Dec 25, 2023 | 09:36 Konfranslar, iclaslar
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri 19-22 dekabr 2023-cü il tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində elmi ezamiyyətdə olublar.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva 19 dekabr tarixində Özbəkistanın Daşkənd şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə görüşüb, görüş zamanı ədəbiyyatımızın, xüsusən də Nizami Gəncəvi irsinin Özbəkistanda və digər xarici ölkələrdə təbliği perspektivlərini müzakirə ediblər. Alimlərimiz Mədəniyyət Mərkəzinə Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irs” və Hüseyn Cavidin Ev Muzeyinin direktoru filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Heydər Əliyev Hüseyn Cavid irsinin böyük hamisi” monoqrafiyalarını təqdim edib, mərkəzin direktoru Samir Abbasov da öz növbəsində rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin nəşrə hazırladığı “Heydər Əliyev 100 hikmət” (3 dildə) və “Şuşa Türk dünyasının mədəniyyət paytaxtı” (5 dildə) kitablarını Əlyazmalar İnstitutuna hədiyyə ediblər.
20 dekabr tarixində alimlərimiz Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənd şəhərində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrində yaradılmış Azərbaycan ocaqları ilə tanış olublar. Əvvəlcə alimlərimiz Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Ümummilli Liderin 100 illik yubileyi münasibəti ilə fəaliyyətə başlayan Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzində olub, universitetdə əcnəbi tələbələrin dilimizi, ədəbiyyatımızı, tariximizi öyrənməsi üçün yaradılan şəraitlə tanış olaraq buraya Əlyazmalar İnstitutunun nəşr etdirdiyi kitabları hədiyyə ediblər.
Daha sonra Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyat Universiteti nəzdində fəaliyyət göstərən Məhəmməd Füzuli adına Elmi Tədqiqat Mərkəzində olan Əlyazmalar İnstitutunun əməkdaşları son iki ildə institutun nəşr etdirdiyi kitabları Elmi tədqiqat Mərkəzinə bağışlayıb, mərkəzin rəhbəri filologiya elmləri doktoru Gülbahar Aşurova ilə 2024-cü ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyi ilə bağlı müştərək layihələrin icrası ilə əlaqədar müzakirələr aparıblar.
Həmin gün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin birgə iştirakı ilə “Nizami Gəncəvi yaradıcılığında türkçülük məfkurəsi” adlı beynəlxalq elmi konfrans işinə başlayıb. Konfrans çərçivəsində mərkəzin foyesində təşkil olunan “Nizami Gəncəvidən başlanan Şərq intibahı” adlı kitab sərgisində müxtəlif materiallarla yanaşı, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimlərinin müəllifi olduğu Nizami Gəncəvi yaradıcılığının tədqiqi, təbliği ilə bağlı kitablar, institut tərəfindən hazırlanan Nizami Gəncəvi əsərlərinin əlyazmalarının kataloqu, Nizami Gəncəvi biblioqrafiyası, şairin əsərlərinin Azərbaycan dilinə tərcüməsi, “Xəmsə”yə çəkilmiş miniatürlərin fotosurətləri və s. tədbir iştirakçılarına təqdim olunub. Özbəkistan, Azərbaycan və Türkiyədən görkəmli şərqşünasların qatıldığı konfransın plenar iclasında Əlyazmalar İnstitutunun elmi katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə “Nizami Gəncəvinin türklüyü təkzibolunmaz faktdır”, Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “Türk bədii ədəbiyyatında Nizami Gəncəvi təsiri” mövzularda məruzə ediblər. Konfransda Türk dünyası nizamişünas alimlərindən ibarət “Beynəlxalq Nizamişünaslıq elmi tədqiqatlar cəmiyyəti” təsis olunub, bu qurumun gələcək fəaliyyət strategiyası müzakirə edilərək qəbul olunub. Qeyd edək ki, Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli də başda olmaqla institutun nizamişünas alimləri həmin elmi tədqiqat cəmiyyətinə üzv seçiliblər.
21 dekabr tarixində alimlər Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində keçirilən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilinin 25-ci ildönümünə həsr olunmuş “Qardaşlıq bağlarını möhkəmlətmək yolunda” adlı beynəlxalq konfransda iştirak ediblər. Əlyazmalar İnstitutunun elmi katibi dosent Əzizağa Nəcəfzadə öz məruzəsində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə Özbəkistanın elm, mədəniyyət və təhsil müəssisələri arasında əlaqələr və 2015-2023-cü illər ərzində əməkdaşlıq sayəsində görülən işlərlə bağlı ətraflı məlumat verib. Bu istiqamətdə Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin koordinator kimi mühüm rolunu xüsusi vurğulayıb.
22 dekabr tarixlərində ezamiyyətdə olan alimlərimiz Daşkənd şəhərindəki tarixi abidələr, muzey və incəsənət mərkəzləri ilə tanış olub, Özbəkistan Yazıçılar İttifaqının bir qrup gənc üzvü ilə görüşüblər.
Qeyd edək ki, alimlər 19-22 dekabr tarixlərində həm Azərbaycan, həm də Özbəkistanın kütləvi informasiya vasitələrinə, televiziya kanallarına müsahibələr vermiş, onlara ünvanlanan sualları cavablandırmış, Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələrində Əlyazmalar İnstitutunun rolu, əldə olunan mühüm nailiyyətlər, nəşr olunan kitablar, keçirilən birgə tədbirlərin əhəmiyyəti haqqında ətraflı təəssürat yaratmışlar.
www.science.gov.az