Jan 19, 2024 | 13:40 Konfranslar, iclaslar
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli açaraq 34 il öncə Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu vurğulayıb.
Alim bildirib ki, 20 Yanvar bizim üçün nə qədər faciəli gün olsa da, bizim sonrakı qələbələrimizin, mübarizəmizin bir başlanğıc nöqtəsidir. 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol 2020-ci ilin sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm zirvəsinə çatdı. Xalqımızın öz müstəqilliyi naminə verdiyi bu şəhidlər müasir dövrümüzün qəhrəmanlıq tarixinin əsasını qoydu. Onların xatirəsi qəlbimizdə hər zaman yaşayacaqdır.
Tədbirdə çıxış edən şöbə müdirləri professor İlham Tahirov, dosentlər Kifayət İmamquliyeva, Rasim Heydərov, aparıcı elmi işçilər Qüdsiyyə Qəmbərova, Füzuli Mustafayev və Fidan Salayeva 20 Yanvarın tariximizin qanlı və şanlı səhifəsi olduğunu bildiriblər. Qeyd edilib ki, 20 Yanvar hadisəsi vətən üçün canını fəda etməyin nümunəsini göstərdi.
www.science.gov.az