Dec 30, 2023 | 11:34 Mühüm hadisələr
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Çinin Hebey Pedaqoji Universitetinin nümayəndə heyəti ilə görüşüb.
AMEA-nın Rəyasət Heyətinin binasında baş tutan görüşdə çıxış edən akademik İsa Həbibbəyli Azərbaycanla Çin arasında uzun illərə dayanan möhkəm diplomatik və mədəni əlaqələrin mövcud olduğunu, Çinin ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. AMEA rəhbəri bildirib ki, bu əlaqələr Ulu Öndər Heydər Əliyevin Çinə səfərləri zamanı daha da genişləndirilib, diplomatik münasibətlərlə yanaşı, elmi-texniki və mədəni sahədə də əməkdaşlığa başlanılıb.
Prezident İlham Əliyevin də Çinlə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqətlə yanaşdığını deyən akademik İsa Həbibbəyli dövlət başçısının dəfələrlə Çinə səfər etdiyini, ölkəmizin Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini vurğulayıb. Ölkə Prezidentinin Çinlə münasibətlərdə açdığı geniş meydanın elmi, ədəbi, mədəni əlaqələrdə də inkişafa təkan verdiyini söyləyən akademik İsa Həbibbəyli AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Çin Mərkəzinin fəaliyyət göstərdiyini, qarşılıqlı ədəbi əlaqələr istiqamətində tədqiqatların aparıldığını, konfransların keçirildiyini, Çin ədəbiyyatına həsr olunmuş fəlsəfə doktorluğu dissertasiyasının yazıldığını deyib. Həmçinin Azərbaycan-Çin ədəbi əlaqələrinə aid poeziya antalogiyasının hazırlandığını diqqətə çatdırıb. AMEA rəhbəri bu görüşün elmi-mədəni sahədə əlaqələrimizin inkişafına növbəti töhfə olacağını söyləyib.
Sonra çıxış edən Hebey Universiteti partiya komitəsinin katibi Dai Jianbing AMEA-da olmaqdan məmnunluğunu dilə gətirib, qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Akademiyada Çin ədəbiyyatı, mədəniyyəti ilə bağlı tədqiqatları yüksək qiymətləndirən Dai Jianbing rəhbərlik etdiyi qurumun marağında olan əməkdaşlıq istiqamətlərini diqqətə çatdırıb.
Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra çinli qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə tanış olub, xatirə şəkli çəkdiriblər.
Həmçinin qonaqlar AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdindəki Çin Mərkəzini ziyarət edib, mərkəzin fəaliyyəti barədə məlumat alıblar.
Görüşdə Hebey Pedaqoji Universitetinin Biznes məktəbinin dekanı Zhang Hueven, Universitetin Xarici Tədqiqatlar Məktəbi Rusiya Mərkəzinin direktoru Quo Xiaoli, Xarici Tədqiqatlar Məktəbinin müəllimi Cheng Hong, Universitetin Beynəlxalq Mədəniyyət Mübadilələri Kollecinin dekanı Qi Xiaoyan və Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev də iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az