AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
AMEA-da “Tədqiq və Tətəbbö Cəmiyyəti: diyarşünaslıq araşdırmalarından fundamental elmi tədqiqatlaradək” mövzusunda konfrans keçirilib
Nov 30, 2023 | 15:10 Konfranslar, iclaslar

Noyabrın 30-da AMEA-nın Rəyasət Heyətində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş “Tədqiq və Tətəbbö Cəmiyyəti: diyarşünaslıq araşdırmalarından fundamental elmi tədqiqatlaradək” mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Gövhər Baxşəliyeva Azərbaycan elminin və mədəni-maarif işinin inkişafında böyük rol oynamış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş konfransın əhəmiyyətini qeyd edib.

Cəmiyyətin XX əsrdə Azərbaycan elminin təşəkkülündəki rolundan bəhs edən akademik Gövhər Baxşəliyeva bildirib ki, 1923-cü ilin noyabr ayında təsis edilmiş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti Azərbaycan elminin təşkilatlanmasında və dövrün ziyalılarının bir qurum altında toplanması istiqamətində ölkəmizdə yaranmış ilk ali elmi təşkilatıdır.

Diqqətə çatdırılıb ki, Cəmiyyətin ilk sədri Əbdürrəhim bəy Haqverdiyev, fəxri sədri isə Nəriman Nərimanov olub. Həmçinin dövrün tanınmış ictimai-siyasi xadimləri, elm adamları bu quruma üzv seçiliblər. Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti qısa müddət ərzində fəaliyyəti ilə öz dövrünü qabaqlayıb, bütün elm sahələri üzrə təşkilatlanaraq Azərbaycanı, onun dilini, tarixini, folklorunu, adət-ənənələrini, təbiətini, geologiyasını öyrənib. Qurumun üzvlərinin sayı artaraq 1927-ci ildə 1000 nəfərə çatıb.

1924-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin təşəbbüsü ilə Bakıda Azərbaycan Diyarşünaslarının I Qurultayının keçirildiyini söyləyən akademik Gövhər Baxşəliyeva həmin tədbirdə I Ümumittifaq Bakı Türkoloji Qurultayının təşkili kimi mühüm qərarların qəbul edildiyini bildirib.  

Alim vurğulayıb ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti sonrakı illərdə akademiyanın yaranması üçün zəmin formalaşdırıb və Azərbaycan elminin bugünkü səviyyəyə gəlib çatmasına öz töhfəsini verib.

Daha sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Dialektologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Güntəkin Binnətova “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində dialektoloji araşdırmalar” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi bildirib ki, 1924-cü il sentyabrın 21-də Bakıda keçirilən Azərbaycan Diyarşünaslarının I Qurultayının gündəliyində duran əsas məsələlərdən biri Azərbaycan dili ləhcələrinin öyrənilməsi və lüğətinin tərtib edilməsi olub. Azərbaycan dili şivələrini toplamaq və lüğət hazırlamaq məqsədilə Etnoqrafiya Komissiyanın tərkibində ayrıca Lüğət-dil bölməsi yaradılıb.

Onun sözlərinə görə, Cəmiyyətin göstərişi ilə 1924-cü ildə professor N.Aşmarinin “Azərbaycan türk şivələri lüğətini tərtib etmək üçün toplanacaq materiallar haqqında düsturüləməl və proqram”ı, 1926-cı ildə Şəki dialektinin fonetik xüsusiyyətlərindən bəhs edən “Nuxa şəhəri türk xalq şivələrinə bir nəzər” əsəri çap olunub.

“Bu dövrdə dialektologiya sahəsində mühüm xidmətləri olan alimlərdən biri də professor İdris Həsənovdur”, - deyə bildirən məruzəçi onun 1926-cı ildə “Gəncə şivələrində mənsubiyyət şəkilçisiz isimlərin hallanması” adlı kitabının nəşr olunduğunu diqqətə çatdırıb.

Güntəkin Binnətova vurğulayıb ki, ATTC-nin dialektologiya ilə bağlı fəaliyyətində professor Bəkir Çobanzadənin xidmətlərini də qeyd etmək lazımdır. Alimin Azərbaycan dilinin hər hansı bir şivəsi haqqında ayrıca monoqrafik tədqiqatı olmasa da, onun bu sahə ilə bağlı nəzəri görüşləri indi də aktuallığını saxlayır: “Bəkir Çobanzadənin dialektlərin coğrafi üsulla öyrənilməsi ilə bağlı fikirləri onun bu sahədəki fəaliyyətinin əsasını təşkil edir. Alimin gərgin əməyin nəticəsində respublikanın 22 bölgəsindən toplanılmış materiallar əsasında 1930-cu ildə “Azərbaycan türk xalq şivələri lüğəti”nin A hərfini əhatə edən birinci, 1931-ci ildə B hərflərini əhatə edən ikinci buraxılışı işıq üzü görüb”.

Qeyd edilib ki, əsası ATTC tərəfindən möhkəm bünövrə üzərində qurulan Azərbaycan dialektologiya elmi sonrakı illərdə akademik M.Şirəliyevin rəhbərliyi ilə özünün ən yüksək inkişaf mərhələsinə çatıb. Şivələrin həm monoqrafik, həm də coğrafi dilçilik üsulu ilə tədqiqi sahəsində xeyli işlər görülüb. 1990-cı ildə 409 yaşayış məntəqəsindən toplanmış materiallar əsasında 128 xəritədən ibarət “Azərbaycan dilinin dialektoloji atlası” çap olunub.

Tədbirdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, professor Asif Rüstəmlinin “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaranma tarixi və ilk təsisçiləri”, Folklor İnstitutunun direktor müavini, fil.ü.f.d., dos. Afaq Ramazanlının “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəaliyyətində azsaylı xalqların folkloru”, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, professor İkram Ağasiyevin “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Azərbaycanda tarix elminin inkişafında rolu”, Şərşünaslıq İnstitutunun direktor müavini, fil.ü.f.d., dos. Ruhəngiz Cümşüdlünün “Azərbaycan elminin inkişaf tarixində Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yeri və rolu” və Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəl.ü.f.d., dos. Faiq Ələkbərlinin “Azərbaycanda fəlsəfə tarixçiliyi: problemləri və həlli yolları” mövzusunda məruzələri dinlənilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023