AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da “Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq ideyası və müasir dövr” mövzusunda elmi konfrans keçirilib
Dec 08, 2023 | 09:30 Konfranslar, iclaslar

AMEA-nın Rəyasət Heyətində Akademiyanın Humanitar və İctimai Elmlər bölmələrinin təşkilatçılığı ilə “Ulu Öndər Heydər Əliyevin dövlətçilik təlimində Azərbaycançılıq ideyası və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri, AMEA-nın müşavirləri, AMEA Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların baş direktorları, YAP ərazi partiya təşkilatlarının sədrləri və gənc alimləri iştirak ediblər.

Yığıncağı giriş sözü ilə açan akademik İsa Həbibbəyli ölkə başçısının “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 28 noyabr 2022-ci il tarixli Sərəncamında AMEA-nın da üzərinə vəzifələrin qoyulduğunu xatırladıb və 2023-cü ildə Akademiyada bu istiqamətdə genişmiqyaslı Tədbirlər Planının icra olunduğunu bildirib. Qeyd edib ki, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin müəssisələri tərəfindən Ulu Öndərin çoxşaxəli zəngin həyat və fəaliyyəti sistemli şəkildə araşdırılaraq 40-dan çox fundamental monoqrafiya ərsəyə gətirilib və bununla da Akademiya alimləri HeydərƏliyevşünaslığın elmi əsaslarını ortaya qoymuş oldular.

AMEA-da Ümummilli Liderə həsr olunmuş çoxsaylı monoqrafiya və elmi tədqiqat materialları ilə yanaşı, fundamental nəşrlərdən biri kimi “Heydər Əliyev Ensiklopediyası”nın hazırlandığını deyən akademik İsa Həbibbəyli hazırda ensiklopediyanın sözlüyünün geniş müzakirələrdən sonra yekunlaşmaq mərhələsində olduğunu və nəşrin 2024-cü ilin sonlarına kimi ictimaiyyətə təqdim edilməsinin planlaşdırıldığını vurğulayıb.

AMEA prezidenti, həmçinin “Heydər Əliyev İli” çərçivəsində Akademiyada bir çox tədbirlərin, konfransların, seminarların, sərgilərin təşkil olunduğunu, alimlərimizin Ulu Öndərin irsi ilə bağlı mətbuatda geniş məqalələrlə çıxış etdiklərini diqqətə çatdırıb.

Ulu Öndərin Azərbaycan dövləti qarşısında tarixi xidmətlərinə toxunan akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli dövlət xadimi hələ sovet hakimiyyəti illərində xalqımızı Azərbaycanın gələcək müstəqilliyinə hazırlayıb. Müstəqillik illərində isə Azərbaycanda yenidən hakimiyyətə gəlməklə dövlət müstəqilliyimizin xilaskarına çevrilib, hərc-mərcliyə son qoymaqla ölkədə sabitlik yaradıb.

Diqqətə çatdırıb ki, görkəmli dövlət xadiminin təşəbbüsü ilə həyata keçirilmiş “Əsrin müqaviləsi” Azərbaycana iqtisadi müstəqillik gətirməklə bərabər, dövlətimizi Avropanın enerji bazarında əsas faktorlardan birinə çevirib, Azərbaycan özünə etibarlı tərəfdaşlar və dost ölkələr qazanıb.

Görkəmli dövlət xadiminin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis hazırlayaraq Azərbaycanın gələcəyini də düşünməsi olduğunu deyək AMEA rəhbəri dövlətimizin Prezident İlham Əliyevin liderliyində hər biri möhtəşəm olan 20 il keçirdiyini söyləyib. Qeyd edib ki, ötən müddət ərzində Prezident İlham Əliyevin liderliyində Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə qalxıb, Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP kimi nəhəng neft-qaz layihələri həyata keçirilib, hərbi, texniki, elmi, mədəni, təhsil və digər sahələrdə böyük uğurlar əldə olunub.

“Prezident İlham Əliyevin adı Azərbaycanın çoxəsrlik tarixinə Qalib Ali Baş Komandan kimi qızıl hərflərlə yazılıb. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə və 1 gündən də az çəkən antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub və bu, Azərbaycanın tarixində nadir hərbi-siyasi hadisədir və Prezident İlham Əliyevin adı ilə bağlıdır”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

Bu gün Azərbaycanın dünyada söz sahibi ölkələrdən birinə çevrildiyini və Prezident İlham Əliyevin adının dünya liderləri sırasında çəkildiyini bildirən akademik İsa Həbibbəyli alimlərimizin dövlət başçısının daxili və xarici siyasətini dəstəklədiklərini, hər zaman Ali Baş Komandanın yanında olduqlarını və dövlətimizin çiçəklənməsi naminə fəaliyyətlərini bundan sonra da davam etdirəcəklərini vurğulayıb.

Daha sonra AMEA-nın müşaviri akademik Möhsün Nağısoylunun “Müstəqil dövlətçilik təlimində Azərbaycan dili məsələləri: Heydər Əliyevdən – İlham Əliyevə”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Tehran Mustafayevin “Heydər Əliyevin ədəbiyyat təlimi və müasir dövr”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Azərbaycan incəsənətində Heydər Əliyevin bədii obrazı”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətlinin “Heydər Əliyevin siyasi irsində Azərbaycançılıq ideyası və müasir ideoloji proseslər” və AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri tarix elmləri doktoru Ədalət Qasımovun “Heydər Əliyev və Azərbaycan Respublikasında milli təhsilin inkişafı” mövzusunda məruzələri dinlənilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023