Nov 23, 2023 | 14:50 Mühüm hadisələr
AMEA-nın Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə Folklorşünaslıq şöbəsinin müdiri, Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi, dosent Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” kitabının təqdimatı keçirilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirdə giriş sözü söyləyib. Akademik çıxışı zamanı tarixi Azərbaycan torpaqlarının bölüşdürülməsi məsələsinə diqqət yetirib, Prezident İlham Əliyevin Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaları üçün apardığı siyasətdən danışıb. Ölkə başçısının ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı müəyyənləşdirdiyi təməllər əsasında formalaşan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından, Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyətindən görülən mühüm işlərdən danışıb.
Bölmə sədri sentyabrda Azərbaycan Ordusunun uğurla yerinə yetirdiyi 24 saatlıq antiterror əməliyyatından söz açıb, aparılan uzaqgörən siyasət nəticəsində üçrəngli bayrağımızın Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə qürurla dalğalandığını bildirib.
Çıxışının sonunda İ.Hacıyev kitab haqqında fikirlərini bölüşüb, A.Cəfərovanın tədqiqatçı kimi səmərəli fəaliyyətini qeyd edib.
Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili və kitabın elmi redaktoru Əziz Ələkbərli mərasimdə çıxış edib. Natiq rəhbərlik etdiyi İcmanın strukturu, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində görülən işlər barədə ümumi məlumat verib. Qərbi Azərbaycanın mədəni irsinin öyrənilməsinin xüsusi önəm daşıdığını qeyd edən Ə.Ələkbərli söyləyib ki, folklorşünas A.Cəfərovanın yeni nəşr olunan kitabı məhz bu mərama xidmət edir. Kitab alimin həm Qərbi Azərbaycan İcmasının Ordubad rayonu üzrə nümayəndəsi, həm də tədqiqatçı kimi faydalı fəaliyyətinin göstəricisidir.
Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: tədqiqlər, xatirələr, faktlar” kitabı haqqında söz” adlı məruzəsi, Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun çıxışı dinlənib.
Sonda müəllif Aytən Cəfərova ürək sözlərini tədbir iştirakçıları ilə bölüşüb.
www.science.gov.az