elmi-tədqiqat layihəsi icra edilib, “Xurşidbanu Natəvanın “Dünya yaddaşı” reyestrinə daxil edilmiş “Gül dəftəri”nin rəqəmsal bədii tərtibatı, transliterasiya və nəşri” adlı elmi tədqiqat proqramının icrası həyata keçirilib və s.

- Əlyazmalar İnstitutunda elektron elmin vəziyyəti barədə nə deyə bilərsiniz?

- Əlyazmalar İnstitutunun Elektron kitabxanasının və Əlyazmaların elektron kataloqunun zənginləşdirilməsi üzrə aparılan işlər ötən il də uğurla davam edib. 2023-cü il ərzində 2302 nüsxə – 502 736 səhifə təşkil edən əyazma elektronlaşdırılıb. Hazırda Elektron kitabxananın bazasına 10115  nüsxə – 2752016 səhifə əlyazma daxil edilib. Hesabat dövründə Nizami Gəncəvi “Xəmsə”sinin ABŞ Uolters İncəsənət Muzeyində saxlanılan əlyazma nüsxəsindəki “Atabəy Qızıl Arslanın şair Nizami Gəncəvini qarşılaması” adlı miniatürün rəqəmsal versiyası süni intellektin tətbiqi sayəsində bərpa edilib. İnstitutunun alimlərinin əsərlərinə 2023-cü il ərzində xarici jurnallardan 38 dəfə, yerli nəşrlərdən isə 74 dəfə istinad edildiyi müəyyən edilib.

- Bilirik ki, elmdə varislik əsas şərtir. Bəs instituta elmlə təhsilin inteqrasiyası hansı səviyyədədir?

- Əlyazmaşünaslıq fəaliyyətində elmin tədrisə inteqrasiyası prioritet istiqamətlərdəndir. Ötən il institutda Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Bakı Avrasiya Universitetinin bir qrup tələbələri təcrübə keçiblər.

Ümumiyyətlə, kadr hazırlığı institutumuzda səmərəli təşkil olunub. Ötən il əməkdaşlarımızdan 6 nəfər fəlsəfə doktoru diplomu, 1 nəfər dosent attestatı alıb, 2 nəfər elmlər doktoru, 3 nəfər fəlsəfə doktoru dissertasiyası müdafiə edib.

Təşəkkür edirik, Əzizağa müəllim. Görünür ki, hər il olduğu kimi 2023-cü ildə də Əlyazmalar İnstitutunun əməkdaşları səmərəli çalışmış və mühüm nailiyyətlər əldə etmişlər. Sizə yeni 2024-cü ildə də uğur, bol nailiyyətlər diləyirik.

Vəfa SAHİBQIZI, AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun Biblioqrafiya şöbəsinin redaktoru

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023